Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər
Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər
Zəngin mədəniyyətə və tarixə malik olan Rumıniya Avropanın tarixində olduğu kimi, dünya siyasətində də özünəməxsus rol oynayır. Bir sıra qlobal iqtisadi layihələrin iştirakçısı olan bu ölkə eyni zamanda Şərq-Qərb əlaqələrinin daha da inkişaf etdirilməsi tərəfdarı olaraq çıxış edir. Geosiyasi cəhətdən əlverişli mövqedə yerləşən Rumıniya bu gün həm regionun, həm də Avrasiyanın strateji əhəmiyyətli bir dövlətinə çevrilmişdir. Təsadüfi deyil ki, Rumıniya hazırda bir sıra regional və beynəlxalq qurumların fəal iştirakçısıdır. Bunu rəsmi Buxarestin Avropa İttifaqı və NATO kimi təşkilatlarda özünəməxsus söz sahibi olmasından da görmək olar.
Beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində Rumıniya həmçinin iqtisadi artımın təmin edilməsi və Avropa əmək bazarının balanslaşdırılması, humanitar sahədə Avropa İttifaqına üzv dövlətlərin qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsi, yaranmış problemlərin aradan qaldırılması, bütün Avropa sakinləri üçün insanların azad hərəkətləri daxil olmaqla əsas hüquq və azadlıqlara hörmətlə yanaşılması hallarına böyük önəm verir. Bu gün Avropanın enerji təhlükəsizliyini Rumıniyasız təsəvvür etmək mümkün deyil. Buxarest eyni zamanda həm enerji mənbələrinin, həm də nəqliyyat marşrutlarının şaxələndirilməsi yolu ilə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsi və enerji infrastrukturlarının inkişafına yönəldilmiş proseslərdə əvvəlki kimi yenə də fəal iştirak edir. Xüsusəndə Azərbaycan ilə qardaş Rumıniya arasında bu sahədə münasibətlərin genişlənməsi hər iki ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə səbəb olur. Belə ki, 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən “Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə” imzalandı. Bu, Azərbaycanın Avropa Birliyinə üzv dövlət ilə bağladığı ilk strateji tərəfdaşlıq müqaviləsi idi. Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc