21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi

30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi

30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi.

Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan bu ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atdı, sentyabrın 27-də baş verənlər isə səbr kasasını daşıran son damla oldu. Vətən müharibəsi başlamışdı və bütün Azərbaycan bir neçə dəqiqənin içində cəbhəyə kökləndi. Hamının qəlbi Vətən naminə döyündü.

Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.

Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.

Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”. Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən isə xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan isə onların cavabını döyüş meydanında verdi. Heç vaxt mülki əhaliyə əl qaldırmadı. 1992-ci ildə Xocalı soyqırımını törədəndə də düşmənin məqsədi dinc əhalini qırmaqla Azərbaycan xalqının ruhunu sındırmaq, onu psixoloji böhrana salmaq idi. Bu dəfə də həmin metoddan istifadə etdi. Amma Azərbaycan xalqı öz haqlı davasında axıra qədər getdi.

Prezident İlham Əliyev hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbərini xalqa çatdıranda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Hətta azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması belə xalqımızın qələbə əzminə təsir etmədi, indi onlar səbirsizliklə doğma torpağa qayıdacaqları günü gözləyirlər. Prezident İlham Əliyev həmişə deyirdi ki, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir. Bu gün döyüş meydanında baş verənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun hadisələrə fərqli yanaşma bacarığını ortaya qoydu. Bu, həm də xalqın öz liderinə sonsuz inamının, ona etimadının təntənəsi idi.

Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr Azərbaycana deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi. Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması bir daha göstərdi ki, beynəlxalq hüquq işləmir və ona riayət olunmur. Güc amili beynəlxalq münasibətlərdə ön sıraya çıxır. Azərbaycan isə öz gücünü məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq hüququn normaları çərçivəsində istifadə etdi. Bu işğalçını “Sülhə məcburetmə” əməliyyatı idi. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə mövqeləri gücləndiyi üçün beynəlxalq ictimaiyyət Azərbaycanın Vətən müharibəsinin beynəlxalq hüquqa uyğun olduğunu anlayışla qəbul etdi.

Azərbaycan bu gün Qarabağ bölgəsinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan ağır problemlərini sürətlə aradan qaldırır. Eyni zamanda, həmişə olduğu kimi, yenə də sağlam qonşuluq münasibətlərinin qurulmasının tərəfdarı olduğunu bildirir. Bununla bağlı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan tədbirlərin reallaşdırılmasını xüsusilə diqqətdə saxlayır. Ölkəmiz bu sənədin tam əməli icrasına və Ermənistan-Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması əsasında bu qanlı münaqişənin yaralarının sağaldılmasına böyük əhəmiyyət verir.

 

Nuranə Ələkbərova

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın