Yaşanmış faciə
Yaşanmış faciə
26 fevral 1992-ci il… Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xocalı şəhəri Rusiyanın Xankəndində yerləşən 366-cı alayının başçılığı ilə erməni silahlı qüvvələrinin amansız hücumuna məruz qaldı. Əhalisi 7 min nəfərdən çox olan Xocalı şəhəri tarixin indiyədək görmədiyi vəhşilikləri yaşadı. Şəhərin işğalı zamanı 613 nəfər işgəncə ilə öldürülmüş, bunlardan 63-ü uşaq, 106-ı qadın idi, 8 ailə tamamilə məhv edilmiş və 1275 nəfər əsir götürülmüşdür.
Xocalı şəhəri 1988-ci ildən erməni quldurlarının hədəfində idi. 1991-ci il noyabr ayından şəhər mühasirəyə alınmışdı ki, bu ermənilər soyqırım məqsədlərini həyata keçirmək üzrə olduqlarını göstərirdi. Ermənilər Xocalı şəhərini xüsusilə seçmişdilər. Çünki Xocalı qədim tarixə malik olan maddi-mədəni abidələriqoruyub saxlayırdı. Bu ermənilərin ən qədim zamanlardan Qarabağ torpaqlarında yaşaması faktını inkar edən əsas sübutlardan biri idi. Eyni zamanda Ağdam-Şuşa və Əsgərən-Xankəndi yolundakı yeganə hava limanı Xocalı ərazisində yerləşirdi. Erməni silahlı qüvvələri həm gələcək məqsədlərinə mane ola biləcək havadan yardım ehtimalını aradan qaldırmağa çalışır, həm də aeroportu Azərbaycanlıların nəzarətindən alaraq özləri üçün istifadə etməyi planlayırdılar. Eyni zamanda Xocalı şəhəri ermənilərin özlərinə paytaxt kimi seçdikləri Xankəndi şəhərinin 10 km uzaqlığında yerləşirdi. Xocalıdan atılan top atəşi ilə Xankəndi yaxınlığındakı erməni mövqeleri asanlıqla sıradan çıxarıla bilərdi ki, bu erməniləri ciddi dərəcədə narahat edirdi. Ermənilər Xocalıdan əvvəl Meşəli, Həsənabad, Quşçular, Kərkicahan, Malıbəyli və s. kəndlərimizi işğal etmiş, yüzlərlə vətəndaşımızı qətlə yetirmişdilər. Lakin kiçik soyqırımlar onlara kifayət etməmiş, daha böyük, şiddətli və qorxusalan faciəyə yönəlmişdirlər. Xocalının işğalı zamanı ermənilər türk xalqlarına qarşı duyduqları nifrət hissinin doğurduğu qisas almaq məqsədiləxüsusi amansızlıq və vəhşiliklər törətdilər. Bununla onlar Azərbaycan xalqı arasında qorxu yaradaraq insanların öz torpaqlarını tərk edib qaçmaqlarına nail olmağa çalışırdılar. Xocalının xilası üçün gedən döyüşlərdə onun müdafiəçiləri son nəfəslərinədək vuruşmuş, onlardan az bir qismi salamat qalmışdır. Xocalı uğrunda döyüşən milislərdən, özünümüdafiə dəstələrinin döyüşçülərindən və məsul işçilərdən 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 16 nəfər “Azərbaycan bayrağı”, 58 nəfər “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
Xocalı soyqırımının dünyaya tanıdılması, həqiqətlərin gün üzünə çıxarılması və soyqırıma obyektiv qiymət verilməsinə nail olmaq Azərbaycanın xarici siyasətinin istiqamətlərindən birinə çevrilmişdir. Ümümmilli lider Heydər Əliyev tərəfindən başladılan və prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən “Xocalı qoyqırımı”nın dünyaya duyurulması kampaniyalarıöz nəticələrini vermişdir. Bir neçə beynəlxalq təşkilat və bir çox dövlət tərəfindən faciə “soyqırım” aktı kimi qəbul olunmuşdur.
Sədafər Hüseynov
Saatlı Rayon Ağsaqqallar Şurasının sədri