Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür
Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür.
Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Qazaxıstan arasında münasibətlərdə canlanma müşahidə olunmaqdadır. Azərbaycan və Qazax xalqlarının dostluğu qədim tarixə malikdir. Belə ki, eyni kökə, mədəniyyətə və milli adət-ənənələrə malik olan Azərbaycan və Qazax xalqları arasındakı dostluq daimi və sarsılmaz olmuşdur. Bu iki dost və qardaş ölkə arasında diplomatik münasibətlər bu gündə uğurla davam etdirilməkdədir.Məlum olduğu kimi avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda rəsmi səfərdə olmuşdur və səfər çərçivəsində iki ölkə arasında müvafiq əməkdaşlıq sənədləri imzalanmışdır.
Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik. Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır.Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib
Azərbaycan və Qazağıstanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur. Hər yerdə də Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyət göstərirlər. Qazaxıstanla Azərbaycanın siyasi dostluğunun yüksək səviyyəyə çatdırılması da önəmli hadisədir. Işğaldan azad olunmuş Qarabağın yenidən qurulmasında Qazaxıstanın iştirakı dostluğumuzun bariz təzahürüdür. Belə ki, Qazaxıstanın Azərbaycana hədiyyəsinin-işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü və humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəzin Füzuli şəhərində tikilməsi nəzərdə tutulumuşdur. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənmiş və artıq yaşayış fondunun ilk tikililəri başlamışdır.
Bu gün Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidentimiz cənab İlham Əliyev Qazaxıstan dövləti ilə əməkdaşlığa böyük önəm verir və qardaş ölkələr arasındakı münasibətlər daha da inkişaf etmişdir. Ölkələrimiz arasında imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” bunun bariz nümunəsidir.
Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi – Aliyə Rüstəmova