22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan üçün Avropa İttifaqı çox önəmli tərəfdaşdır

Azərbaycan üçün Avropa İttifaqı çox önəmli tərəfdaşdır

Azərbaycan üçün Avropa İttifaqı çox önəmli tərəfdaşdır.

 

Azərbaycan dövləti beynəlxalq münasibətlərdə əlaqələrini qarşılıqlı münasibətlər, beynəlxalq hüquq, müasir yanaşma və qarşılıqlı anlaşma kontekstində qurur. Ölkəmizin daxili və xarici münasibətləri ilk növbədə Azərbaycanın milli və dövlət maraqlarına uyğun olmalıdır. Bu istiqamətdə dövlətimizin mövqeyi bəllidir. Hər hansı bir beynəlxalq təşkilat və ya dövlət Azərbaycanın haqlı mövqeyinə zidd davranarsa, qərarları və ya qərarsızlığı ilə diqqəti çəkərsə dövlətimizin prinsipial münasibəti ilə üzləşər. Azərbaycanın bu mənada mövqeyi dəyişməzdir. Artıq ATƏT in Minsk qrupu ilə bağlı mövqe bu fikrin təsdiqidir. Avropa İttifaqı Şurasının Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə qoşulmasından sonra hazırlanan sənədlərdə ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur.

Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb. Bu gün Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, hər zaman öz qərəzsizliyini və bitərəfliyini qoruyub saxlamağa çalışır. Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır.

Ölkəmiz 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Aİ ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalmasına baxmayaraq, Şərq Tərəfdaşlığının çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional siyasət kontekstində öz milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaratmaqla Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Hazırki reallıqda Azərbaycan və Ermənistan ona etimad göstərir. Avropa İttifaqı yerinə yetirdiyi missiyası ilə ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını qarşısına məqsəd qoyub ki, bu istiqamətdə nailiyyətlər əldə etməyə yaxındır. Prezident İlham Əliyev cari ilin 29 aprel tarixində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında bu məsələyə aydınlıq gətirərək qeyd etdi ki, Azərbaycan üçün Avropa İttifaqı çox önəmli tərəfdaşdır. Azərbaycan Avropa İttifaqını ədalətli vasitəçi hesab edir və onun səylərini alqışlayır.

Avropa İttifaqı ilə çox geniş gündəlik mövcuddur. Ermənistan-Azərbaycan münaqişəsi heç vaxt onun bir hissəsi olmamışdır. Çünki bu məsələ ilə Minsk qrupu məşğul olurdu və Avropa İttifaqı bu məsələdən bir az uzaq idi. Lakin indi ticarət, enerji, nəqliyyat, humanitar və demokratik inkişaf məsələləri ilə birlikdə bu məsələ də gündəliyimizdədir. Ölkə Prezidenti həmçinin dünyada mövcud olan ikili standarta və ikili münasibətə də kəskin şəkildə mövqe nümayiş etdirdi: “Ermənistana və Azərbaycana verilmiş maliyyə paketi arasında böyük fərq mövcud idi və buna düzəliş olunmuşdur. Avropa İttifaqı Ermənistana 2.6 milyard, Azərbaycana isə 140-160 milyon avro yardım paketini elan edib.

Bu, bir daha ikili standartların təzahürüdür. Ermənistan üçün ayrılmış vəsaitin böyük hissəsi kredit deyil, qrant olacaq, yəni hədiyyə. Azərbaycana isə yüz neçə milyon. Avropa İttifaqı Azərbaycana minatəmizləmə işlərinə 5 milyon avro ayıracaq” . Onu da əlavə etmək lazımdır ki, cənab Prezidentin haqlı iradından sonra Avropa İttifaqının Azərbaycana ayırdığı maliyyə paketinin həcmi artırılıb.Bu həmçinin nüfuzlu təşkilatın ölkəmizə olan maraq və diqqətinin artmasının nəticəsidir. Beləliklə mövcud vəziyyət Avropa İttifaqı ilə əlaqələri daha da dərinləşdirməyi diqtə edir.Təqdirəlayiq haldır ki, bu məsələdə tərəflər müsbət mövqelərini sərgiləməkdədirlər.

 

Əsmər Əliyeva

Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın