21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İş adamlarının Prezidentə müraciəti

İş adamlarının Prezidentə müraciəti

DogruXeber.az” xəbər verir ki, ölkə daxilində fəaliyyət göstərən bir qrup iş adamları “DogruXeber.az” informasiya agentliyi vasitəsilə ölkə prezidenti Cənab İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Hörmətli prezident!

Biz hər zaman sizin siyasətinizi dəstəkləyir, dövlətimizə əlimizdən gəldiyi qədər dəstək oluruq.
Elə bunun nümunəsidir ki, Zakir Fərəcov Sumqayıt şəhərinin abadlaşdırılması üçün bizə müraciət etdiyində dərhal razılaşdıq və birləşərək, hətta lazım olan vaxtdan əvvəl bizdən xahiş edilən bütün işləri bitirib təhvil verdik.
Xatırlayırsınızsa, hətta siz özünüz Sumqayıt bulvarının açılışında bildirdiniz ki, “bu qədər işin belə qısa zamanda bu cür keyfiyyətli şəkildə başa çatdırılıb təhvil verilməsi möcüzədir”.

Diqqətinizə çatdırmaq istəyirik ki, o, möcüzəni biz 640 nəfər iş adamı bütün güclərimizi birləşdirərək, qısa zamanda yaratdıq.

Lakin, təəssüflə bildiririk ki, artıq 6 ildir ki, biz gördüyümüz işlər üçün xərclədiyimiz maddi vəsaiti Zakir Fərəcovdan geri ala bilmirik.

Bildiyimiz qədərilə, siz bu işlərin görülməsi üçün dövlət büdcəsindən vəsait ayrılması üçün göstəriş vermişdiniz. Lakin, sizin etimad göstərib Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin etdiyiniz Zakir Fərəcov hətta sizin adınızdan belə yalan danışmaqdan çəkinmir.
O, bizi aldatdı ki, “bu işlərin görülməsi üçün dövlət vəsait ayırmayıb, Mən öz vəsaitim hesabına etməliyəm”.

Buna görə də biz sizə və dövlətimizə olan hörmət və ehtiramımızın göstəricisi olaraq, hər birimiz öz imzamızla xərclədiyimiz vəsaitin 30 %-ni notarial qaydada bağışladıq. Lakin, geri qalan 2.900.000 (iki milyon, doqquz yüz min)dən çox hissəsini bugünə qədər də geri ala bilmirik.

Pulumuzu geri verməmək üçün Zakir Fərəcov gah bizə hədə-qorxu gəlir, gah bir neçə sutkalıq həbsə saldırır, gah da ümumiyyətlə müraciətlərimizi ciddiyə almır.

Bir sözlə sizin onu təyin etmiş olduğunuz vəzifə səlahiyyətlərindən istifadə edərək, “burda mənəm, Bağdadda kor xəlifə” məsəlinin prinsiplərini icra edir.

Zakir Fərəcovun bizə milyonlarla manat maddi ziyan vurduğu üçün bizim özümüzün də tikinti materialları mağazaları ilə aramızda borc yaranıb və onlar da haqlı olaraq, bizdən borclarını geri tələb edirlər.

Halbuki, bütün bu işlərin görülməsi üçün Zakir Fərəcov o zamanlar tender də keçirmişdi və tenderin bugünə qədər də kimliyi bəlli olmayan qalibinə külli miqdarda vəsait ayırmışdır.
Hər halda əldə etdiyimiz bir müqavilədə bu məlumatlar öz əksini tapıb.
Bizim gördüyümüz bütün işlər belə güya tenderin qalibi olan o şəxsin adına qeyd olunub ki, bu da onun sizin etibarınızdan və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktıdır.

Biz bütün bunlar barəsində əvvəllər də dəfələrlə sizə yazılı şəkildə müraciətlər göndərmişdik. Lakin, onun yaxın adamı olan Ramiz Mehdiyev vəzifədə olduğu zamanlarda həmin məktubların sizə çatmasına imkan vermirdi.

Odur ki, Zakir Fərəcovun indi də hər yerdə adamı olduğu ilə öyünməsi bizi vadar etdi ki, sizə hər zaman dostunuz olduğunu vurğuladığınız mətbuat vasitəsilə müraciət ünvanlayaq.

Hörmətli prezidentimiz!
Mətbuat vasitəsilə sizdən xahiş edirik ki, bizim Sumqayıt şəhərinin abadlaşdırılması üçün xərclədiyimiz pul vəsaitinin dövlətimizə bağışlamış olduğumuz 30 %-dən geri qalan 3 milyona yaxın hissəsini özümüzə geri ödənilməsi üçün müvafiq göstəriş verəsiniz.

Hörmətlə: Iş adamları

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın