21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Deputat: Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq beynəlxalq səviyyədə qəbul edilir

Deputat: Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq beynəlxalq səviyyədə qəbul edilir

“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı keçirdiyi görüşlərdə regionda sülh, sabitlik-təhlükəsizlik, əməkdaşlıqla əlaqədar çox mühüm məsələlər və məqamlar müzakirə olunub. Xüsusilə, dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikal Paşinyan ilə birgə görüşü zamanı postmünaqişə mərhələsinin reallıqları diqqət mərkəzində olub. 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq edilməsi üçün humanitar addımların davam etdirilməsi, sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqədar konkret addımların atılması, kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib”.

Qafqazaz.com xəbər verir ki, bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni formatın – Brüssel sülh gündəliyinin yaranması təmasların intensivləşdirilməsi və nəticəyə yönəlik fəaliyyətin davam etdirilməsi baxımından əhəmiyyətlidir. Sonuncu görüşün sonucları da bu reallığı təsdiqləyir. İlk növbədə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatların verilməsi irəliyə doğru mühüm addım atıldığını – prosesin davam etdiyini göstərir. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması isə sülh razılaşmasının əsas komponentidir. Təbii ki, burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Yəni Brüssel sülh gündəliyi əsasında aparılan danışıqlar məhz beynəlxalq hüquq normalarına uyğundur. Bu isə prosesin Azərbaycanın əvvəldən bəyan etdiyi yanaşmasına və mövqeyinə müvafiq olduğunu təsdiqləyir.

Deputat qeyd edib ki, görüşdə razılığa gəlinən digər məsələ sərhədlərin dəqiqləşdirilməsi ilə əlaqədardır. Tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradacaqlar. Beləliklə, sərhəddə gərginlik aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi maneəsiz və ardıcıl davam etdirilir. Bu da tərəflər arasında etimad quruculuğu baxımından önəmlidir. Çünki mübahisəli məqamların aradan qaldırılması tərəflərin mövqelərinin yaxınlaşdırılmasına və ortaq – birgə hərəkət mexanizminin yaradılmasına xidmət edir. Digər vacib məqam minalanmış ərazilərin təmizlənməsi, quruculuq işlərinin aparılması, eyni zamanda, itkin düşmüş şəxslərin tapılması ilə bağlıdır. Avropa İttifaqı bu məsələdə Azərbaycana dəstək göstərəcəyini bəyan edir. Bu, regionda təmasların intensivləşdirilməsi baxımından əhəmiyyətlidir.

“Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyanatla çııxş edib. Bəyanatda önəmli məqamlardan biri “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilməməsi və ya 30 il ərzində səmərəsiz fəaliyyət göstərmiş ATƏT-in Minsk Qrupunun həmsədrlik institutuna istinadın olmamasıdır. Bu onu göstərir ki, Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq beynəlxalq səviyyədə, o cümlədən Aİ-nin timsalında qəbul edilir. Avropa İttifaqı postmüharibə reallığı ilə əlaqədar mövqeyini Azərbaycanın yanaşmasına uyğun müəyyən edir. Digər tərəfdən, yeni mərhələdə ATƏT-in Minsk qrupu artıq lüzumsuz təsisat kimi qəbul olunur. Bəzi qüvvələr ATƏT-in “turizm idarəsi” rolunda çıxış edən Minsk qrupunu yenidən proseslərə cəlb etməyə çalışırdılar. Azərbaycanın mövqeyi isə bəllidir. 30 ilə yaxın müddət ərzində vasitəçilik missiyası daşıyan, amma vəzifəsini yerinə yetirə bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyəti etimad və səmimiyyətdən uzaq olub, sülhə, təhlükəsizliyə xidmət etməyib. Münaqişə isə həll edilib, ona görə də ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə artıq heç bir əsas və ehtiyac yoxdur. İndi əsas məsələ müharibəsonrası dövrdə bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, 10 noyabr Bəyanatında əksini tapan məsələlərin icrası, kommunikasiyaların açılması və digər bir sıra istiqamətlərdə fəaliyyət göstərməkdir. Artıq Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb. Yeni mərhələdə müzakirə predmeti “münaqişə qalıqları” deyil, postmünaqişə reallıqlarıdır.Avropa İttifaqı bu prosesdə Bakının mövqeyini əsas götürür. Çünki bu mövqe haqlı və qalib tərəfin, etibarlı tərəfdaşın yanaşmasını özündə əks etdirir, quruculuğa və proqressə xidmət edir. Xüsusilə vurğulanmalıdır ki, Prezidentimiz cənab İlham Əliyev Brüssel danışıqlarında da milli maraqlarımızı qətiyyətlə qoruyub və Avropa İttifaqı dünyada böyük nüfuza sahib olan Azərbaycanın lideri ilə hesablaşır”, – deyə S.Hüseynova vurğulayıb.

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın