Millət vəkili Aşıq Altayı təbrik etdi
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Nəfəs İB sədri F.Balakişiyeva Azərbaycan Aşıqlar Birliyinin sədr müavini Altay Məmmədovla görüşüblər.
Qafqazaz xəbər verir ki, millət vəkili Aşıq Altayı 50 illik yubileyi münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb.
Q.Paşayeva A.Məmmədova Komitə adından Təbrik məktubu təqdim edib. Məktubda bildirilir:
“Hörmətli Altay müəllim,
Sizi 50 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr və magistr təhsili almış, 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Folkor İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamısız. “Göyçəli Aşıq Nəcəfin irsi” mövzusunda dissertasiyanı uğurla müdafiə edərək, fəlsəfə doktoru elmi adını almısız (2017).
Siz gənclik illərindən aşıq sənəti ilə peşəkar səviyyədə məşğul olmuş, yaradıcı aşıq kimi ün qazanmısız. 500-dən çox aşıq şeiri örnəyi, bir qəhrəmanlıq dastanı, bir məhəbbət dastanı yaratmısız. İfanızda 30-dan çox aşıq havası, “Hüseyn Şəmkirli və Reyhan xanım” dastanı dövlət televiziyasının qızıl fonduna daxil edilib. 2009-cu ilin mart və may aylarında UNESKO xətti ilə Fransaya dəvət almış, mötəbər mədəniyyət mərkəzlərində uğurlu çıxışlar etmisiz. Siz dəfələrlə qardaş Türkiyədə, eləcə də Rusiya, Qazaxıstan, Türkmənistan, QKTC-də Azərbaycan aşıq sənətini ləyaqətlə təmsil etmiş, müxtəlif Fəxri fərmanlara, ödüllərə layiq görülmüsüz.
Siz 2008-ci ildən Azəbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüsüz. “Çağdaş Azərbaycan aşıqları şeir antologiyası” (2019) və “Dərbənd el sənətkarları” (2019), “Növrəs İmanın dastan hekayəti” (2019) kitablarının həmmüəllifi, “Aşıq şeirinin poetik biçimləri və çeşidləri” (2018), ”Xəstə Qasım dastanı” (2019), “Aşıq gözəlləmələri” (2020), “Ustad nəfəsli saz-söz ərməğanı” (2021), “Aşıq divaniləri və müxəmməsləri” (2022) və. b. kitabların redaktoru olmusuz.
Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yaradılmış eyniadlı dastan-tamaşanın ssenarisinin həmmüəllifisiz.
Siz 2001-ci ildən doğma ADMİU-da müəllim kimi fəaliyyətə başlamısız. Bir monoqrafiyanın, 20-dən çox elmi məqalənin müəllifi, aşıq sənəti üzrə bir dərsliyin və bir neçə proqramın həmmüəllifisiz. Hazırda ADMİU-nin “Aşıq sənəti” kafedrasının dosenti, 2016-cı ildən Azərbaycan Aşıqlar Birliyinin birinci katibi, 2018-ci ildən Aşıqlar Birliyi sədrinin müavini vəzifəsində çalışırsız.
2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Yubiley döş nişanı”ilə təltif olunmusuz.
Sizi 50 illik yubileyiniz və qarşıdan gələn Novruz bayramı münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
Görüşün sonunda Mədəniyyət komitəsinin sədri Q.Paşayeva və Nəfəs İB sədri Firəngiz Balakişiyeva yubilyara xatirə hədiyyələri təqdim ediblər.
Aşıq Altay Məmmədov səmimi görüş və təbrik üçün təşəkkür edib, Aşıqlar Birliyinin nəşrlərini Komitə sədrinə və Nəfəs İB sədrinə təqdim edib.