21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq

  • MANŞET
  • 12 Noyabr 2024
  • 1.889 BAXIŞ SAYI
Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq

Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq.

2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Azərbaycan 44 günlük müharibədə qazandığı şanlı Zəfər sayəsində özünün ərazi bütövlüyünü təmin etməyə və regionda yeni reallıqlar yaratmağa nail oldu. Azərbaycan 30 ildir ki, haqlıdır, Azərbaycan 30 ildir ki, ədalətlidir. Bu zəfərin, bu növbəti diplomatik qələbənin də memarı Azərbaycanın Prezidentidir.

Azərbaycanın mövqeyi ədalətlidir və öz ərazilərini işğaldan azad etmək üçün mübarizə aparır. Hər bir əsgər, zabit döyüş meydanlarında düşmənlə ölüm-dirim savaşına bu ədalət üçün çıxır.

Vətən müharibəsində qazandığımız parlaq zəfər sayəsində işğal altında olan tarixi torpaqlarımız azad edildi, dədə-baba ərazilərindən didərgin salınan yüz minlərlə Azərbaycan vətəndaşının yurd həsrətinə son qoyuldu və tarixin müxtəlif kəsimlərində erməni faşistləri tərəfindən soyqırımına məruz qalan soydaşlarımızın qisasları layiqincə alındı, qanları yerdə qalmadı.  Bəli bu şanlı zəfər sayəsində torpaqlarımız 30 illik işğaldan azad edildi, yüz minlərlə keçmiş məcburi köçkünümüz yurd nisgilindən qurtuldu, 30 il ərzində erməni vandallarının viran qoyduğu Qarabağ və Şərqi Zəngəzura yeni həyat qaytarıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfər tarixin müxtəlif kəsimlərində soyqırımına, qətliama düçar olan bütün soydaşlarımızın, Vətənin müdafiəsinə qalxaraq gözünü belə qırpmadan bu torpaqların uğrunda canını fəda edən şəhidlərimizin qisasını aldıq.

Müzəffər Ali Baş Komandan  İlham Əliyevin  söylədiyi kim “Biz bütün şəhidlərimizin qisasını döyüş meydanında aldıq və bununla fəxr edə bilərik”                                                           Dövlətimizin ərazi bütövlüyünün bərpası və əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək tarix yazan qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin hüzn və ehtiramla anırıq. Şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu qəlbimizdə əbədi yaşayacaq, biz var olduqca onların ürəyi qəlbimizdə döyünəcək.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir.

Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması,  ölkəmizin ərazi bütövlüyünü və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz ki, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən oldu və düşmən üzərində tarixi qələbə çaldı. Bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə dövlət başçısı cənab İlham Əliyevin qərarı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur.

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və möhtəşəm tarixi zəfərin bariz nümunəsi şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınmış  Zəfər parkı  bayram günlərində xalqın bir daha sevincinə səbəb oldu. Şanlı qələbəmizin 4-cü ildönümündə Zəfər parkındakı görüntülər  bunu bir daha sübut etdi. Cənab Prezident İlham Əliyevin açılışda iştirakı və nitqi bir başqa rəmzi məna daşıdı. Parkın girişində ucaldılmış abidə həm Zəfər gününü ,həmdə sarsılmaz və əbədi birliyin simvolu hesab olunur. Artıq Zəfər parkı Azərbaycan vətəndaşlarının ziyarətgahına çevrildi. Azərbaycan xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa savaş dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan ordusunun  gücünü, Azərbaycan xalqının qüdrətini, birliyini dünyaya sübut etdi.

Tarix boyu  44 günlük Vətən müharibəsi və  şəhidlərimiz qürur mənbəyimiz olaraq qalacaqdır.

Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova

 

 

Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq. 

10 noyabr tarixi – Azərbaycan üçün böyük önəm daşıyır. Məhz bu gün Azərbaycan 44 gün ərzində davam edən Vətən savaşında qalib olmağın haqlı qürurunu yaşadı. Bakı küçələrində böyük sevinc və təntənəyə səbəb olan hadisə Ermənistanda tam əks şəkildə təzahür etdi.

10 noyabr bəyanatı üçtərəfli bəyanat olsa da, onu canlı yayımda Azərbaycan Prezidenti – Müzəffər Ali Baş Komandan İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imzaladı. Ermənistan baş nazirinin isə bəyanata imza atdığı məkan bu günə qədər bəlli deyil. Elə ermənilərin 10 noyabr 2020-ci ildə Nikol Paşinyanı tapa bilməməsinin də səbəbi məhz bu idi.

Dövlət başçısı İlham Əliyev 10 noyabr tarixində xalqa müraciətində məsələyə bu cür münasibət bildirmişdi:

“Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun – dəmir yumruğun hesabına imzalayır!”.

Kapitulyasiya aktının hansı şəraitdə imzalanmasından asılı olmayaraq, Ermənistan istənilən halda faktiki olaraq 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədər pafoslu açıqlamaların arxasına sığınan və “qələbə” iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb, acizliklərini etiraf etdilər.

Siyasi arenada Prezident cənab İlham Əliyevin şəxsində qazanılan bu qələbə erməni separatizminə, terroruna ən ağır zərbəni vurdu. Kapitulyasiya aktı Ermənistan dövlətinin tarixində silinməz izlər yaratdı. İlk növbədə bu dövlətin Azərbaycana qarşı aqresiyasına layiqli cavab verildi və düşmən ən sərt şəkildə cəzalandırıldı. Tarixi ədaləti bərpa edərkən Azərbaycan Ermənistanın özü ilə bağlı formalaşdırdığı bir çox saxta mifləri yerlə-yeksan etdi.

Ermənilər gördülər ki, “məğlubedilməz erməni ordusu”, “ölməz erməni ruhu” kimi miflər puç oldu. Onların ordusu nəinki məğlub oldu, hətta sözün əsl mənasında bu işğalçı ordunun varlığına belə son qoyuldu. Kapitulyasiya aktı ilə ermənilər həmçinin Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlara qarşı müqavimət göstərmək iqtidarında olmadıqlarını bəyan etdilər.

Prezident cənab İlham Əliyevin şəxsində Azərbaycan xalqının birliyi, qüdrətli “dəmir yumruğ”umuz Şərqi Zəngəzur və Qarabağın əbədi azadlığına möhür vurub.

10 noyabr üzərindən illər keçsə də, Azərbaycanın şanlı tarixində mühüm mərhələ hesab olunacaq. Bu tarix bizim haqq savaşımızın qalibiyyətlə başa çatdığı, düşmənin isə rüsvayçılıqla darmadağın olduğunu bütün dünya qarşısında etiraf etdiyi əlamətdar gün kimi yaddaşlarda həkk olunub.

Bizim üçün mütləq zəfərin, vəhdət və həmrəyliyin sülh üzərində qələbəsi kimi xarakterizə olunan bu gün erməni tərəfi üçün separatçı ideyaların süqutu, miflərin darmadağın olması və məğlubiyyətin etirafıdır! Azərbaycan 44 günlük müharibədən cəbhədə və siyasi arenada mütləq qalib kimi çıxdı, Ermənistan isə aciz kapitulyant adını əbədi olaraq öz üzərinə götürdü!

Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın