Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb
Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri 1993-cü ilin 3 oktyabr tarixidir. Bu əlamətdar gündə keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur. Həmin gün xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb.
Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Tarixə nəzər salsaq görərik ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü. Təsadüfi deyil ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. 1993-cü ilin iyununda baş verən hadisələr Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən silməyə hesablanmışdı. Həmin dövrdə ölkə hakimiyyətində olan insanların səriştəsizliyi, bəzilərinin isə aşkar xəyanətkar mövqe tutması, şəxsi ambisiyalarını irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Xalqın ən çətin günündə Ulu Öndər Heydər Əliyev Bakıya gəldi. Bu, xalqın təkidli tələbi idi. Ulu Öndərin Bakıya qayıdışı Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu Öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Gülbəniz Əhmədova
Milli qürur mənbəyi.
Bu gün fəxarətlə söyləmək olar ki, dünya dövlətlərinə sürətlə inteqrasiya olunan müstəqil Azərbaycan dövləti, onun zəngin mədəni irsi, sivil intellektual potensiala malik xalqımızın çağdaş milli tarixinin son bir qərinəsi Heydər Əliyevin milli mənafeyi hər şeydən uca tutan, vətən və millət sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlı olmuşdur.
Xalqımızı tarixin amansız keşməkeşlərindən uğurla keçirib yaşatmış, inkişafa istiqamətləndirmiş, daim onun öz taleyinin hakimi olmasına çalışmış Ulu Öndərin on illərlə apardığı mükəmməl islahatlar, dövlət quruculuğu prosesinin bütün vacib məqamlarını və elementlərini özündə ehtiva edən idarəetmə sistemini yaratması, ölkəni gələcək uğurlara aparan irimiqyaslı enerji layihələrinin əsasını qoyması və onun gerçəklənməsi üçün əzm, qətiyyət göstərməsi son nəticədə iqtisadi müstəqilliyimizin və iqtisadi təhlükəsizliyimizin maddi maliyyə bazasının genişlənməsi ilə nəticələndi ki, bu da güclü iqtisadiyyatın, möhkəm sosial infrastrukturun permonentliyini təmin edərək Azərbaycan uğrunda aparılan cahanşümül işlərin ana xətti sayıla bilər. Məhz bu siyasətin nəticəsidir ki, müasir Azərbaycan dünyada öz layiqli yerini tutaraq möhkəmlənməkdə və getdikcə regionun böyük perspektivləri olan bir dövlətə çevrilməkdədir.
Ulu Öndərimiz tufanlı və bəzən ağrı-acılı, siyasi və sosial-iqtisadı təbəddulatlardan çıxararaq sıx birliyə, iqtisadi yüksəlişə nail oldu, hüququ dövlətin və demokratik cəmiyyətin bünövrəsini qoydu, təbii sərvətləri zəngin, lakin infrastrukturu olmayan, milli intellektual potensialı dağınıq bir ölkədə möhkəm özül yaratdı, iqtisadi, elmi-texniki, mədəni resurslarımızı səfərbər edib uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirdi, daxili dəyişikliyi uğurla başa çatdıraraq ölkəni dinamik inkişaf yoluna çıxardı.İstisnasız olaraq son 50 ildə xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı yüksəliş məhz onun adı ilə bağlıdır.
Müstəqil dövlətçiliyin qorunub saxlanılmasını, vətəndaş birliyinin yaradılmasının milli-mənəvi və konseptual əsaslarını da məhz dahi Şəxsiyyət Heydər Əliyev müəyyənləşdirdi, ən başlıcası isə müstəqil dövləti vətəndaşların xidmətinə təqdim etməyin əsl nümunəsini göstərdi.
Bu illər ərzində o öz şəxsi həyatını yaşamadı,bütün həyatını xalqa fəda etdi.Azərbaycan adlı bir dövlətin bayrağını ucalara qaldıraraq, onun dönməzliyini təmin etdi.
Ulu Öndər özünə xas siyasi duyumu ilə zamanın tələbini hamıdan daha çox hiss etdiyi və bunu lazımınca qiymətləndirməyi bacardığı üçün öz xalqını tarixin acı,sərt taleyüklü sınaq məqamlarından uğurla çıxara bilmişdir. Məhz ölkənin gələcək inkişaf modelini yaratmaq Ulu Öndərin siyasi reallıqları,problemləri dərindən bilmək ,onun istiqamətlərini, inkişaf yollarını düzgün göstərmək, bu gün və gələcək üçün vəziyyəti proqnozlaşdırmaq bacarığı sayəsində mümkün oldu.
Cəsarətlə demək olar ki, bugünkü sosial-iqtisadi, elmi, mədəni həyatımızdakı bütün yeniliklərin ideoloqu, təşkilatçısı, ilhamvericisi və qurucusu böyük Öndər Heydər Əliyev olmuşdur.
Bütün ömrünü, həyatını canından artıq sevdiyi xalqına,vətəninə həsr etməkdən rahatlıq tapan və zövq alan insanlar üçün bundan ülvi istək,müqəddəs amal yoxdur. Böyük yaradan da belə insanları yalnız bu amala, istəyə xidmət etməyə məhkum edir. Sovet dövlətinin ictimai xadimi Baybakovun fikirləri unikallığı ilə son dərəcə diqqəti cəlb edəndir. O deyirdi: “Mənim azərbaycanlıların öz vətənlərinə bağlılığına zərrə qədər şübhəm yoxdur. Lakin mən Heydər Əliyev qədər vətənini və millətini sevən ikinci azərbaycanlı təsəvvür etmirəm”.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə
Ulu Öndər Heydər Əliyevin mübariz fəaliyyəti.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin tarixdə çox önəmli uğurları və nailiyyətləri olmuşdur. Heç şübhəsiz ki, Ulu Öndərin ən böyük uğurlarından biri məhz ölkəmizin ən çətin dövrlərində xalqı bəladan qurtarması, xaosun və parçalanmanın qarşısını almasıdır. Azərbaycan xalqı da öz liderini sevib və yaddaşlarda layiqli şəkildə bu günə kimi qoruyub saxlamışdır. Tarixə nəzər salsaq xalqımızın Heydər Əliyev şəxsiyyətinin olan sevgisinə səbəb ola biləcək bir çox misallar çəkmək, mühüm hadisələri xatırlatmaq olar. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı üçün, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürürdü. Vəziyyətin günü-gündən daha gərginləşməsi ilə ölkənin o dövrdəki rəhbərliyi də Dahi siyasətçini Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri seçildiyi ilk gündən etibarən ənənələrinə sadiq qalaraq idarəçilikdə aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilməyə başlanıldı. Beləcə ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Qısacası parlamentarizm ənənələri qorunub yaşadıldı. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əlirza oğlu Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu isə bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Ulu Öndərin həmçinin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrlərdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada, eləcə də müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi. Bütün bunlar Ulu Öndərin hakimiyyətə qayıdışından sonra baş verən mühüm proseslərin ancaq bir hissəsidir deyə bilərik. Unudulmaz liderimiz haqqında bunu fəxrlə deyə bilərik ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Dahi Lider bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etdi. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir.
15 iyun 1993-cü ilin müasir Azərbaycan dövlətinin tarixində xüsusi yeri vardır. Hər il xalqımız 15 İyun-Milli Qurtuluş Gününü əziz bayram kimi qeyd edir. Bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar göstərən Ulu Öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdaraq ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf etmiş, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarmış, minilliklərin tarixini yekunlaşdırıb, Azərbaycan xalqının salnaməsini öz dəst – xətti ilə tamamlayaraq, dünya dövlətləri cərgəsində özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ vermişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinə sərf etdiyi 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsi, Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.
Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr gərginliyi, strateji baxımdan əhəmiyyəti ilə əvvəlki dövrlərin bir neçə onilliyinə bərabər idi. Doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Ulu Öndər Heydər Əliyev ilk əvvəl Bakıya, sonra isə Naxçıvana gələrək Qurtuluş mübarizəsini davam etdirmişdir.
Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr nə Azərbaycan dövlətçiliyini, nə də onun ayrılmaz parçası olan Naxçıvanı qorumaq iqtidarında idilər. Ulu Öndərin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda əlamətdar dövrudür. Bu dövrdə Heydər Əliyev Naxçıvandakı sovet qoşunlarının arsenalının bütünlükdə muxtar respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin etdi, Naxçıvanda Azərbaycan ordusunun güclü birləşmələri formalaşdı və ermənilərin hücumlarına qətiyyətlə cavab verildi. Ulu Öndərin təşəbbüsü ilə Ali Məclis muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərarlar qəbul etdi, 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi tarixə yazdı, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradıldı.
Müstəqilliyimizin əbədiliyinin təmin olunmasının, milli dövlətçiliyimizin qurulmasının təməli 1993- cü ilin iyunundan başlayır. Həmin tarix – 15 İyun – Milli Qurtuluş Günü müstəqillik tariximizin əbədiləşən günüdür. Ölkə daxili siyasi böhrandan qurtuldu. Belə ki, Ümummilli Liderin dövlətçilik təcrübəsi, düzgün seçim strategiyası və bunun fonunda atdığı zəruri addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslər mərhələli şəkildə aradan qaldırıldı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də prezidentin səlahiyyətlərini həyata keçirməyə başlayan Ulu Öndər oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı, Azərbaycanı, dövlətçiliyi, müstəqilliyi, milli ideologiyanı daxili və xarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, uzaqgörənliyi ilə qurtardı, konkret olaraq, kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, son damla qanına qədər onunla mübarizə aparacağını qətiyyətlə bəyan etdi. O, xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, ölkəni separatçılıqdan və real parçalanma təhlükəsindən, xalq təsərrüfatını dağılmaqdan xilas etdi.
Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayev
Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb.
Dünya təcrübəsinin tarixi göstərir ki, bir xalqın yaşadığı hər hansı nəzərəçarpacaq inkişafın dinamikası, onun mövcudluğuna təhlükə yaradan əvvəlki çağırışların nəticəsidir. Tarixin belə dönüş nöqtələrində, bu cavabın əsas konfiquratoru kimi çıxış edən unikal siyasi xadimlər meydana çıxır. Azərbaycan xalqının taleyində də, onun gələcək həyatını müəyyən edən mühüm prinsiplərin əsaslarının qoyulduğu əlamətdar günlər də var. Təbii ki, belə bir tarixi və taleyüklü prosesdə şəxsiyyətin rolu çox böyükdür. Düz 30 il əvvəl hakimiyyətə qayıdıb, Azərbaycan xalqını, dövlətini, millətini parçalanmaqdan xilas edən, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev bu nadir şəxsiyyətdir.
Dövlətin formalaşma tarixində şəxsiyyətin rolundan danışarkən, ilk növbədə inkişafın kökünü və bütövlükdə çoxşaxəliliyini nəzərə almaq mütləqdir. Məhz Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə, Sovet dövründə Azərbaycana rəhbərliyinə gəlişindən sonra, əvvəllər Sovet imperiyasının quberniya-xammalı olan respublikanın, dərin müasirləşməsi prosesi başlandı. Ali Sovet rəhbərliyində çalışan Dahi rəhbər, sönməkdə olan və dəyişikliklər tələb edən SSRİ-də islahatların bəlkə də ən fəal tərəfdarı idi. 1980-ci illərdə məlum hadisələr, düşünülməmiş addımlar və yeni sovet rəhbərliyinin islahatları, ölkənin dağılmasını əvvəlcədən müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin 1987-ci ildə Kremldən getməsi gözlənilən çöküşün xəbərçisi oldu.
1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılmasından sonra, Azərbaycan süqut və vətəndaş müharibəsi astanasında idi. Respublikada hakimiyyət böhranının həddindən artıq kəskinləşməsi nəticəsində, vətəndaş müharibəsi və ölkənin parçalanması real təhlükəsi yaranmışdır. Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzü geniş vüsət aldı. İqtisadiyyatda, siyasətdə və digər sahələrdə böhran ciddi sınaq oldu. Belə çətin bir zamanda, o vaxt hakimiyyətdə olan rəhbərliyin təcrübəsizliyi və peşəkarlığının olmaması ucbatından, ölkə idarəolunmaz vəziyyətə düşdü. AXCP-Müsavat tandeminin fəaliyyəti, ölkənin bütün sahələrdə, xüsusən də siyasi-ictimai sahədə iflic vəziyyətinə düşməsinə səbəb oldu.
1993-cü ilin yayında Azərbaycan xalqının təkidli tələbi ilə, Ulu öndər Heydər Əliyev Bakıya qayıtdı və iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Xalq Ümummilli lider Heydər Əliyevin qayıdışını ümid və sevinclə qarşıladı və bu gün müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü il iyunun 24-də ölkə parlamentinin qərarına əsasən, Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər Heydər Əliyev siyasi lider olaraq, dəyişikliklərin tarixi zərurətini dərk etməyi və bu dəyişiklikləri günün tələblərinə uyğun həyata keçirməyi bacaran şəxs idi. Ulu Öndər ilk gündən etibarən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdir. Ümummilli Liderin xidməti təkcə hakimiyyətə gələrək Azərbaycanda daxili siyasi sabitliyə nail olması deyil, həm də ölkənin iqtisadi müstəqilliyinin əsasını qoymasıdır. İstehsalın bərpası, maliyyə vəziyyətinin yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi üçün antiböhran proqramı hazırlandı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın işıqlı gələcəyi üçün, mühüm əhəmiyyət kəsb edən, ölkənin inkişafının strateji istiqamətlərini müəyyən etdi. Ulu Öndərin dünya miqyaslı siyasi lider kimi istedadı, inkişaf yollarını aydın görməkdə, qarşıya qoyulan məqsədlərə ardıcıl nail olmaqda özünü aydın şəkildə büruzə verirdi. O, Azərbaycanın modernləşdirilməsinin inkişafı üzrə milli strategiyanın əsaslarını qoydu.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
Ulu Öndər Heydər Əliyevin mübariz fəaliyyəti.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırıb. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək. Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, hər zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi.
Ulu Öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq idi: Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Xalq Onu sevir, parlaq zəkasını qiymətləndirir və öz liderinə, Onun yeritdiyi siyasi kursa inanaraq ardınca gedirdi.
Azərbaycanın qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, əslində, çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olub. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Ulu öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb.
Müasir müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi də məhz Ümummilli liderimizdir. Heydər Əliyev siyasi kursu hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə
Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi.
1993-cü ilin may-iyun aylarında Azərbaycanda vətəndaş müharibəsi, xaos hökm sürürdü. Bu da heç şübhəsiz ki, müstəqilliyin itirilməsi təhlükəsini yaratmışdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi də onu Bakıya dəvət etməyə məcbur oldu. Beləliklə, 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bununla da ədalətin və milli iradənin təntənəsi olaraq bütün hadisələr dövlətin nəzarəti altına götürüldü, xalqın iradəsinə tabe edildi.
Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi: “Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmişdi: Ümummilli Lider hakimiyyətə gəlişinin ilk illərindən etibarən ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Bütün bu uğurların da səbəbi ondan ibarətdir ki, bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət edib, xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməyib.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov