Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir
Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir.
Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkəmiz təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində həlledici rol oynayır, transmilli enerji bazarlarında özünəməxsus yer tutur. Avropanın enerji təhlükəsizliyində fəal iştirak edir ki, bu da Azərbaycanın planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.Dövlətimiz kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir. Bu siyasətin prioritet vəzifələri ölkənin təbii enerji ehtiyatlarının qorunması və səmərəli istifadəsi, milli energetika sektorunun inkişafı, əhalinin və iqtisadiyyatın neftə, qaza, elektrik enerjisinə və digər enerji daşıyıcılarına olan daxili tələbatının tam və davamlı təminatı, xarici ölkələrin Xəzər bölgəsindəki beynəlxalq, regional və yerli enerji maraqlarının və təhlükəsizliyinin respublikanın milli maraqları ilə əlaqələndirilməsi, ölkənin enerji təhlükəsizliyindən irəli gələn digər strateji məsələlərin həllindən ibarətdir. 2022-ci ilin iyulunda Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu mühüm sənəd gələcək planlar üçün aydın yol xəritəsi kimi dəyərləndirilir. Enerji sektorunda daha bir uğurlu addlardan biri Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan Bolqarıstan Qaz İnterkonnektorunun açılışı idi. Bu isə Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazın Bolqarıstana çatdırılmasını təmin edəcək. Ümumilikdə, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında, daha dəqiq desək, dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin – TAP-ın işə düşməsi ilə başlayıb. Azərbaycan qazına tələbat isə artır. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan Respublikası, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması birgə səmərəli fəaliyyətin zəruriliyini bir daha təsdiqlədi. İmzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev sazişə imza atan dövlətlərin Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməsi ilə bağlı çağırış da etdi. Bundan başqa Bolqarıstanın paytaxtı Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki,”bu ilin sonuna qədər bütün zəruri interkonnektorların mövcudluğu şərtilə Azərbaycan Macarıstan və Slovakiyaya qaz nəqlinə başlamağı planlaşdırır”. SOCAR Albaniya hökuməti ilə həmin ölkədə qazpaylayıcı sistemin yaradılması üçün danışıqlar aparır. Hələlik Albaniya SGC marşrutu üzrə yalnız tranzit ölkə kimi çıxış edir. Prezident deyib:”Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən “ən azı” ona görə deyirə ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq”.
Budur 2023-cü ilin dekabr ayı. Hazırda təbii qazımız səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Inkişafımız göz qabağıdadır. Əlvə sözə, şərhə ehtiyac yoxdur.
Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev
İnamla hədəfə doğru gedirik
Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada hazırkı geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Artıq iki ildən çoxdur ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Məlum olduğu kimi, dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Bu kimi açılış mərasimlərinin hər biri iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əməkdaşlığa xüsusi önəm verir. Avropa İttifaqına üzv ölkələrin üçdə biri ilə strateji tərəfdaşlıq Memorandumu mövcuddur. O da məlumdur ki, ötən ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Bu Memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər bunu təsdiqləyir, biz bu hədəfə doğru gedirik. Ümumilikdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Bütün bunlar Azərbaycanın əməkdaşlığa böyük önəm verməsindən, daim coğrafiyasının genişlənməsi üçün təşəbbüslərlə çıxış etməsindən irəli gəlir. Azərbaycanın beynəlxalq aləmdə əməkdaşlıq məkanı kimi nüfuz qazanması atdığı real addımlara əsaslanır.
Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev