21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Üçrəngli bayrağımızın şanlı tarixi

Üçrəngli bayrağımızın şanlı tarixi

Üçrəngli bayrağımızın şanlı tarixi

Bayraq istənilən ölkənin dəyər verdiyi ən mühüm atributlardan biridir. Buna görə də, Azərbaycan bayrağı hər bir azərbaycanlı üçün şərəfli və dəyərlidir. Bayraq hər bir millətin mövcudluğunun təsdiqi, müstəqil dövlət qurmaq qabiliyyətinin başlıca göstəricisidir. Buna görə də, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur mənbəyi hesab edilir. Bayraq həm də xalqın apardığı azadlıq mübarizəsinin ən real ifadəsidir. Məhz bu baxımdan Azərbaycan xalqının azadlığını, dövlətimizin suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəsini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur.

Bu gün qalibiyyət rəmzi olan üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində, o cümlədən 28 il düşmən işğalında qalan ərazilərimizdə, işğaldan azad olunmuş 200-dən çox kənddə qürurla dalğalanır. Müqəddəs bayrağımız Ali Baş Komandanımızın, müzəffər Ordumuzun, haqq yolunda, Vətən uğrunda həlak olan qəhrəman şəhidlərimizin şücaəti nəticəsində azad edilmiş torpaqlarda ucalır, başdan-başa ölkəmizi bəzəyir. Qədim tarixə malik Azərbaycan Dövlət bayrağının yüksəklərdə dalğalanması üçün xalqımız çox çətin, eyni zamanda, şanlı mübarizə yollarından keçmişdir. Böyük qan bahasına başa gəlmiş bayrağımızın dövlət atributuna çevrilməsi və dünya birliyi tərəfindən tanınması Azərbaycan xalqının uzun əsrlər boyu apardığı mücadilənin nəticəsidir. Əbədi müstəqilliyimizin ən ali simvolu olan üçrəngli bayrağımızın zirvələrdə əbədi dalğalanması hər bir azərbaycanlını qürurlandırır. Buna görə də, milli düşüncəmizdə bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərmiş, bu bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır. Bayrağımız həm də Vətənimizin keçmişini, bu gününü və gələcəyini özündə tərənnüm edən müstəqilliyimizin simvoludur. Ulu öndər Heydər Əliyevin “Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” kəlamı bayrağımıza verilən yüksək qiyməti göstərir, müasir dövlət qurucumuzun vacib dövlət atributuna olan ehtiramını bir daha göz önünə gətirir.

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru-Məkkə Həmidova

 

 

 

9 noyabr- Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiram. 

Bayraq dövlətlərin varlığını göstərən, onu təmsil edən rəmzdir. Bayraq millətlərin adət-ənənəsini, mədəniyyətini, milli kimliyini, əxlaqını özündə ehtiva edən ən dəyərli sərvətdir. Bayraq həm də Vətəndir. Azərbaycan bayrağı ölkəmizin müstəqilliyini, suverenliyini və milli kimliyini təmsil edən ən müqəddəs rəmzlərdən biridir. Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Bayrağımızın tarixi Azərbaycan xalqının öz müstəqilliyi uğrunda göstərdiyi əzmkarlığı və bu yolda çəkdiyi zəhmətləri əks etdirir. Harada üçrəngli bayrağımız dalğalanırsa ora bizim Vətənimizdir və oraa bizim can güvənliyimizin, varlığımızın mənbəyidir. Azərbaycann Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağına sahib çıxdı. Ulu öndər Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır.

Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda ucaldıb. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın