Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub
10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə tarixli Üçtərəfli Bəyanat imzaladılar.Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı.Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsi oldu və bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşadı, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevindi .Ərazi bütövlüyümüz təmin olundu.İmzalanan bəyanatda digər önəmli məqam ondan ibarət idi ki,burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutu idi. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazisidir.
Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu.Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrinə nəticələndi.Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilərlə qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb oldu.Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərdi.
Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, “Dağlıq Qarabağ”da yeni erməni dövlətinin yaradılması planları pozuldu. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmadı və öz amalına qovuşdu.
Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi-Aliyə Rüstəmova