Ölkənin Əsas Qanunu ən yüksək hüquqi qüvvəyə malik olmaqla, canlı orqanizm kimi daim inkişafdadır
Ölkənin Əsas Qanunu ən yüksək hüquqi qüvvəyə malik olmaqla, canlı orqanizm kimi daim inkişafdadır
İstənilən sivil cəmiyyətdə insan hüquq və azadlıqlarının tanınması və həmçinin bu hüquq və azadlıqların təminatı mexanizmlərinin mövcudluğu olduqca böyük əhəmiyyət kəsb edir. Bu gün cəmiyyətin inkişafı insanın ali dəyər, onun hüquq və azadlıqlarının təmin edilməsinin isə dövlətin qarşısında duran əsas vəzifə kimi qəbul edildiyi halda mümkündür. Bu baxımdan qeyd edilməlidir ki, Əsas Qanunun ən böyük fəsli olan üçüncü fəsli bütövlükdə əsas insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmiş, bu fəsildə hüquqi dövlətdə təmin edilməsi zəruri olan əsas hüquq və azadlıqlar, onların reallaşdırılma mexanizmləri, eyni zamanda, ayrı-ayrı hüquqların qanuni məhdudlaşdırılmasının mümkün hədləri nəzərdə tutulmuşdur. Xüsusilə qeyd edilməlidir ki, Əsas Qanunda ehtiva edilən bu hüquq və azadlıqlar vətəndaşlara verilən imtiyaz deyil, hər kəsin doğulduğu andan malik olduğu toxunulmaz, pozulmaz və ayrılmaz ali dəyər kimi ifadə edilir. Bu mənada, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumağın qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olması ilə bağlı müddəa olduqca önəmlidir.
Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olaraq təsbit edilməsi, eyni zamanda, Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmasının qeyd edilməsi xüsusi əhəmiyyət daşıyır.
Ölkənin Əsas Qanunu ən yüksək hüquqi qüvvəyə malik olmaqla, canlı orqanizm kimi daim inkişafdadır. Bu da təsadüfi deyil, çünki Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetinə daxil olan münasibətlər, hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə konstitusiya islahatlarının aparılması obyektiv tələbata çevrilir. Bu baxımdan bu ali sənədin də müəyyən vaxtlarda müvafiq əlavə və dəyişikliklərin edilməsi yolu ilə müasir tələblərə uyğunlaşdırılması kifayət qədər səciyyəvi haldır. Məlum olduğu kimi, məhz belə zərurətdən irəli gələrək 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Əsas Qanuna bir sıra əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. Şübhəsiz ki, həyata keçirilmiş Konstitusiya islahatları demokratik prinsip və dəyərlərin bərqərar olmasının, insan hüquq və azadlıqlarının təminatına göstərilən diqqətin təzahürü olmaqla, ölkəmizdə demokratikləşmə proseslərinin genişləndirilməsi, sabitliyin və təhlükəsizliyin, yüksək templə gedən inkişafın möhkəmləndirilməsi məqsədlərinə xidmət edir.
Bu gün əminliklə demək olar ki, Azərbaycan dövlətinin hərtərəfli tərəqqisi, ölkə həyatının ən müxtəlif sahələrində həyata keçirilən irimiqyaslı islahatlar öz əsasını məhz Konstitusiyadan götürüb. Əsas Qanunda təsbit edilmiş prioritetlər və prinsiplər ölkəmizdə güclü sosial dövlətin qurulmasına, dövlət hakimiyyəti orqanlarının, o cümlədən məhkəmə-hüquq sisteminin müasir tələblərə uyğun təşkili, eyni zamanda, məhkəmə hakimiyyətinin müstəqilliyinin və hakimlərin statusunun əsasları təsbit edilməklə onların fəaliyyəti üçün əsaslı hüquqi zəmin yaradıb.
Əsas Qanunun dövlətimizin hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin timsalında konstitusiya nəzarəti orqanının yaradılması oldu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və 1998-ci ildə fəaliyyətə başlamış Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru