Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir
Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir
İyulun 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında “Şuşa rəsmi olaraq Azərbaycanın Mədəniyyət Paytaxtıdır və bizim qələbəmizin rəmzidir. Şuşa, eyni zamanda, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı”, – deyə bildirib.
Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tariximədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Səidə Tağıyeva
Bu gün Azərbaycan mediası çox böyük işlər görür
Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan vermişdir. Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.
Vətən müharibəsi zamanı KİV nümayəndələri cəbhə bölgəsində aktiv iştirak ediblər. Ümumən Vətən müharibəsinin informasiya cəbhəsinin qurulmasında jurnalistika fəal rol oynadı. Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında , Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük rol oynayıb. Onlar ermənilərin informasiya təxribatları ilə bağlı beynəlxalq media ictimaiyyətini ətraflı məlumatlandırdılar. Bütün bunlar qələbənin qazanılmasında mühüm rol oynadı.
Zərdab rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru -Nailə Əliyeva
Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşada keçirilən Qlobal Media Forumu ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Dövlətimizin başçısı cənab İlham Əliyevin Forumdakı çıxışı və tədbir iştirakçılarının suallarına cavabı hazırkı dövrün çağırışlarının yüksək səviyyədə çavablandırılması istiqamətində yol xəritəsi oldu. Ölkə başçımız həm Azərbaycanın, həm də regionun gələcəyi ilə bağlı fikirlərini açıqladı. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Şuşa Qlobal Media Forumu dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin təqdimatında öz sözünü dedi.
Prezident qeyd edib ki, Türkiyə Prezidenti, qardaşı Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğu təkcə regionda deyil, dünyada məlum bir faktdır: “Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur”.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsinin imzalanmasında gördük. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bəyannamə qarşımızda yeni üfüqlər açır. Bu gün Türkiyə qlobal liderlərdəndir. Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir.
Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktor əvəzi-Rəşad İsmayılov
Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir
Şuşa şəhəri erməni işğalından azad olunduqdan sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edib. İndi isə qədim mədəniyyət paytaxtımızda “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilir. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə reallaşan bu beynəlxalq tədbirdə bir sıra önəmli məsələlər, o cümlədən ölkəmizin iqtisadi uğurları bir daha dünyaya bəyan edilir.
Prezident cənab İlham Əliyev forumda Transxəzər Qaz Boru Kəməri ilə bağlı fikir bildirərkən, bu infrastrukturun Azərbaycan tərəfindən irəli sürülən bir layihə olmadığını deyib və əlavə edib ki, ölkəmizin müəllifliyi ilə tanınan təşəbbüslər, əsasən, respublikamızın resurslarına əsaslanır. Məsələn, Cənub Qaz Dəhlizi layihəsi bunun bariz ifadəsidir: “Biz o layihənin təşəbbüskarıyıq, əsas səhmdarlarından biriyik və əslində, biz o layihənin bütün dövlətlərarası, hökumətlərarası sazişlərinin də əlaqələndiricisi kimi çıxış edirik. Bildiyiniz kimi, bu layihə müvəffəqiyyətlə icra olunmuşdur və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir və Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırı.
Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı və əsas səhmdarlarından biri olan Azərbaycanın bu sahədəki səmərəli fəaliyyəti dövlətimizin başçısının Şuşa Qlobal Media Forumunda vurğuladığı kimi, Avropa İttifaqının enerji komissarı tərəfindən də yüksək dəyərləndirilib və respublikamız Avropanın qaz tədarükçüsü adlandırılıb. Forumda, eyni zamanda, Avropaya qaz tədarükümüzün coğrafiyasının getdikcə genişləndiyi və ilin sonuna qədər əlavə iki Avropa ölkəsinin də Azərbaycan qazının alıcısına çevriləcəyi xatırladılıb.
Bununla da bir az əvvəl adıçəkilən Transxəzər layihəsi barədə indiyədək deyilənlərə ölkə rəhbəri konkret münasibət bildirib: “Xəzər dənizinin Şərq sahillərindən əlavə qaz ehtiyatlarına gəldikdə, bunun üçün Transxəzər sualtı qaz boru kəməri inşa edilməlidir və ikincisi, Bakıdan Avropa istiqamətində Cənub Qaz Dəhlizi kimi yeni infrastruktur lazımdır. Sual yaranır ki, bu mühüm layihəni kim maliyyələşdirəcək? Bu sualın hələlik cavabı yoxdur. Bu suala cavab tapana qədər layihənin icrası və yaxud da bu məsələ haqqında düşünmək bir o qədər real olmayacaq. Eyni zamanda, biz bilirik ki, Avropa bankları mədən yanacağı ilə əlaqədar layihələri maliyyələşdirmir. Odur ki, bu layihə üçün ciddi vəsait cəlb etmək çətin olacaq. Məsələn, Cənub Qaz Dəhlizini inşa edəndə biz korporativ maliyyə ilə bərabər, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankından, Avropa İnvestisiya Bankından, həmçinin Asiya İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından vəsait cəlb etmişdik. Lakin indi isə bunlardan ikisi – Avropa institutları mədən yanacağı ilə əlaqədar layihələri hazırda maliyyələşdirmir. Onlar “yaşıl keçid” layihələrini maliyyələşdirirlər. Bu da sözsüz ki, vəziyyəti daha çətinləşdirir…”
Vahid Oqtay oğlu Xəlilov Zərdab RİHB-nın Qoruqbağı kənd İƏD nümayəndəliyinin müavini
Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı çoxkonfessiyalı diyar kimi tanınmışdır. Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Bu, bizim böyük sərvətimizdir. Bu gün Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnəkdir. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir.
Otuz ilə yaxın işğal müddətində erməni vandalları tarixi Azərbaycan torpaqlarında mədəni irsi məhv etmək üçün əllərindən gələni əsirgəmədilər. Dağlıq Qarabağda, Şərqi Zəngəzurda qədim mədəniyyət abidələrini uçurub-dağıtdılar. Vətən müharibəsindən sonra həmin bölgələrdə Azərbaycan dövlətinin qərarı ilə genişmiqyaslı və sürətlə bərpa, tikini-quruculuq işlərinə start verildi.
Cənab Prezident İlham Əliyev ermənilərin Azərbaycanda yaşamasına münasibət bildirərək diqqətə çatdırmışdır ki, ölkəmizdə müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində bir ailə kimi yaşaya bilərlər. Eyni zamanda da ermənilərin Azərbaycanda yaşamasına dair heç bir problem yoxdur. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir.Bu missiyanı Azərbaycan həm bugünkü siyasətinə, həm də tarixi keçmişinə görə öz üzərinə götürə bilər. Çünki etnik və dini mənsubiyyətə əsaslanan güc siyasəti bəşər tarixinin müasir inkişafında tənəzzül rolu oynayır, bir növ qlobal gərginlik oxuna çevrilərək təcavüz, qorxu, müharibələr və münaqişələr doğurur. Bu fonda sülh və əməkdaşlıq şəraitində yaşamaq məharəti dövlətlərin və xalqların özlərini qoruyub saxlamaq və qarşılıqlı fəaliyyət istəyi paradiqmasına əsaslanan baxışları nəzərdə tutur. Bu məqsədə qarşıdurma prinsiplərindənsə, qarşılıqlı fəaliyyət prinsipləri daha səmərəlidir. Xalqımız da ta qədimdən genişürəkli və humanist olması ilə səciyyələnir.
İbrahim Neman oğlu Nemanoğlu Zərdab RİHB-nın Qoruqbağı kənd İƏD nümayəndəliyinin baş mühasib, baş məsləhətçisi
Ölkəmiz ciddi səylər göstərir, tədbirlər həyata keçirir ki, minalardan azad olaq
Şuşa şəhərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forumda iştirak etdi.
Forumda çıxışında ölkə başçımız İkinci Qarabağ müharibəsinin gedişində xalqa müraciətində qürurla dediyi fikirlərin davamı kimi dediyi fikir forumun manifesti kimi səsləndi: Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir.
Ölkə başçısı ölkə daxilində təhlükə olmadığını, ölkədə sabitliyin mövcudluğunu, cəmiyyətdə həmrəyliyin səviyyəsinin heç vaxt olmadığı qədər yüksək olduğunu, Azərbaycan iqtisadiyyatının özünü təmin etdiyini də bildirdi. Bunlar ölkənin iqtisadi inkişafını şərtləndirən amillərdəndir. İkinci Qarabağ müharibəsində məğlub olan işğalçı Ermənistan üçtərəfli bəyanatın tələblərini yerinə yetirmir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forum iştirakçılarına bildirdi ki, “Biz unutmamalıyıq ki, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə İkinci Qarabağ müharibəsi bitən kimi müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq”.
İkinci Qarabağ müharibəsi indi də dünyanın diqqət mərkəzindədir. Təkcə Şuşanın işğaldan azad edilməsi ilə bağlı yazılanlar, deyilənlər Azərbaycan Ordusunun gücünə, qüdrətinə ehtiramın ifadəsidir. Bu qələbə dünyanın əksər dövlətləərinin hərbi ekspetlərinin təklifləri ilə qurumlar tərəfindən öyrəilməkdədir. O döyüşlər azərbaycançılıqla erməniliyin döyüşləri idi. Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Ölkəmiz ciddi səylər göstərir, tədbirlər həyata keçirir ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Yerli şirkətlərdən biri artıq Azərbaycanda onları istehsal etməyə başlayıb. Özəl şirkətləri dəvət etmişik və bu istiqamətdə bir neçə özəl şirkət yaradılıbdır, onlar da bu prosesə qoşulublar. ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər. Bizdə olan hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Ermənilərin isə bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Bizim yerli şirkətlərimiz və ANAMA minatəmizləmə fəaliyyətini beynəlxalq şirkətlərlə müqayisədə 8 və ya 10 dəfə ucuz həyata keçirir”
Neman Qulam oğlu Yediyarov Azərbaycan QMƏVŞA ictimai birliyinin Zərdab rayon şöbəsinin Sədri