22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Deputat: “Xocalı soyqırımını törətmiş dövlətin birinci xanımının Ukraynada humanizmdən danışması gülüncdür”

Deputat: “Xocalı soyqırımını törətmiş dövlətin birinci xanımının Ukraynada humanizmdən danışması gülüncdür”

Kiyevdə keçirilən Birinci ledilər və centlmenlərin Üçüncü sammitinə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın dəvət edilməsi Azərbaycan ictimai rəyində birmənalı qarşılanmayıb. Məlumdur ki, tədbirə dəvətlilərin siyahısının tərtib edilməsi adətən Ukrayna prezidenti və onun xanımının razılığı ilə həyata keçirilir. A.Akopyanın dəvət edilməsi azmış kimi Prezident Volodimir Zelenski ilə görüşməsi, onun çıxışında Azərbaycanın ünvanına təxribat xarakterli fikirlərin yer alması cəmiyyətimiz tərəfindən mənfi qarşılanır. Rusiya ilə müharibənin ən ağır anlarında Azərbaycan dövlətinin Ukraynaya göndərdiyi humanitar və texniki yardım tək hökumət deyil, həm də cəmiyyətin, sıravi vətəndaşların ukraynalıların probleminə reaksiyası idi. Qarşı tərəfdən adekvat münasibətin sərgilənməməsi ictimai rəydə və sıravi insanlarda obyektiv suallara yol açır.

Milli Məclisin deputatı Elnur Allahverdiyev Oxu.Az-a bildirib ki, hər bir dövlət atdığı addımda müstəqildir, əsas odur bu onun milli maraqlarına cavab versin:

“Akopyanın Kiyevdəki provokasiyalı çıxışı Ukrayna xalqının maraqları ilə nə qədər uzlaşır, bunu demək çətindir. Tək bir faktı qeyd edim. Paşinyan hökumətin iclaslarından birində deyirdi ki, bu gün Rusiyanın Ukrayna cəbhəsində məğlub olması Ermənistan üçün faciəvi fəsadlara səbəb ola bilər. Bu bəyanatın mənası budur ki, Ermənistan hökuməti Rusiyanın Ukrayna ilə müharibədə uduzmasını istəmir. Kiyevdəki sammitdə çıxış edən Anna Akopyan həmin Paşinyanın həyat yoldaşıdır”.

 

Millət vəkilinin sözlərinə görə, Kiyevdəki sammitin əsas missiyası dünya ictimaiyyətinin diqqətini Ukraynanın yaşadığı humanitar böhran və problemlərə yönəltməkdir.

“Ancaq humanitar problemlərdən danışırıqsa, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərində sıravi vətəndaşları uzaqmənzilli raketlərlə bombardman edib, uşaqlarımızı öldürən dövlətin birinci ledisinin dünyadan kömək uman Ukraynadakı tədbirdə iştirakı təəssüf və təəccüb doğurur”, – deyə Milli Məclisin deputatı vurğulayıb.

E.Allahverdiyevin fikrincə, Paşinyan hökuməti müharibədə nəinki Ukraynanın qələbə çalmasını istəmədiyini bəyan edir, həm də bu istiqamətdə real siyasət yürüdür:

“2022-ci ilin statistikasına görə, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 4 milyard 100 milyon dollar təşkil edib. Bu, indiyədək müşahidə olunan ən böyük göstərici və ənənəvi rəqəmlərdən qat-qat yüksək dövriyyədir. Sual olunur, Ermənistan son bir ildə nə istehsal edib ki, Rusiyaya ixrac göstəricisi bu qədər artıb? Qərb mediasında bir neçə dəfə Ermənistanın qadağan edilmiş və sanksiya altında olan məhsulların Rusiyaya çatdırılmasında tranzit ölkə rolu oynadığına dair materiallar işıq üzü görüb. Ümid etmək olardı ki, Ukrayna hökuməti bu reallıq barədə məlumatlıdır. Ancaq Akopyanın Kiyevdəki çıxışı bu ümidləri təəssüf ki, puç edir”.

Millət vəkilinin qənaətinə görə, A.Akopyanın Ukrayna rəsmilərinin müşayiəti ilə Buça şəhərinə səfər etməsi, ümumiyyətlə, humanizm anlayışına tərs şillədir.

“Buçada nələrin baş verdiyini bütün dünya bilir. Bu baxımdan, Xocalı soyqırımını törətmiş bir dövlətin birinci xanımının Ukraynada humanizmdən danışması gülüncdür və rəsmi Kiyevin yol verdiyi böyük yanlışlıqdır”, – deyə E.Allahverdiyev bildirib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın