Qalib xalqın Qalib Prezidenti
Qalib xalqın Qalib Prezidenti.
Müasir dövrün dünya liderləri arasında özünəməxsus mövqeyi olan İlham Əliyevin siyasi, iqtisadi, diplomatik, qlobal və digər sahələri əhatə edən genişmiqyaslı nailiyyətləri və Azərbaycan adına bağlı fundamental uğurları barədə çox danışmaq olar. Lakin 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə öz tarixi əhəmiyyətinə və siyasi çəkisinə görə bütün digər nailiyyətlərdən ciddi şəkildə fərqlənir. Xain və azğınlaşmış düşmənin növbəti təxribatına İlham Əliyevin Ali Baş Komandanlığı altında layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələri əsl rəşadət nümayiş etdirdi. Birmənalı olaraq, məhz Prezidentin güclü siyasi iradəsi, böyük uzaqgörənliyi, tükənməz qətiyyəti və yüksək sərkərdəlik məharəti sayəsində Vətən müharibəsində qalib gəldik. Müasir tariximizin şanlı səhifələrini yazan dövlətimizin başçısı xalqımızın 30 illik həsrətinə son qoydu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və özgə torpaqlarına göz dikən düşmənə layiq olduğu zərbəni endirdi. Bununla da, tarixi zəfərin memarı olan İlham Əliyev öz adını Azərbaycan tarixinə və qədirbilən xalqımızın yaddaşına Qalib Xalqın Qalib Lideri olaraq əbədi yazdı. Bakının Azadlıq meydanında keçirilən və Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı Azərbaycan xalqının qüdrətini, Azərbaycan Silahlı Qüvvələrinin gücünü, Azərbaycan-Türkiyə qardaşlığının dönməzliyini və İlham Əliyev şəxsiyyətinin böyüklüyünü bütün dünyaya bir daha nümayiş etdirdi. Şuşanın düşmən işğalından azad olunduğu 8 noyabr tarixini Azərbaycan tarixinə Zəfər Günü kimi həkk edən dövlətimizin başçısı dünyanın bir çox mötəbər tədbirlərinin tribunalarında çox böyük qürurla səsləndirdiyi “Qarabağ Azərbaycandır!” şüarını həm döyüş meydanında, həm də diplomatik danışıqlar müstəvisində əldə etdiyi şanlı qələbələrlə bir daha təsdiqlədi. Bununla da, Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır!” ifadəsini bütün dünya azərbaycanlıları üçün milli qürur, fəxarət, birlik və həmrəylik çağırışına çevirmiş oldu.
2020-ci il noyabrın 8-də Şuşa Ordumuz tərəfindən azad olundu və bu, bizim iradəmizin təzahürü idi. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu. Cari il aprelin 23-də ölkəmiz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratmaqla ərazi bütövlüyünü, 19-20 sentyabr tarixlərində keçirilmiş 24 saatlıq antiterror tədbirləri nəticəsində isə öz suverenliyini bərpa etdi.
“Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.
Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı- Bahar Qurbanova
Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.
44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
Elə bu səbəbdən də Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ciddi siyasi hadisə olacaq. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda seçki məntəqələri qurulacaq və səsvermə hüququ olan hər kəs bu prosesdə iştirak edə biləcək. Regionda baş verən siyasi proseslər fonunda ölkəmizdə keçirilməsi nəzərdə tutulan seçkilərin nəticələri Azərbaycanın gələcək inkişafına, təhlükəsizliyimizə ciddi təsir göstərəcək. “İlk dəfə olaraq biz qalib ölkə üçün prezident seçəcəyik. Vətən müharibəsində qazandığımız Qələbə seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək. Azərbaycan vətəndaşlarının seçkilərə münasibətində Qarabağ, ərazi bütövlüyü amili hər zaman önəmli rol oynayıb. Xatırlayırıq, əvvəlki seçkilərdə vətəndaşlar bir qayda olaraq “bizi qələbəyə aparacaq, torpaqlarımızı işğaldan azad edəcək namizədə səs verəcəyik”,- deyə bildirirdilər. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda sosial problemlər heç zaman ərazi bütövlüyü məsələsindən öndə olmayıb. Azərbaycan xalqı hər zaman inkişafa, sabitliyə, tərəqqiyə səs verib. Prezident olmaq istəyən namizədlərin də çıxışlarında Qarabağ, suverenlik, ərazi bütövlüyünün təmin olunması mövzuları prioritet təşkil edirdi. 2020-ci ilə qədər keçirilən seçkilərdə müxalifətdən olan namizədlər çıxışlarını əsasən keçmiş Qarabağ münaqişəsi ətrafında quraraq rəqibi hədəf alırdılar. Bu gün isə seçkilərdə “Azərbaycanın 20 faiz torpaqları işğal altındadır” mövzusu olmayacaq. 2018-ci ildə Prezident seçildikdən sonra İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problemin – ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Bu gün ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Bu, həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi, hüquqi və mənəvi tələbatları arasında əsas nemət olub. Çünki müstəqil olmayan bir xalq və millət daima var ola bilməz. Milli müstəqilliyini əldən vermiş millətlər zaman-zaman başqa xalqların və millətlərin içində assimilyasiyaya uğrayaraq tarixində arxivlərində qalırlar. Hər xalqın, millətin milli və dövlət müstəqilliyinin əldə edilməsində, qorunmasında, ərazi bütövlüyünün təmin edilməsində mühüm tarixi missiyaya malik olan dahi şəxsiyyətləri var. Xalq belə şəxsiyyətləri sevir, dəstəkləyir, həmişə ətrafında bir yumruq təki birləşirlər. Əminliklə söyləmək olar ki, xalqımız bu seçkilərdə çox fəal iştirak edəcək”. Sağlam rəqabət şəraitində keçiriləcək seçkilərin nəticələri heç bir tərəfdə, hətta beynəlxalq təşkilatlarda belə şübhə doğurmayacaq.
Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev