Deputat: Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlığa əsaslanır
Azərbaycan artıq bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi də diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlığa əsaslanır və bu istiqamətdə inkişaf edir.
Ötən gün ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda da məhz mühüm strateji istiqamətlərə toxunması, dövlətimizin ərazi bütövlüyü ilə bağlı məsələləri önə çəkməsi və onu dəstəklədiyini bildirməsi həm iki ölkə arasında olan münasibətlərin göstəricisidir, həm də Azərbaycanın beynəlxalq münasibətlərin müstəqil aktoru olaraq bu münasibətlər sistemində nüfuzu kimi qiymətləndirilməlidir. Məktubun əsas məqamlarından biri ABŞ Prezidentinin 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyərdir.
2001-ci ilin sentyabrında ABŞ-da törədilən terror hadisəsindən sonra Azərbaycan Birləşmiş Ştatlara tam dəstəyini ifadə edib. Bu gün də beynəlxalq antiterror koalisiyasında Azərbaycan hərbçiləri ABŞ əsgərləri ilə çiyin-çiyinə terrorizmə qarşı birgə mübarizə aparırlar. Azərbaycanın terrorizmə qarşı mübarizədə öz logistik imkanlarını ortaya qoyaraq ABŞ-a xüsusi dəstək verməsini nəzərə alsaq, bu, münasibətlərimizin nə dərəcədə əhəmiyyətli olmasına dəlalət edir. ABŞ həmçinin Azərbaycanın enerji siyasətində yer alan əsas tərəfdaşlardan biridir. Bu sahədə əlaqələr strateji xarakter daşımaqla həm Bakının, həm də Vaşinqtonun maraqlarına cavab verir. ABŞ-ın sabiq prezidentləri də Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri hər zaman yüksək qiymətləndiriblər. Bu məktub isə ondan xəbər verir ki, Ağ Evin indiki rəhbərliyi də Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsindəki roluna mühüm əhəmiyyət verir. Bu məktub həm də bundan sonrakı mərhələdə yeni dünya nizamı yaranması prosesində ABŞ və Azərbaycanın qarşılıqlı münasibətləri ilə bağlı əsas istiqamətləri müəyyən edən fikirlərdir.
ABŞ Prezidentinin məktubu həmçinin Azərbaycanın böyük nüfuz sahibi olmasının göstəricisidir. Azərbaycan artıq güclü dövlətlər sırasında yer alıb. Şübhəsiz ki, ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində dünya miqyasında bu mövqeyini qoruyub saxlayacaq və daha da möhkəmləndirəcək.
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı