Dünya ölkələri münaqişələrə ikili standartlarla yanaşır – TƏHLİL
Bu gün dünyada mövcud münaqişələrlə bağlı beynəlxalq ictimaiyyətin münasibətini, çoxlu sayda sanksiylar tətbiq etməsini gördükdə bir daha ikili standartların şahidi oluruq. Azərbaycan torpaqları 30 il ərzində erməni işğalı altında qaldığı müddətdə beynəlxalq ictimaiyyət səssiz qalırdı, nəinki sanksiyalar tətbiq etmirdi, qəbul edilmiş qətnamələrin belə yerinə yetirilməsi üçün heç bir addım atmırdı.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, hazırda biz digər münaqişələrlə bağlı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq olunduğunu görəndə bir daha ikili standartların şahidi oluruq.
“30 il ərzində Avrasiya məkanında ən uzunmüddətli olan Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycan dəfələrlə ikili standartların şahidi oldu. Azərbaycan ərazisi işğala məruz qaldı, xalqımıza qarşı etnik təmizləmə, soyqırım, qətliamlar törədildi, ərazilərimizdə ekoloji böhran yaradıldı, mədəni isrimizdə, o cümlədən bəşəri mədəni irsə qarşı böyük vandallıq törədildi, Azərbaycan xalqına məxsus olan milli-mədəni və tarixi abidələr dağıdıldı, məscidlərimizə qarşı təhqiramiz hərəkətlər törədildi.
Azərbaycanın milli irsin və mədəniyyətin qorunmasını təbliğ edən UNESCO-ya çoxlu sayda müraciətləri cavabsız qaldı. Azərbaycan UNESCO-ya müraciətlər etdi ki, həmin ərazilərə gəlsinlər və bu vandallıqla bağlı rəylərini bildirsinlər, lakin təşkilat bu istiqamətdə heç bir addım atmadı. Təkcə UNESCO deyil, digər beynəlxalq təşkilatlar da eyni mövqe sərgilədilər. Qətnamələr qəbul edilsə də Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı heç bir addım atılmadı, dünyanın ən ali təşkilatı olan BMT tərəfindən münaqişə ilə bağlı qəbul edilən qətnamələr kağız üzərində qalmışdı. Avropa İttifaqı, Avropa Şurası tərəfindən də qətnamələr qədul edilmişdi, lakin bunların heç biri həyata keçirilmədi.
Lakin Azərbaycan dövləti öz ordusunun gücünə qətnamələrin icrasını təmin etdi. İllər ərzində dinc əhalimizə qarşı törədilən Xocalı, Başlıbel, Ağdaban və digər soyqırımların cinayətkarları hələ də cəzasız qalırlar. Mədəni irsimizə qarşı törədilər soyqırımlarla bağlı da hələ də bir münasibət sərgilənməyib. 60-dan çox məscidimiz dağıdılıb, məscidlərimiz təhqir olunub ancaq beynəlxalq təşkilatlar tərəfindən heç bir münasibət bildirilməyib.
Lakin guya azad edilmiş ərazilərdə erməni mədəni irsinin təhlükədə olması ilə bağlı ermənilərin saxta məlumatlarına dərhal münasibət bildirirlər ancaq 30 il ərzində Azərbaycanın milli-mədəni irsinə qarşı törədilən barbarlığa qarşı hər hansı bir münasibət bildirmirdilər, – deyə deputat əlavə edib.