21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Müəssisələrdə baş verən açıq korrupsiya faktlarına Baş Prokurorluq hələ də susur… – NİYƏ?

Müəssisələrdə baş verən açıq korrupsiya faktlarına Baş Prokurorluq hələ də susur… – NİYƏ?

Az qala iki ildir ki, “DogruXeber.az” redaksiyası adından mütəmadi olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğuna müxtəlif mövzularda rəsmi müraciətlər göndəririk. Hamısında da müraciəti göndərdikdən sonra ayrıca, şəxsən zəng edib, mətbuatla əlaqələr şöbəsinin əməkdaşları Kənan bəy və Aynur xanımın diqqətinə xüsusi çatdırırıq. Hətta, bir neçə dəfə yuxarıda adlarını xüsusi qeyd etdiyimiz məsul şəxslərə həmin müraciətləri votsap vasitəsilə də göndərmişik. Onlar da araşdırıb cavab verəcəklərini bildiriblər.

Amma…..

Onu da qeyd edək ki, hər dəfə müraciətin mövzusu fərqli olsa da, əksəriyyəti tibb sahəsində baş verən korrupsiya halları ilə bağlı olub.

Yeri gəlmişkən, qeyd edək ki, Korupsiya ilə Mübarizə Baş İdarəsi də məhz Azərbaycan Respublikasının Baş Prokurorluğunun nəzdində yaradılmış orqandır. Lakin, maraqlıdır ki, Baş Prokurorluğa ünvanladığımız korrupsiya faktları barəsində nə redaksiyamıza cavab verilmir, nə də ümumiyyətlə həmin faktlar barəsində araşdırma aparılmır, heç bir tədbir görülmür.

Yardımlı rayon Mərkəzi Xəstəxanası və Təhsil Şöbəsində, Qobustan rayon Mərkəzi Xəstəxanasında, “Qan institutu”nda və sair digər bir neçə tibb müəssisələrindəki qanunazidd əməllər, eyni zamanda rüşvət faktları ilə bağlı rəsmi müraciətlər, fotolar, audio və video sübutlar da ünvanlamışıq.

Sonuncu müraciətlərimizdə isə 13.06.2022-ci il tarixində Akademik Zərifə Əliyeva adına Oftalmologiya mərkəzində cərəyan edən rüşvətxorluq və 07.07.2022-ci il tarixində Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında cərəyan edən korrupsiya halları barəsində yazılı müraciət, üstəlik də foto+video görüntülər göndərmişik.

Lakin, istər ekoloji ziyanlar barəsində verdiyimiz məlumatlar, istər bundan əvvəllər də bu kimi halların baş verdiyi tibb müəssisələri və rəhbərləri barəsində göndərdiyimiz rəsmi müraciətlər kimi, Tibb Universitetinin Onkoloji Klinikası və Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzi barəsindəki müraciətlərimiz də cavabsız qaldı.

Doğrusu, Baş prokurorluq, eləcə də yerli prokurorluqların “ağ xalat sevdası”nı iki ildir ki, hələ də anlamış deyilik.

Lakin, bütün cavabsız müraciətlərimizin nəticəsi olaraq belə qənaətə gəldik ki, ölkədə müxtəlif qurumlarda, xüsusilə də Ekologiya və Tibb sahəsindəki korrupsiya hallarının bu qədər geniş vüsət almasına şərait yaradan məhz prokurorluqdur.

Kaş Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya ilə mübarizə Baş İdarəsi rüşvət adı ilə tez -tez həbs etdikləri jurnalistlərə qarşı olduqları qədər, barəsində hazır faktlar verdiyimiz Tibb müəssisələri və həmin müəssisələrin rəhbərlərinə qarşı da “gözüaçıq” olardı.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın