21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti, siyasi əzmi, qətiyyəti, iradəsi nəticəsində Azərbaycan işğala məruz qalan ölkədən Zəfər ölkəsinə çevrilib

Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti, siyasi əzmi, qətiyyəti, iradəsi nəticəsində Azərbaycan işğala məruz qalan ölkədən Zəfər ölkəsinə çevrilib

Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti, siyasi əzmi, qətiyyəti, iradəsi nəticəsində Azərbaycan işğala məruz qalan ölkədən Zəfər ölkəsinə çevrilib.

Prezident İlham Əliyevin bu il yerli televiziya kanallarına verdiyi ilk müsahibəsində cəmi bir cümlə ilə mükəmməl şəkildə ifadə etdiyi kimi, Xankəndi zəfəri müasir Azərbaycanın qarşısında yeni və parlaq üfüqlər açıb. 2023-cü il sentyabrın 20-də qazanılan qələbə Azərbaycan xalqının, dövlətinin milli hədəflərinə doğru onilliklərin o üzündən çıxdığı, böyük əzm, qətiyyət, qəhrəmanlıq tələb edən və ağır sınaqlarla dolu haqq yolunun Zəfər zirvəsi oldu. Heç şübhəsizdir ki,  bu zəfərin Azərbaycanın daha parlaq eralara daşınmasında misilsiz rolu olacaq. Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti, siyasi əzmi, qətiyyəti, iradəsi nəticəsində Azərbaycan işğala məruz qalan ölkədən Zəfər ölkəsinə çevrilib. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib, bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda – bütün ərazilərimizdə dalğalandırılıb. Qarabağda separatizmin kökü birdəfəlik kəsilib.Xocalıda, Ballıqayada, Ağdabanda, Başlıbeldə və digər neçə-neçə şəhər və kəndlərimizdə dinc sakinlərimizə qarşı soyqırımı törədən erməni canilər bir-bir həbs edilərək törətdikləri qaniçən əməllərin hesabını vermək üçün Bakıya gətirilərək ədalət məhkəməsinə çıxarılıblar. Bir sözlə, Azərbaycan illər öncə qarşısına qoyduğu milli vəzifəsinə Xankəndi zəfəri ilə son nöqtəsini qoyub. “Qarabağ Azərbaycandır!” həqiqətindən güc alaraq və buna qarşı çıxan istənilən qüvvəyə qarşı layiqincə mübarizə apararaq, döyüşərək, çarpışaraq tarixi ədaləti bərpa edib. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibəsində də məhz bu məqama toxunaraq, “Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz” söylədi. Dövlət başçısı onu da qeyd etdi ki, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin elə bil ki, son nidası idi: “Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq”.Ancaq bu gün qürurunu, fəxrini yaşadığımız bu qələbələrə yetənə qədər xalqımız, dövlətimiz olduqca çətin, sınaqlarla dolu bir yol qət etməli oldu.

1993-cü, xüsusilə də 2003-cü ildən sonra ötən dövrə nəzər salanda görürük ki, torpaqlarının işğal altında olduğu, məcburi köçkünlük problemi yaşandığı və üstəlik də siyasi, diplomatik müstəvidə bəzi beynəlxalq qurum və ölkələrin qərəzi ilə üz-üzə qalaraq daim onlarla haqq işimiz uğrunda mübarizə apardığı dövrün özündə belə Azərbaycan bütün sahələrdə hərtərəfli inkişaf səviyyəsinə yüksəlib. Lakin o da danılmaz həqiqətdir ki, sözügedən problemlərin varlığı ölkəmizin daha sürətli inkişafına başlıca əngəl yaradırdı və dövlətimizin qarşısında duran bir nömrəli vəzifə də məhz bu maneələrin aradan qaldırılmasından ibarət idi. Məhz ötən 30 ildə bu milli hədəf istiqamətində böyük qətiyyət, əzm və iradə ilə dövlətimizin həm daxildə, həm beynəlxalq arenada apardığı məqsədyönlü fəaliyyət sayəsində bu gün artıq yuxarıda problemlərin heç biri yoxdur və tamamilə həll edilib.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi və suverenliyini tam təmin etdi.

“Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi” deyən Prezident İlham Əliyev də müsahibəsində hesab etdiyini söylədi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi: “Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni Heydər Əliyev siyasəti davam etdirildi”.

2020-ci il sentyabrın 27-də başlayan haqq işimizin öncə 8 noyabr Şuşa Zəfəri və onun uğurlu davamı kimi 2023-cü ildə Xankəndi Zəfəri ilə məntiqi sonluğuna yetirilməsi Azərbaycanın bütün parametrlərdə sürətli inkişafına birbaşa təkan verib, qarşıda yeni vəzifələrə, yeni hədəflərə yol açıb.Hər zaman beynəlxalq arenada etibarlı və güvənilən tərəfdaş kimi tanınan, qlobal miqyaslı problemlərin həllinə mühüm töhfələr verən Azərbaycanın adı dünyanın nüfuzlu, eləcə də güclü ölkələri sırasında çəkilir. Təsadüfi deyil ki,  bu gün istənilən beynəlxalq məsələ ilə bağlı Cənubi Qafqazın şəksiz lideri Azərbaycanın fikri öyrənilir, mövqeyi mütləq nəzərə alınır. Təbii ki, Azərbaycanın əldə etdiyi bu qalibiyyətlər qardaş və dost ölkələri sevindirsə də, bunu həzm edə bilməyən bəzi xarici düşmənlərdən də xali deyilik. Xüsusilə də özlərini dünyanın “supergüc”ləri, “yenilməzlər”i sırasında hesab edən Qərb ölkələrinin timsalında ki bunların başında Fransa gəlir. Həmin ölkələr 30 illik işğal dövründə, eləcə də Vətən müharibəsi və ondan sonrakı zamanda, Xankəndi zəfərinə qədər, əllərindən gələn riyakarlığı, bədnamlığı etdilər ki, Azərbaycanı haqq yolundan döndərsinlər, amma bacarmadılar. Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi və suverenliyini tam təmin etdi. Özü də heç bir xarici siyasi təzyiqə boyun əymədən, öz gücü hesabına.Azərbaycanın siyasi iradəsinə heç cür təsir göstərə bilməyən, qarşılarında daha 1990-cı illərin əvvəllərindəki yox, qüdrətli, güclü, onlara, sözün əsl mənasında, istənilən platformada meydan oxuyan qalib, Zəfər çalmış, yüksələn Azərbaycan olduğunu görən “demokratik” ölkələr isə indi qorxaqların getdiyi yollara əl atırlar. Bunu Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın Fransadakı abidəsinin təhqir olunmasının fonunda da aydın görmək olur. “Bu, deyə bilərəm ki, artıq kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir”, – deyə müsahibəsində Prezident İlham Əliyevin vurğuladığı kimi. Müzəffər Lider, mahir siyasətçi, ən ümdəsi vətənpərvər şəxs olan İlham Əliyevin böyük əzm və qətiyyətinin nəticəsində son 20 il ərzində Azərbaycan siyasi, iqtisadi, hərbi, diplomatik, ümumiyyətlə, bütün sahələr üzrə möhtəşəm qələbələr, dövlətçilik tariximizdə bənzərinə rastlanmayan zəfərlər qazanıb.

Azərbaycan xalqı Şuşa, Xankəndi zəfərlərini yaşayıb, torpaq nisgilindən qurtulub, şəhidlərimizin qisasının alınmasından mənəvi rahatlıq tapıb.Ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin təmin olunması, Xankəndidə bayrağımızın dalğalandırılması ilə tariximizin 30 illik bir dövrünə şanlı yekun vurulub, özündən sonra gələcək minilliklərə doğru parlaq yollar açıb. Necə ki bunu Müzəffər Lider İlham Əliyev müsahibəsində bir daha dünyaya bəyan etdi: “Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir”.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

 

Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti Azərbaycanın bugünkü reallıqlarının başlanğıcı oldu.

Bu gün ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş qalib Azərbaycanın uğurlarından və hədəflərindən bəhs edirik. Təbii ki, bu uğurlar böyük qətiyyətin, səylərin, ümumiləşdirilmiş şəkildə qeyd etsək düzgün müəyyənləşdirilən siyasətin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin yanvarın 10-da üç saata yaxın davam edən, 20-dək istiqamət üzrə sualları özündə ehtiva edən yerli televiziya kanallarına müsahibəsi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək Azərbaycanın keçdiyi inkişaf yolunun təqdimatı oldu. Cənab İlham Əliyev ölkəmizin son 20 ildə haradan-haraya gəlməsi ilə bağlı sualı cavablandırarkən bildirdi ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti Azərbaycanın bugünkü reallıqlarının başlanğıcı oldu. 2003-cü ildən Azərbaycanın həyatında yeni bir dövr başladı. Xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bu mühüm vədi verdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdiriləcək. Ümummilli Liderə müraciətdə o da vurğulanmışdır ki, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.Sözügedən müsahibədə “Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi. Heydər Əliyev siyasəti davam etdirildi: “Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.”

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycan bu gün dünyaya inkişafın ən təkmil, müasir modelini təqdim edir.

 Azərbaycanın keçdiyi inkişaf yolunun təhlili fonunda hər bir ölkənin inkişafında lider amilinin rolunu görürük. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı müstəqilliyinin ilk illərinin anarxiyasından, tənəzzülündən, iqtisadi böhranından, torpaqlarımızın işğalından xilas etdi. Təbii ki, bu uğurlarımızın təməlində Ümummilli Liderin torpaq, Vətən, xalq sevgisi dayanmışdı. Məhz bu sevgi Azərbaycanı zirvələrə doğru apardı. 2003-cü ildən başlanan Böyük Yolun davamı bu gün Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycanın təqdimatında öz sözünü deyir. Ümummilli Liderin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması idi. Son 20 ilin 17 ili bu hədəfə nail olmaq üçün görülən hazırlıq işlərinə həsr edildi. Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə hər bir sahədə davamlı uğurlara imza atdı, zəngin təcrübə qazandı, hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi baza yaradıldı, güclü, qüdrətli, üzərinə düşən missiyanı şərəflə yerinə yetirmək imkanlarına malik, beynəlxalq standartlara cavab verən ordu formalaşdı. Azərbaycan Ordusu Qələbəyə hazırlandı. Dövlət başçısı İlham Əliyev müsahibəsində son 20 ilin uğurlarının miqyasının böyüklüyünü “Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq. Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır” fikirləri ilə ifadə etdi. Təbii ki, bu güc qeyd etdiyimiz kimi, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində özünü təsdiqləyir və nümunədir. Azərbaycan bu gün dünyaya inkişafın ən təkmil, müasir modelini təqdim edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın müasir şəhərsalma, həmçinin müasir idarəetmə təcrübəsinin təqdimatıdır. Bu ərazilərdə Prezidentin şəxsi nümayəndəlikləri fəaliyyət göstərir və bu isə öz növbəsində işin səmərəliliyinin artırılmasında öz sözünü deyir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Zəfər seçkiləri kimi tarixə yazılacaq bu seçkilər ölkəmizin həyatında yeni dövrün, mərhələnin başlanğıcı olacaq.

Üç il bundan öncə rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalgalandı, qalibiyyətimiz dünyaya səs saldı. Xalqımız əmin idi ki, Azərbaycan Bayrağı Xankəndidə də, Xocalıda da, Xocavənddə də, Ağdərədə də dalğalanacaq. Son üç ildə bu hədəfə sülh yolu ilə nail olmaq üçün dövlətimiz səylər göstərdi. Lakin Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün hər vasitəyə əl atdı, hərbi təxribatlarını davam etdirdi. Azərbaycan bu vəziyyətlə barışa bilməzdi. Sentyabrın 19-da həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi. Müsahibədə “Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi” söyləyən Prezident İlham Əliyev bildirdi ki, bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.

Artıq qarşıya qoyulan hər bir hədəfə nail olduq. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaldanda böyük qürur hissi ilə qeyd etdi ki, son 20 ilin bütün vədləri yerinə yetirilib. Artıq yeni dövr yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurət kimi qarşıya qoydu. Bu baxımdan dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarı xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkəmizin, xalqımızın həyatında mühüm hadicə olan bu mühüm addımın atılmasını şərtləndirən amilləri bir daha diqqətə çatdırdı. Birinci səbəb kimi suverenliyimizin tam bərpası vurğulandı. Dövlət başçısı bildirdi ki, sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. İkinci səbəb müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə qurulan seçki məntəqələri tam şəkildə səsvermə prosesinə hazırdır. Zəfər seçkiləri kimi tarixə yazılacaq bu seçkilər ölkəmizin həyatında yeni dövrün, mərhələnin başlanğıcı olacaq. Yeni dövrə məhz prezident seçkiləri ilə başlamaq özündə bütün məqamları ehtiva edir. Cənab İlham Əliyev 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən mühüm amillərdən biri kimi onu da bildirdi ki, prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilərdir. Əgər seçkiləri vaxtında, yəni, 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi: “Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır.” Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərini əsaslandıran amillər sırasında Prezidentlik fəaliyyətinin 20 ilinin tamam olduğunu bildirdi. Qeyd edildi ki, bu da bir dövrdür və bunu da bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Tarixi Zəfərimizdən sonra Ermənistanda baş qaldıran revanşist qüvvələrin cəhdlərinin dəfələrlə qarşısının alınması Azərbaycan Ordusunun daha da güclü olmasının tədimatı oldu.

 Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi oluruq. Qarşıya yeni çağırışlar, vəzifələr qoyulur. Bu gün inamla qeyd etdiyimiz bu çağırış da Azərbaycanın malik olduğu imkanların təqdimatıdır. Azərbaycan zəngin neft və qaz potensialına malik olsa da gələcəyini yaşıl enerjiyə bağlayır. Cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu kimi məqamlara, çağırışlara işıq salır. Hər dövrün öz tələbi vardır. Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5 əsas hədəf öz əksini tapıb ki, onların kompleks icrası Azərbaycanın dayanıqlı inkişafının əsasıdır. Azərbaycan qazandığı uğurlarla kifayətlənmir, daim irəli baxır və zamanın qabaqlanmasını qarşıya əsas çağırış kimi qoyur. Bu baxımdan qeyd edə bilərik ki, yeni dövrün başlanğıcıdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcək. Yeni dövrün yeni hədəfləri olmalıdır: “Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək.”

Postmünaqişə dövrünün hədəfləri açıqlanarkən ordumuzun daha da möhkəmləndiriləcəyi xüsusi qeyd edilmişdir. Tarixi Zəfərimizdən sonra Ermənistanda baş qaldıran revanşist qüvvələrin cəhdlərinin dəfələrlə qarşısının alınması Azərbaycan Ordusunun daha da güclü olmasının tədimatı oldu. “Qisas”, “Qətiyyətli cavab” kimi əməliyyatlar bunun bariz nümunəsidir. Ötən ilin sentyabrın 19-20 tarixlərində həyata keçirilən bir günlük lokal antiterror tədbirləri bir daha bu gücün, qüdrətin nümayişi oldu. Sübut olundu ki, Azərbaycan Ordusunun peşəkarlığı yüksəkdir, üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

Ermənistanın silahlandırılması, işğalçı dövlətin yeni müharibə planları hazırlamasına xidmət edən addımlar da diqqətdən kənarda qalmır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada da Fransa yenə də ön plandadır: “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum. Ermənistanda yersiz illüziyalar yarana bilər ki, nə vaxtsa onlar Qarabağı yenidən bizdən qopara bilərlər. Belə fikirlər onların cəmiyyətində dolaşır, o cümlədən rəhbər qruplaşma daxilində də belə fikirlər var. Mən istisna etmirəm ki, bu fikirlər, necə deyərlər, getdikcə daha geniş yer tutacaq.”

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın