22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ölkələrin inkişafında humanitar amilin strateji statusu

Ölkələrin inkişafında humanitar amilin strateji statusu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət ölkəmizin beynəlxalq aləmdə nüfuzunu durmadan artırır. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları Azərbaycan dövlətinin apardığı müstəqil siyasəti bəyənir və bölgədə yaratmış olduğu reallıqları qəbul edirlər.

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qırğızıstan Respublikasında işgüzar səfərdə olub.

Bu gün Azərbaycan və Qırğızıstan dövlətləri arasında əsl qardaşlıq, tam anlaşma mövcuddur. Qırğızıstan Respublikası ilə münasibətlər də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyevin ötən gün Qırğızıstana baş tutan səfəri kifayət qədər məhsuldar səfərdir. İlham Əliyevin Qırğızıstan səfəri iki ölkə münasibətlərinin inkişaf etməsinə yeni təkan verəcək. Təsadüfi deyil ki, Qırğızıstan Prezidenti Sadır Japarov da Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində etdiyi çıxışında münasibətlərimizin yeni mərhələyə qədəm qoyduğunu qeyd etdi. Qırğız lider həmçinin bu prosesdə Azərbaycan Prezidentinin rolunu xüsusi olaraq vurğuladı. O, bildirdi ki, Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. Prezident cənab İlham Əliyev də öz növbəsində qeyd etdi ki, bizim qardaşlığımız sözdə deyil, əməldədir, Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır və biz hər gün bu tərəfdaşlığı yeni məzmunla zənginləşdiririk. Azərbaycan Prezidentinin Qırğızıstana səfərinin ən yaddaqalan məqamlarından və nəticələrindən biri də bu oldu ki, iki ölkənin paytaxt şəhərləri – Bakı və Bişkek qardaşlaşmış şəhərlər oldular. Paytaxtlarımızın rəsmi səviyyədə qardaşlaşması heç şübhəsiz ki, xalqlarımızın qardaşlığının davamıdır. Qarşıdakı illərdə Bakıda Qırğızıstan mədəniyyət günlərinin, Bişkekdə isə Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi dostluq və qardaşlıq münasibətlərimizi daha da dərinləşdirəcək. Bu gün Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatların tədbirlərində hər zaman bir birini dəstəkləyib. Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq mədəni irsin və ortaq tarixin mövcud olması qarşılıqlı əlaqələrin formalaşmasında mühüm rol oynayır. Əməkdaşlıq imkanlarının müzakirəsi imkan verir ki, dost ölkənin iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər.

Xalqlarımız ortaq mədəni irs və ortaq tarixə malik xalqlardır. Məhz  Azərbaycanla Qırğızıstanı birləşdirən bir çox ortaq dəyərlər ölkələrimizin starteji tərəfdaş olmasını şərtləndirən əsas səbəblərdəndir. Dövlətlərarası münasibətlərdə humanitar sahə həmişə mühüm yer tutub. Bu sahədə mühüm əlaqələri olan ölkələrimiz mütəmadi olaraq qarşılıqlı təşəbbüslərlə çıxış edir və bir-birini dəstəkləyirlər. Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Aparılan danışıq və imzalanan bütün sənədlər, xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qalxacaq, ölkələr arasındakı qardaşlıq və dostluq əlaqələri daha da möhkəmlənəcək.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın