“Qiymət artımları məhsul qıtlığı ilə müşaiyət olunur” – Deputat
ABŞ və Avropa Birliyi Rusiya neftindən imtinanın mümkünlüyünü yenidən müzakirə edir.
“Qafqazaz” xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Ağ Evdən verilən məlumata görə, ABŞ Prezidenti bu gün Avropa liderləri ilə bu istiqamətdə müzakirələr aparacaq.
“Qərb Rusiyaya qarşı beşinci sanksiyalar paket hazırlayır. Söhbət Rusiyanın gündəlik 3 milyon barel neft ixracatına qadağanın müəyyənləşdirilməsində gedir. Müzakirələr artıq neft bazarına təsir edib. Bu gün Brent markalı neftin 1 bareli 4 faiz bahalaşaraq 112 dollara çatıb. OPEK-də Rusiyanın bazardakı azalan payını kompensasiya etmək üçün kvorum yoxdur və şist neft hələlik hasilatı kəskin artırmaq potensialına malik deyil. Bu isə neftin qiymətinin yenidən yüksəlməsinə səbəb olub”.
Deputat qeyd edib ki, ABŞ sanksiyadan əvvəl Rusiyadan idxal etdiyi gündəlik 670 min barel nefti daha qısa müddətdə başqa mənbə hesabına əvəzləməyə çalışmaqla dünya petrol bazarında kəskin qiymət artımlarını əngəlləmiş olsa da, investorlar arasında qeyri-müəyyənlik yüksəlməkdədir.
“Bu isə ondan xəbər verir ki, 2022-ci il də dünya iqtisadiyyatı üçün asan olmayacaq. Artıq dünya bazarındakı qiymət artımları məhsul qıtlığı ilə də müşaiyət olunur”.