21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Deputat Elnur Allahverdiyev – “4 ay ərzində büdcə gəlirləri proqnoza qarşı 1,1 milyard manat artıb”

Deputat Elnur Allahverdiyev – “4 ay ərzində büdcə gəlirləri proqnoza qarşı 1,1 milyard manat artıb”

Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinə dəyişiklik edilməsi barədə Qanun layihəsinin müzakirəsində çıxış edən deputat Elnur Alahverdiyev dedi ki, dövlət büdcəsinə yenidən baxılmağı şərtləndirən bir sıra amillər var.

Qeyd etdi ki, bu amillər əsasən faktiki makroiqtisadi göstəricilərdir: “2024-cü ilin 4 ayında ölkədə 38.2 milyard manatlıq ÜDM istehsal olunub ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.3% artım deməkdir.

Xarici ticarət hesabında 2.5 milyard dollarlıq müsbət saldo yaranıb. Xam neftin bir barelinin orta ixrac qiyməti 87.3 dollar olub ki, bu da büdcədə nəzərdə tutulan qiymətdən 27.3 dollar çoxdur. Bütün bu qeyd olunanlar büdcənin gəlirlərinin artımını şərtləndirir. 4 ay ərzində büdcə gəlirləri proqnoza qarşı 1,1 milyard manat artıb, dövlət büdcəsində 2.5 milyard manatlıq profisit qeydə alınıb.

Layihədən göründüyü kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti və yenidənqurma işlərinin sürətləndirilməsi, Böyük Qayıdışın təmin edilməsi, ölkənin müdafiə və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlər və digər istiqamətlər üzrə 3.8 milyard manata yaxın əlavə vəsait tələb olunur”.

E.Allahverdiyev bildirdi ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa ediləndən sonra müdafiə və milli təhlükəsizlik, hüquq-mühafizə sahəsində islahatların davam etdirilməsi, ordunun hərbi sursat və maddi-texniki bazasının müasirləşdirilməsi daim diqqət mərkəzində olmalıdır:

“Nəzərə almalıyıq ki, bir gündən də az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində təxminən 2.5 min kvadrat kilometr ərazi separatçılardan təmizlənmişdir və hal-hazırda orada bütün rayonlarda müdafiə, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının müvafiq strukturları yaradılır, onların maddi-texniki bazası qurulur. Qeyd olunanlarla əlaqədar olaraq, müvafiq xərc maddəsi üzrə ümumilikdə əlavə 807 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Böyük Qayıdış 1-ci Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına, iqtisadi aktivliyin təmin edilməsinə yönəldilən yenidənqurma və bərpa işlərinə son 3 ildə 12 milyard manat vəsait ayrılıb. 2024-cü ilin büdcəsində müvafiq istiqamət üzrə 4 milyard manat vəsait nəzərdə tutulub, lakin qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün əlavə olaraq 1 milyard 160 milyon manat əlavə vəsaitin ayrılmasına ehtiyac var”.

Deputat dedi ki, eyni zamanda, bir sıra infrastruktur layihələrinin, enerji, su təchizatı, avtomobil yolları və sair işlərin maliyyələşdirilməsinə də əlavə vəsaitin ayrılması zəruridir:

“Cənab Prezident İlham Əliyevin apardığı irimiqyaslı daxili və xarici siyasət öz bəhrəsini verməkdədir və uzun müddət xalqımız bu siyasətin nəticəsinin – ölkəmizin hərtərəfli inkişafının şahidi olacaqdır. Nəyi, nə vaxt və necə edəcəyini dəqiq bilən liderimiz Azərbaycanı dünya ölkələri içərisində nüfuzlu dövlətə çevirmişdir. Artıq Azərbaycanın iştirakı olmadan, bizimlə hesablaşmadan regionda heç bir layihə baş tutmur. Ölkə başçısının təşəbbüsü ilə Milli Məclisə təqdim olunan bu qanun layihəsini tam dəstəkləyirəm və ona səs verəcəyəm”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın