Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur
Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur.
Prezident cənab İlham Əliyev Davosda Çinin CGTN telekanalına verdiyi müsahibədə Azərbaycanın ümumi daxili məhsula nisbətdə xarici borcunun 6,9 faiz olduğunu açıqlayaraq, bunun ölkənin iqtisadi müstəqilliyinin göstəricisi olduğunu diqqətə çatdırıb: “Biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”. Dünya maliyyə böhranı bir çox dövlətlərin iqtisadiyyatını sarsıtmaqda davam edir. Buna baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatında etibarlı tərəfdaş kimi tanınır. Dövlətimiz səmərəli beynəlxalq əlaqələri vasitəsilə önə çıxır. Həyata keçirilən xarici siyasət kursu nəticəsində bir çox strateji layihələr uğurla icra edilib. Ötən dövrdə əldə edilən misilsiz tarixi nailiyyətlərin davamı olaraq ölkəmiz mötəbər beynəlxalq tədbirlərdə fəal iştirak edir. Təxminən 200 ölkəni bir araya gətirən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi etmək Azərbaycanın şaxələnmiş xarici siyasətinin mühüm uğuru kimi dəyərləndirilir. Dövlətimizin başçısı sözügedən müsahibədə qeyd edib: “Bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi”. Xarici siyasət kontekstində mühüm məsələlərdən biri Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində çoxşaxəli əməkdaşlıq əlaqələridir. Dövlət başçısı bildirib ki, ölkəmiz bu təşkilatda dialoq üzrə tərəfdaşdır. Bu, tərəfdaşlıq müstəvisində əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı iradənin nümayişidir. ŞƏT və BRICS-ə üzv ölkələrlə yaxın münasibətlər ölkəmizin dünya birliyinə inteqrasiyasını sürətləndirir. Azərbaycanın coğrafi mövqeyi və Xəzər regionundakı əhəmiyyəti beynəlxalq nəqliyyat və infrastruktur layihələrində iştirakını daha da əhəmiyyətli edir. Bu layihələr Azərbaycanın yalnız iqtisadi baxımdan deyil, həm də siyasi arenada güclü bir tərəfdaş olmasına imkan verir. Ölkəmiz müasir nəqliyyat infrastrukturunun Şərqdən Qərbə gedən əsas tranzit yolunda yerləşir, bu mövqe dövlətimizin beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycan bu mövqeyindən istifadə edərək, regionlararası əməkdaşlığı təşviq edir və həm Şərq, həm də Qərb ölkələri ilə daha sıx əlaqələr qurur.
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov.
Azərbaycan və Çin strateji tərəfdaşlıq üzrə Bəyannamə qəbul ediblər.
Azərbaycan–Çin münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində indiyədək çoxsaylı tədbirlər həyata keçirilib. Bununla da iki dost dövlət bu qlobal təşəbbüsün reallaşmasına mühüm töhfələr verib. SOCAR dost ölkəyə Azərbaycan və digər mənşəli xam neft, neft, neft-kimya məhsullarının, eləcə də mayeləşdirilmiş qazın (LNG) təchizatını uğurla həyata keçirir.Azərbaycanın elekroenergetika sektorunda Çin şirkətlərinin fəal iştirakı enerji əməkdaşlığını getdikcə möhkəmlədir. Bununla bərabər Çinin enerji müəssisələri ilə uzunillik əlaqələr hazırda “yaşıl enerji” və “yaşıl texnologiya”lar üzrə layihələrlə münasibətlər yeni inkişaf mərhələsinə daxil olur. Bu xüsusda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında “Dongfang” şirkətinin iştirakı, “China Gezhouba Group Overseas Investment” müəssisəsinin 2 QVt gücündə bərpaolunan enerji layihəsinin icrasında fəaliyyəti respublikamız tərəfindən yüksək dəyərləndirilir. Çinin innovasiya yönümlü investisiya imkanları respublikamız üçün mühüm önəm daşıyır. Dost ölkə Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiya sahələrinə xüsusi maraq göstərir. Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi isə ticari–iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Təbii ki, bu şəraitin davamlı şəkildə formalaşmasına iki ölkə arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlər, həmçinin texniki–iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır. Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Respublikamızda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb. Çin şirkətlərinin ölkəmizə olan böyük marağı təsadüfi deyil. Çünki son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiya, sahibkarlıq və biliyə əsaslanan sənaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib. Tətbiq edilən vergi güzəştləri, güzəştli kreditlər, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət–özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb. İşğaldan azad edilən ərazilərdə vergi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyənləşdirilməsi və sadələşdirilən iş prosedurları ilə bağlı əlverişli şərtlər Çin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə marağını şərtləndirib. Bu gün Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir. Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, biz Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq. Prezident cənab İlham Əliyev öz müsahibəsində iki ölkə arasında əlaqələrin gələcək perspektivlərinə də toxundu. Bildirdi ki, “Bəli, gözləntilər çox böyükdür. Lakin mən əminəm ki, istedadlı Çin xalqı bir həll yolunu tapacaqdır. Əminəm ki, onlar artıq yeni inkişaf nöqtələrinə çatıblar, çünki sizin ölkəniz texnologiyada liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyasını təmin edir. Bizim indicə müzakirə etdiyimiz kimi, yaşıl texnologiya sahəsində heç kim sizinlə rəqabət apara bilməz. Dünyanın müxtəlif yerlərindən olan, müxtəlif şirkətləri təmsil edən investorlarımız bu tutumları quraşdırmaq üçün Çin texnologiyasını seçirlər”. İstər Davosda keçirilən görüşlər, istərsə də müsahibə Azərbaycanın nüfuzunun, Prezident cənab İlham Əliyevə yüksək etimadın göstəricisidir. Ölkəmizin hər bir məsələdə mövqeyinə verilən önəm diqqətdən kənarda qalmır. Təbii ki, bu, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olmasından, inkişaf modelinin nümunəviliyindən, münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına göstərdiyi diqqətdən irəli gəlir.
İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva.