Zəngəzur dəhlizi zamanın və qalib Azərbaycanın haqlı tələbidir
Türkiyə Prezidentinin Azərbaycana bu səfəri də əksər beyin mərkəzlərinin, xüsusilə ermənipərəst dairələrin diqqətində idi. Dünyada, o cümlədən bölgəmizdə cərəyan edən geosiyasi proseslər fonunda beynəlxalq diqqətin bu səfərə fokuslanması təsadüfi deyil. Ermənistanın siyasi-hərbi rəhbərliyi, ona patronajlıq edənlər, erməni sevdası ilə “alışıb-yanan” dairələr görəndə ki, cəmi iki ilə yaxın müddət ərzində inşa olunmuş Zəngilan Beynəlxalq Hava Limanına ilk rəsmi səfəri məhz Türkiyə Respublikasının Prezidenti edir və hər kəsə hər şey əladır mesajını verir, heç şübhəsiz, bu möhtəşəm qardaş birliyi onların qayğılarını, “dərd-sərini” bir az da artırır, Ermənistana isə əlavə məyusluq yaşadır.
“Böyük siyasətçilər arasında bəzən elə ani, gözlənilməz dialoqlar baş verir ki, bu zaman ötürülən mesaj mahiyyət yükünə görə hər hansı bəyanatdan daha kəsərli alınır, rəsmi mərasimin fikir yükünü bütün incəliyi ilə kənar müşahidəçilərə çatdıra bilir. Belə dialoqlardan biri də Zəngilan Hava Limanının açılış mərasimində qırmızı lent kəsilərkən baş verdi. Türkiyə lideri Prezident İlham Əliyevə xitabən incə yumorla soruşdu ki, qayçının tutacağı qızıldandırmı? Azərbaycan Prezidentinin ilk baxışdan qısa, amma mahiyyətcə mərasimin beynəlxalq səviyyəli ictimai-siyasi əhəmiyyətini ehtiva edən cavabı, əslində, məlum ünvanlara növbəti tutarlı mesaj idi: “Qızıla bənzəyir, amma Siz kəsəcəksiniz, qızıldan da qiymətli olacaq”. Prezident İlham Əliyevin təkcə bu qısa replikası kifayətdir ki, qısqanc dairələr, nəhayət, mövcud reallığı qəbul edib bununla barışsınlar: Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixi köklərə, ortaq milli-mənəvi dəyərlərə, din və dil birliyinə, sözlə əməlin vəhdətinə söykənir. İki qardaş ölkə liderlərinin ali səmimiyyəti zəmanət verir ki, bu dəyərlərdən hər biri bütün digər maraqların fövqündə dayana bilsin.
Prezident İlham Əliyevin mətbuata bəyanatında bildirdiyi növbəti fikir isə, iki qardaş ölkənin liderləri səviyyəsindəki mövqe və siyasi iradə birliyinin göstəricisi, dünyaya verilən və biri digərini tamamlayan ümumi mesajın ayrılmaz tərkib hissəsidir
Beynəlxalq media mənsubları bu cür açıq mesajların ardınca adətən bildirirlər ki, əlavə şərhə ehtiyac yoxdur. Həqiqətən də belədir. Bu bəyanatlardan sonra qısqanc yanaşmaya və süni narahatlığa heç bir əsasın olmadığı ilə bütün maraqlı qüvvələr gec-tez barışmalı olacaq. Çünki yalnız bu yol bölgəmizdə dayanıqlı sülhə, qarşılıqlı şəkildə faydalı əməkdaşlığa və ölkələrin müstəqil və suveren yaşamaq haqqının qorunmasına xidmət edir. Təhlükəsiz dünya nizamının təmin olunması da yalnız bu seçimdən keçir. Ümid edək ki, bəzi böyük dövlətlər və qısqanclıq göstərən ölkələr beynəlxalq hüququn və bu hüquqa söykənən suveren imtiyazların maraqlardan üstün tutulmalı olduğunu, nəhayət, qəbul edəcəklər. Razılaşmalı olacaqlar ki, selektiv yanaşmadan imtina edilmədikcə, ərazi bütövlüyünün qorunması prioritet hüquqa çevrilmədikcə, böyük-kiçikliyindən asılı olmayaraq, heç bir ölkə mümkün təhlükələrdən sığortalana bilməyəcək. Əminəm ki, başqalarının oyununda ənənəvi alət rolunda çıxış edən Ermənistan rəhbərliyi də gec və ya tez bunu başa düşəcək. Başa düşəcək ki, Zəngəzur dəhlizi də zamanın və qalib ölkənin haqlı tələbidir.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı