22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Konstitusiya Məhkəməsindən tələb: Çek sahiblərinə niyə cavab verilmir?

Konstitusiya Məhkəməsindən tələb: Çek sahiblərinə niyə cavab verilmir?

Son illərin aktual məsələlərindən biri də özəlləşdirmə çekləri ilə bağlıdır. Məsələnin həllinə çalışan çek sahibləri isə müxtəlif müraciətlərlə haqqlarının bərpasına çalışırlar. Problemin aktuallığını qoruyub, saxlamaq istəyən çek sahibləri ölkə başçısına, o cümlədən müvafiq qurumlara, Konstitusiya Məhkəməsinə və Milli Məclisin deputatlarına müraciət edərək haqqlarının bərpasını istəyirlər. Məlumata  görə, bir müddət öncə Konstitusiya Məhkəməsi işin icraata götürüldüyünü və qısa zamanda qərarın açıqlanacağını bildirib.

Mövzu ilə bağlı  Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Qanunla.az-a açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsinin müsbət qərar qəbul etməsi fonunda xüsusi komissiyanın yaradılmasına ehtiyac olacaq. Bu komissiya atılacaq addımların planlanmasına imkan yaratmalıdır.

“Çünki özəlləşdirmə çekləri tədavülə buraxılan dövrlərdə maarriflənmə səviyyəsi yüksək olmamışdı. Buna görə də vətəndaşların əksəriyyəti sahib olduqları çekləri ya ucuz qiymətə satdılar, ya da dəyərini bilmədilər. Halbuki bu çeklərdən özəlləşdirmə prosesi zamanı istifadə olunub” – deyə iqtisadçı qeyd edib.

Özəlləşdirmə çekləri ilə bağlı məsələnin uzun müddətdir gündəmdə olduğunu vurğulayan Vüqar  Oruca görə, vauçerlərin istifadəsi iqtisadi sistemdə yeni vəziyyətin yaranmasına səbəb ola bilər. Ona görə də Nazirlər Kabineti və dövlətin müvafiq iqtisadi strukturları birgə addım atmalıdır. Çeklərin tədavülə buraxılması müəssisələrin satılması və özəlləşməsi qaydalarına, o cümlədən daşınmaz əmlak sektoruna təsir edə bilər. Özəlləşdirmə çekləri əllərində qalan insanların probleminə aydınlıq gətirilməlidir. Bu məsələyə məntiqli yekun vurulmalıdır. Hesab edirəm ki, vətəndaşların bununla bağlı hökumət başçısına və aidiyyəti qurumlara ünvanladıqları müraciətə müsbət cavab veriləcək.

Sosioloq Elçin Bayramlı isə saytımıza açıqlamasında 90-larda özəlləşdirmə çekləri ilə bağlı aparılan prosesin ədalətli və şəffaf olmadığını bildirib.

Onun sözlərinə görə, özəlləşdirməyə çıxarılan bütün əmlakın imkanlı və vəzifəli şəxslərin əlinə keçirilməsi sıravi vətəndaşların aldadılmasına səbəb olub və özəlləşdirmə çeklərindən səmərəli istifadə etməsinə əngəl törədib. Halbuki sosialist respublikadan kapitalist respublikaya keçəndə ölkənin bütün əmlakı ümumxalq mülkiyyəti sayıldığından əhali arasında bölünməli idi.

“Ümumi mülkiyyətin o vaxtkı dəyəri hesablandı və bu 7 milyon nəfərlik ölkə əhalisinin sayına nisbətdə bölünərək çek formasında paylandı. Vətəndaşlar bu mülkiyyət payları ilə ölkənin bölünən əmlakından özlərinə düşən hissəni ala bilərdilər və ya hansısa iri özəlləşdirmə obyektlərində o payla iştirak edə bilərdilər. Lakin necə oldusa adi vətəndaşlardan demək olar ki, heç kim heç nəyi özəlləşdirə bilmədi. Ölkənin özəlləşdirməyə çıxarılan bütün əmlakı imkanlı və vəzifəli şəxslərin əlinə keçdi. Bu payların qiyməti qəpik-quruş oldu, yəni bir payla uzağı 1-2 qutu siqaret almaq olardı. Qeyd olunan paylarla ən kiçik bir əşyanı belə özəlləşdirməkdən söhbət belə gedə bilməzdi. Bu qiymətə çekləri vətəndaşlardan toplayan imkanlı və ya vəzifəli şəxslər dövlət müəssisələrini, müxtəlif obyektləri, təsərrüfatları su qiymətinə ələ keçirdilər”, deyə Elçin Bayramlı qeyd edib.

Çeklərin o vaxtkı qiymətinə də toxunan sosioloqa görə, o vaxtkı hesablama ilə ölkənin özəlləşdirməyə açıq əmlakının dəyərini əhali sayına böləndə hər payın dəyəri ən azı 800 dollar qiymətində olmalı idi. Lakin bu çeklər heç 8 manat dəyərində də olmadı. Bu konkret olaraq o deməkdir ki, ümumxalq əmlakının bölünməsindən əksər vətəndaşlara heç nə çatmadı. Yenə kəndlərdə yaşayanlara heç olmasa bir az torpaq sahəsi bölündü. Şəhərlərdə yaşayanlar isə atalarının, analarının, babalarının, nənələrinin qurub yaratdığı ümumi əmlakdan bir çöp də əldə edə bilmədilər. Bu, kobud hüquq pozuntusudur.

“Vətəndaşların pozulmuş hüquqları və ədalət bərpa edilməlidir. O vaxtkı özəlləşdirmədə heç nə əldə etməyənlərin siyahısı tutulmalı, onlara özəlləşdiriləcək dövlət əmlakından səhmlər formasında hissə verilməlidir. Hazırda demək olar ki, ölkədəki bütün obyektlər və sair əmlaklar hüquqi və mənəvi olaraq vətəndaşlarındır. Onların bu halal payı fırıldaqçılar tərəfindən zorla əllərindən alınmış sayılır” – E. Bayramlı fikirlərinə əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən KM-ə rəsmi məktub daxil olub və qeydiyyata alınıb.

Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı KM-ə müraciət ünvanlayıb.

Bununla yanaşı, Milli Məclisin deputatları, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, hüquqşünaslar, iqtisadçılar dəfələrlə ölkə rəhbərliyinə çağırış edərək, haqqı pozulan vətəndaşların hüquqlarını bərpa etməyi tələb ediblər. Sözügedən hüquqi problem 8 aydan çoxdur ki, Konstitusiya Məhkəməsindədir. Lakin problem hələ də öz həllini tapmayıb.

Onu da vurğulayaq ki, Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Qeyd edək ki, yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Konstitusiya Məhkəməsinə göndərilən Şikayət Məktubu ilə də tanış ola bilərsiniz:

https://www.facebook.com/411723382563138/posts/1365259420542858/

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın