22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək

Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək

Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək.

Azərbaycanda azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində. Mənfur düşmən torpaqlarımızı tərk edərkən 30-dan çox elektrik stansiyasını dağıdıb, yandırıb, o stansiyaların qalıqları orada qalıbdır. Xüsusilə Kəlbəcər, Laçın rayonlarında olarkən bunu hər kəs görə bilər.

Bu barədə Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib.

“Biz keçən il bu stansiyaların bərpasına başlamışıq. Bu il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq. Ancaq qalan stansiyaların bərpası və ondan sonra işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar. Çünki əlbəttə, dövlət də bu işi öz üzərinə götürə bilər, ancaq dövlətin digər başqa xərcləri çoxdur – bu, birincisi. İkincisi, bu, sahibkarlar üçün də əlverişli investisiya ola bilər. Nəzərə alsaq ki, azad edilmiş bütün bölgələr bu gün Azərbaycanın digər bölgələri ilə elektrik xətləri ilə birləşdirilib, ona görə orada istehsal olunacaq enerji ümumi sistemə daxil ediləcək. Mən hesab edirəm ki, sahibkarlar üçün bu, çox cəlbedici ola bilər”, – deyə dövlət başçısı vurğulayıb.

İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyasının bu işlə məşğul olduğunu və təkliflər də verildiyini bildirən Prezident deyib: “Hesab edirəm ki, hər bir stansiya üzrə təkliflər verilsin və bəlkə bu müşavirədən sonra sahibkarlar da bu məlumatı məndən eşidib daha da həvəsli olacaqlar. Yaxşı olar ki, bu məsələ ilə maraqlanan sahibkarlar üçün qalan stansiyaların yerləri ilə bağlı xüsusi bir təqdimat keçirilsin, təkcə ermənilər tərəfindən dağıdılmış stansiyalardan söhbət getmir. Hazırda xüsusilə, Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər bizə müraciət edirlər. Əgər xarici şirkətlər üçün bu, maraqlıdırsa, deməli, burada mənfəət olacaq. Yerli şirkətləri də cəlb etməliyik, ya xarici şirkətlərlə birlikdə, ya da ki, ayrı-ayrılıqda. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür. Yəni, bütün bunlardan biz səmərəli şəkildə istifadə etməliyik. Həm bərpaolunan enerji növlərinin ümumi enerji balansımızdakı payını 30 faizə artırmalıyıq, – mən bu göstərişi vermişdim, bəlkə də gələcəkdə daha çox olacaq, – həm də ki, təbii qaza qənaət edib onu indiki yüksək qiymətlərlə ixrac edə biləcəyik”.

 

Vəliyeva Südabə Eminağa qızı.

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın