Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır
Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır
Azərbaycan-Türkiyə, iki qardaş, dost ölkə. Bu qardaşlıq və dostluğun bugünkü zirvə mərhələsi soykök, dil, mənsubiyyət, din birliyindən qaynaqlansa da, onun indiki mərhələyə yüksəlməsində XX əsrin əvəllərindən başlayaraq intensiv inkişaf edən qarşılıqlı-faydalı əməkdaşlıq əsas rol oynamışdır. Belə ki, Türkiyənin Çanaqqala müharibəsindən başlayaraq bütün milli-azadlıq hərəkatı dövründə yüzlərlə Azərbaycan könüllülərinin döyüş cəbhələrində qəhrəmanlıq göstərməsi, Türkiyənin istiqlaliyyəti yolunda şəhidlik zirvəsinə yüksəlməsi Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin ibrətli, unudulmaz səhifələridir.
Eyni dostluq və qardaşlıq münasibətlərini öz növbəsində Türkiyə də Azərbaycana göstərmişdi. 1918-ci ildə Azərbaycan tarixinin ən ağır dövründə Bakının və işğala məruz qalmış digər torpaqlarımızın rus-erməni təcavüzündən azad edilməsi faktı Türkiyə-Azərbaycan birliyinin tarixi sənədidir.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlayan Vətən müharibəsi dövründə ölkələrimiz arasındakı əlaqələr bir daha tarixi sınağa çəkildi. Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin davam etdiyi günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstək inamımızı daha da gücləndirdi və qələbəmizin təmin olunmasında çox böyük qardaşlıq dəstəyi, mənəvi dəstək kimi əhəmiyyətli rol oynadı. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.
Biz bu dəstəyi qələbədən sonra Azadlıq meydanında keçirilən qələbə paradında da gördük. Əslində, Azərbaycan-Türkiyə qardaşlığının qələbəsi, nümayişi idi bu. Meydandan əzmlə, qürurla keçən Türk Silahlı Qüvvələrinin təmsilçilərinin Azərbaycan Ordusu ilə yanaşı addımlaması həm də bütün dünyaya mesaj idi. Atatürkün: “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” kəlamının nümayişi idi, həm də. Bəli, o gün türk əsgəri sevincimizi bölüşmək üçün burda, qələbə paradında idi.
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində də iki ölkə arasında faydalı birgə əməkdaşlığın perspektivləri öz əksini tapıb. Ümumiyyətlə, bəzi əlamətdar hadisələrin birgə qeyd olunması da ənənə halını alıb. Yaxşı ənənələri yaşatmaq özü də böyüklükdür. Bu ənənələr babalarımızdan miras qalmış qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində köməyə çatır.
Tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, quruculuq işlərində də biz Türkiyənin dəstəyini görürük. Bir sözlə, bu gün Azərbaycan-Türkiyə münasibətləri postmüharibə dövründə də yüksələn xətlə inkişaf edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də Azərbaycana növbəti səfəri və bu səfər çərçivəsində birgə bəyənatın verilməsi Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, tərəfdaşlığının, strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərinin növbəti təzahürüdür. Qardaş ölkənin başçısının Azərbaycana növbəti səfəri iki ölkə arasında sarsılmaz dostluğu bir daha dünyaya nümayiş etdirdi. Bu, həm də dünyaya daha bir mesajdır.
Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru
Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir.
Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din, ortaq folklor Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər.
Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra bu istiqamətdə mühüm addımlar atıldı. O, Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Türkiyəyə münasibətdə xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəfdaşıdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.”
Hazırda beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Turkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib. Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. O zaman orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər.
Vətən müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərdi. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Azərbaycan bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmayacaq. Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir.Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
İnanırıq ki, dərin kökləri olan və xoşbəxt gələcəyə hesablanmış Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə davam edəcək.
İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi
Şuşa Bəyannaməsi tarixi anlaşmadır.
Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 İyun – Milli Qurtuluş Günündə imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə bu yaxınlığın, birliyin, doğmalığın, dostluğun və qardaşlığın yeni – qızıl dövrü başladı. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur
Bu mühüm tarixi sənəd iki qardaş dövlətin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və qlobal rolunu, çəkisini daha da artıracaq. Şuşa Bəyannaməsi Türkiyə – Azərbaycan əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırdı. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının möhkəmləndirilməsində bütün imkanların birləşdirilməsinə, eləcə də, müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən bu bəyannamə iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin başçılığı altında yeni regional geosiyasi düzənin qurulmasının başlanğıcıdır.
Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaqdır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq.
Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi
Zəngəzur dəhlizinin açılması qaçılmazdır.
Vətən müharibəsində ölkəmizin şanlı Qələbəsi beynəlxalq nəqliyyat sisteminin də bütövlükdə yenidən formalaşdırılması reallığını yaratmışdır. Bu mənada Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin iqtisadi önəmi əvvəllər olduğu kimi, bu gün də aktualdır. Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var.
Bu yol açıldıqdan sonra Cənubi Qafqazın iqtisadi mənzərəsinin və geosiyasi konfiqurasiyanın dəyişməsi nəticəsində istər Avrasiyanın, istərsə də regionda marağı olan Qərb və ərəb ölkələrinin, həmçinin Çinin bu yol ilə əldə edəcəyi dividendlər Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərəcəkdir. İpək Yolunun bir hissəsi kimi Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında rəqabətin asanlaşdırılmasında əsas prioritet hesab olunur. Dəhlizin iqtisadi sahədə əhəmiyyətlərindən biri də yeni nəqliyyat yolunun keçdiyi hər bir qitə və ölkədə yerli inkişafı dəstəkləyən faktor olmasıdır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, Orta Dəhliz boyunca yeni nəqliyyat marşrutunun yaranması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu, yalnız regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün deyil, həm də ümumilikdə ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcək.
Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Cənab Prezident İlham Əliyevin cari ilin 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bəyanatında qeyd etdi ki, “Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”.
Xalide Polad – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi
“Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək.”
“Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir” bu sözləri cənab Prezident İlham Əliyevin cari ilin 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar verdiyi bəyanatında qeyd etmişdir.
Bəli Azərbaycan və Türkiyənin qardaşlıq münasibətləri tarixi köklərə dayanır. Ölkələrimiz arasında bir sıra sahələrdə anlaşma, qarşılıqlı əməkdaşlıq vardır. Bu sahələrin ən vaciblərindən biri ordu quruculuğu sahəsidir. Bu münasibətlərin rəsmiyyəti 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamədə əksini tapır. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi.
Çinarə Fərəcova – Zərdab şəhər 1 saylı məktəb-liseyin müəllimi