19.03.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Novruz bayramı bəşəri və milli-mənəvi dəyərləri ehtiva edir

Novruz bayramı bəşəri və milli-mənəvi dəyərləri ehtiva edir

Novruz bayramı bəşəri və milli-mənəvi dəyərləri ehtiva edir

Novruz bayramı hazırda 24 dövlətdə rəsmi qeyd edilir. Bayramı ən coşqulu Azərbaycanda qeyd edirlər. Türkiyədə 1925 və 1991-ci illərdə rəsmən qadağan edilib. Ancaq 1995-ci ildən yenidən Türkiyədə bəzi bölgələr bayramı qeyd edir. Avropada, Albaniya və Bosniyada Novruz bayramı qeyd edilir. Novruzun tarixi 3 min ilə yaxındır. Novruz bayramının 76-dan çox rəmzi, simvolu və adətləri var. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.

Azərbaycan xalqı SSRİ zamanı bayramı gizli qeyd edib. Ümummili lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına bariz nümunə Onun təmtəraqlı Novruz şənlikləri təşkil etdirməsi olmuşdur. Hazırda xalqımız bu bayaramı tam şəkildə, sərbəst qeyd edir. Novruz bayramı xalqlar və insanlar arasında əlaqələrin gücləndirilməsinə, sülhün bərqərar olmasına xidmət edəcək qədər dəyərlərə sahibdir. Bayramda küsülülərin barışması, insanların qulaq falına çıxması ənənəsi məhz bundan xəbər verir. Son zamanlar ölkəmizə məhz bu bayramı qeyd etmək üçün turistlər axın etməkdədir. Bütün bunlar Novruz bayramının barış, sülh bayramı olduğunu göstərir.

Rəqsanə Qurbanova – Zərdab Peşə liseyinin müəllimi

 

 

Dörd ünsür, dörd bayram çərşənbəsi.

 Novruz bayramı yazın gəlişindən xəbər verən qədim xalq bayramıdır. Bu bayramın tarixi mənbələrdə ulu zərdüşt dinindən gəldiyi qeyd olunur. Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlara halay, bənövşə, cıdır, ənzəli, kos-kosa və bu kimi oyunları aid edə bilərik. Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının zəminidir. Bütün bu mərasimlər hələ İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Deməli, xalqımız və bütün türkdilli xalqlar bu bayramı çox qədimlərdən keçirməyə başlayıblar. Ona görə də bu bayram bizim milli bayramımızdır. Ona görə də hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Bu çərşənbələrdən birinci-su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. İkincisi-od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş torpağı qızdırır, isindirir, od çərşənbəsində ta qədimdən insanlar tonqallar qalayırdılar. Üçüncüsü-yel çərşənbəsidir.Yəni yel artıq azacıq oyanmış torpağı təzəcə çıxmış, yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağaclar yellədir ki, onlar da oyansın. Dördüncüsü-torpaq çərşənbəsidir. Torpağı ona təbiət su ilə isladır, günəşlə isidir, onu yaratmağa hazırlayır, ona görə də ta qədimdən insanlar ilk yaz əkini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar isə səməni saxla məni, ildə göyərdərəm səni deyib buğda isladardılar ki, səməni göyərsin. Beləliklə, çərşənbələr xalqımızın bayram mədəniyyətinin rəngarəngliyini göstərən hadisələrdir. Hazırda çərşənbələr yaz mövsümü ilə bağlı keçirilən Novruz bayramı bir ay əvvəldən xalqı böyük bayrama – Novruza hazırlayır, cəmiyyətdə nikbin ehtiyatları səfərbər edərək ictimai əhval-ruhiyyəni yüksəldir və sosial harmoniyanın təmin edilməsində ciddi rol oynayır.

Hikmət Novruzov – Zərdab rayonu Alıcanlı kənd ümumi orta məktəbin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın