Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır
Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır
Yarandığı gündən etibarən Qoşulmama Hərəkatı beynəlxalq arenada sülhün və təhlükəsizliyin qorunmasında mühüm rol oynayıb. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirməklə beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib. Məlum olduğu kimi 2019-cu ildən etibarən ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə başladıqdan sonra Hərəkatın beynəlxalq nüfuzunun, təsirinin gücləndirilməsi, Hərəkat üzvlərinin marağının, beynəlxalq hüququn və ədalətin müdafiəsi istiqamətində ciddi işlər həyata keçirilib. Koronavirus pandemiyasının törətdiyi fəsadlara baxmayaraq, Azərbaycan vəziyyətə çevik və adekvat reaksiya verərək, sədrliyini müvəffəqiyyətlə həyata keçirmişdir. Bununla yanaşı, ölkəmizin sədrliyi ilə Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə böyük töhfələr verilmiş və onun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atılmışdır.
Kamal Xəlilov
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı