İcra başçısının evində baş verdiyi deyilən hadisənin təfərrüatları – FOTO // VİDEO
“DogruXeber.az” xəbər verir ki, ötən gün redaksiyamıza Mingəçevir şəhər İcra Hakimiyyəti ilə bağlı ilginc məlumatlar daxil olub.
Məlumatda bildirilir ki, Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Şəhriyar Mustafayev birliyin işçilərini qanunsuz olaraq, iş vaxtı İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Kür çayının sahilindəki villasında işlədir. İş zamanı “plotnik Vüsal” kimi tanınan Vüsal adlı işçi villanın damından yıxılıb və ayağı qırılıb.
Məlumatı dəqiqləşdirmək üçün dərhal xəsarət alan Vüsal adlı şəxslə telefon əlaqəsi saxladıq.
Vüsal bəy əvvəl məlumatı təkzib etdi, yanlış məlumat olduğunu, öz şəxsi heyətində tut ağacından yıxıldığını dedi.
Söhbətimizin əvvəlində hadisənin nə zaman baş verdiyini soruşduğumuzda, Vüsal bəy bir neçə gün əvvəl – yəni, iyun ayının 1-də işdən iki dəqiqə tez icazə alıb çıxdığını və gəlib öz həyətində tut dərərkən baş verdiyini dedi. Amma, suallar səbəbilə Vüsal bəylə söhbətimiz biraz uzandı. Biz hadisənin nə zaman baş verdiyini təkrar soruşduğumuzda, bu dəfə o, günorta saatlarında, nahar vaxtı tut yığmaq üçün evə getdiyini və hadisənin bu zaman öz həyətində baş verdiyini dedi.
İdarə tərəfindən ona hər hansı bir maddi yardımın olunub-olunmadığını soruşduq, o, – “Maddi yardım deyəndə ki, Şəhriyar müəllim sağolsun dərmanlarımı aldı, həkimə apardı-gətirdi. Başqa yardım olunmayıb” cavabını verdi.
Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Şəhriyar Mustafayevlə telefon əlaqəsi saxlayıb, hadisə barəsində suallar verdiyimizdə isə onun xəsarət almış Vüsal bəylə cavabları tamamilə bir-birinə əks oldu. Ortaq cavab isə yalnız, hadisənin “tut yığarkən baş verdiyi”ni demələri idi.
Şəhriyar Mustafayev Vüsal bəydən fərqli olaraq, hadisənin iş vaxtı baş vermədiyini, Vüsalın ondan icazə almadığını, ona kömək məqsədilə sadəcə pul verdiyini, dərmanlar almaq, həkimə aparıb-gətirmək kimi halların ümumiyyətlə olmadığını dedi.
Burdan da belə görünür ki, tərəflər sadəcə hadisəni işdən və xüsusilə də icra başçısı İlham İsmayılovdan kənarda tutmaq üçün “öz evində tut yığarkən” baş verdiyini deməyin “məşqini ediblər”, əlavə sualların olacağı isə yəqin ağıllarına gəlməyib ki, ona hazırlaşmağı düşünməyiblər.
Maraqlıdır, iş vaxtı baş verməyən, özü də şəxsi həyətində baş verən hadisəyə görə idarə rəhbəri niyə bu qədər canfəşanlıq edir?
Vüsal bəyin dediyi kimi onu xəstəxanaya aparmasına, dərmanlarını almasına, yaxud da Şəhriyar Mustafayevin dediyi kimi, müalicə olunması üçün ona pul verməsinə səbəb nədir?
Qeyd edək ki, etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə biz Şəhriyar Mustafayevlə telefon əlaqəsi saxladıqdan sonra bir neçə məsul şəxs, şikayətçi olacağından ehtiyat etdikləri üçün Vüsal bəyin evində olub, ona minnətçi düşüblər.
P.S: Mənbənin bildirdiyinə görə, hadisənin baş verdiyi yeri və təfərrüatları hüquq-mühafizə orqanlarından da gizlədilib.
Qeyd: Hadisə ilə bağlı “DogruXeber.az” informasiya agentliyi olaraq, aidiyyatı qurumlara tərəfimizdən rəsmi sorğular göndərilib.
Mövzunu diqqətdə saxlayacağıq !
Redaksiyamız hər kəsin söz haqqını tanıyır !
DogruXeber.az