21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Avropa İttifaqının dəstəyi ilə Brüsseldə keçirilən sülh danışıqlarının növbəti mərhələsində mühüm irəliləyiş əldə edilib

  • MANŞET
  • 09 Aprel 2022
  • 1.634 BAXIŞ SAYI
Avropa İttifaqının dəstəyi ilə Brüsseldə keçirilən sülh danışıqlarının növbəti mərhələsində mühüm irəliləyiş əldə edilib

Avropa İttifaqının dəstəyi ilə Brüsseldə keçirilən sülh danışıqlarının növbəti mərhələsində mühüm irəliləyiş əldə edilib.

Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan XİN-lərinə müvafiq təlimatlar verildi.
Ümumiyyətlə, sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır.
Danışıqlar zamanı tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlanılması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılacaqdır.
Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınıb.
Avropa İttifaqının minalardan təmizlənmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi də danışıqların mövzusu olub.
Göründüyü kimi, sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT MQ həmsədrlik institutuna istinad yoxdur. Bu, göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır. Həmçinin münaqişə həll olunduğuna görə ATƏT MQ lazımsız təsisata çevrilib, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb.
Avropa İttifaqı dünyada mövcud olan böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Aİ-nin məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına nail olunmasıdır.
Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün də olduqca mühümdür. Ona görə də Aİ  bu məsələdə qərəzsiz tərəf kimi çıxış edir. Bu səbəbdən də tərəflər arasında sülh danışıqlarının uğurlu sonluğunu gözləyənlər çoxluq təşkil edir.
Görüşdən sonra açıqlama verən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin fikirləri də onu deməyə əsas verir ki, tərəflər artıq müxtəlif məsələlərdə ümumi razılığa gələ biliblər. İlham Əliyev və Nikol Paşinyanla çox səmərəli görüşün keçirildiyini deyən Şarl Mişel böyük bir irəliləyişə nail olunduğunu vurğulayıb: “Biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq”.
Avropa İttifaqı İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, cənab İlham Əliyevə ünvanlanmış məktublar dövlətimizin başçısının dünyada böyük nüfuzunun göstəricisidir.
Hazırda Ermənistanda gedən müzakirələr də onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir, Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa məhkumdur.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın