22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Dünya iqtisadiyyatına inteqrasiya uğurla davam edir

Dünya iqtisadiyyatına inteqrasiya uğurla davam edir

Dünya iqtisadiyyatına inteqrasiya uğurla davam edir

Daim inkişaf edən dünyamızda baş verən inteqrasiya prosesləri demək olar ki, bütün ölkələri əhatə edir. Hazırda inteqrasiyanı zamanın tələbi adlandırmaq da düzgün olar.Təbii ki, Azərbaycan da inteqrasiya prosesindən geridə qalmayıb. Son  illərdə ölkəmiz dünyada müstəqil siyasət yürüdərək inkişaf yolu keçib, öz milli strategiyasını quraraq, dünyada nüfuz qazanıb. Eyni zamanda, siyasi-iqtisadi, mədəni-mənəvi konsepsiyalar işlənərək vahid ideologiya da uğurla formalaşdırılıb. Bu formalaşma prosesi Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başladı. Ulu öndər dövründən başlayaraq ölkəmiz balanslaşdırılmış xarici siyasət kursuna önəm verərək, beynəlxalq aləmə uğurla inteqrasiya olundu. Həmçinin, region və dünya ölkələri ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr quruldu.

Uğurla başlanan dünyəvi inkişaf və siyasi xətt sonradan ölkə başçımız cənab Prezident İlham Əlliyevin   dövründə daha da inkişaf etdirilərək gücləndirildi. Nəticədə bu gün Azərbaycan dünya ölkələri üçün güvənilən tərəfdaşdır. Ölkəmizin dünya birliyinə inteqrasiyasının əsasında dayanan başlıca faktorlardan biri son illərdə həyata keçirilən beynəlxalq layihələr, bu layihələrin nəticəsi olaraq Şərqlə Qərbi birləşdirən tranzit ölkə rolunda çıxış etməsi, iqtisadi inkişafdır.  Beynəlxalq təcrübə təsdiq edir ki, iqtisadiyyatın inkişafında xarici investisiya qoyuluşunun böyük üstünlükləri vardır. İnvestisiya qoyuluşu respublikanın milli iqtisadiyyatı ilə dünya iqtisadiyyatı arasında daha səmərəli inteqrasiyanı təmin edir.

Həyata keçirilən bütün beynəlxalq tədbirlər ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasın təmin edir. Həm də dövlətlərarası əlaqələrini gücləndirərək Azərbaycanı Cənubi Qafqaz regionunda lider dövlətinə çevirir. Ölkəmizin digər dövlətlərlə beynəlxalq əlaqələrindən danışarkən ilk olaraq Türkiyənin adını qeyd etmək lazımdır.  Xüsusilə Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bu əlaqələrin strateji xarakter daşıdığını, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. Son dövrlərdə isə iki ölkə arasında münasibətlər ən yüksək səviyyədə inkişaf edir. Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz örnəkdir. Dövlət başçılarının uğurla davam edən səmimi dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşdirir. İki ölkə arasında hərbi əməkdaşlıq qardaşlıq münasibətləri üzərində qurulub. Təbii ki, işğaldan azad edilən torpaqlarımızda bərpa-quruculuq layihələrinin gerçəkləşdirilməsi istiqamətində də qardaş ölkə əməşdaşlıq edilir. Şübhəsiz ki, Azərbaycanın ilkin tərəfdaşları sırasında türk şirkətləri ilk yerlərdə dayanır.

Ümumilikdə götürüldükdə bu gün ölkəmiz təkcə iqtisadiyyat deyil, eləcə də humanitar, sosial, təhsil, rabitə və texnologiya, energetika, mədəniyyət, səhiyyə, məhkəmə, miqrasiya və s. müxtəlif sahələrdə dünyanın müxtəlif ölkələri və beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir. Bu gün Azərbaycan regionun və dünyanın ən dinamik inkişaf edən dövləti kimi tanınır. Bu inkişaf tempi ölkəmiz üçün yeni üfüqlər açır və daha böyük perspektivlər üçün güclü zəmin yaradır.

 

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru – Kəmalə Əliyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın