Cəbrayılın azad olunması uğrunda aparılan döyüşlər
Cəbrayılın azad olunması uğrunda aparılan döyüşlər
Torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası, haqq-ədalətin bərqərar olması uğrunda apardığımız, sonu zəfərlə bitən Vətən müharibəsi Azərbaycan tarixinə ən şərəfli və şanlı səhifələrdən biri kimi yazıldı. Müzəffər ordumuzun tarixi qələbəsi uzun illər davam edən haqsızlığa, ədalətsizliyə son qoydu. Tarixi ədalət bərpa olundu. Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu.Düşmənə öz layiqli cavabı verildi.
44 gün ərzində xalqımız qürur və fəxarət dolu günlər yaşadı. Bu hadisələrdən biri də elə mübarizənin ilk həftəsində işğaldan azad olunduğu 4 oktyabr 2020-ci il tarixidir. Bu möhtəşəm qələbə Böyük Zəfərə gedən yolda ordumuzun ilk addımı oldu. Strateji əhəmiyyətinə görə mühüm məntəqələrdən biri olan Cəbrayıl şəhərinin azad olunması digər ərazilərin də düşmən tapdağından təmizlənməsinə şərait yaratdı. Eyni zamanda bu qələbənin yaratdığı ruh yüksəkliyi və mənəvi- psixoloji üstünlük ordumuza, əsgərlərimizə gələcək qələbələr üçün böyük stimul oldu.
Cəbrayıl uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər, 80 kənd işğaldan azad edildi.
Digər tərəfdən də bu tarixi qələbə elə ilk addımdaca ermənilərin illər boyu ordularının yenilməzliyi haqqında uydurduqları yalanı üzə çıxardı, ifşa etdi.
Bütün qələbələrimiz kimi 4 oktyabr tarixi də Zəfər tariximizin şanlı səhifələrindən biri kimi tariximizə qızıl hərflərlə yazıldı. Bu şərəfi, bu qüruru bizlərə yaşadan qalib Ali Baş Komandana, müzəffər və rəşadətli ordumuzun hər bir əsgərinə sonsuz sevgi və minnətimizi bildirir, Vətənin azadlığı yolunda canından və qanından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova