23.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir

XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir

XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir.

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi işğalçılıq və soyqırımı siyasətinin növbəti mərhələsini təşkil edən, erməni millətçiliyinin terrorizm və şovinizm mahiyyətini göstərən və bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanın hər yerində, o cümlədən dünyanın bir çox dövlətlərində müxtəlif tədbirlər keçirilir, soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdur. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etmişdir. Şəhəri tərk edən əhali pusquya salınmış, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirilmiş, ya da əsir götürülmüşdür. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilmiş, 1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum qalmışdır. 487 nəfər Xocalı sakini şikəst edilmiş və onlardan 76 nəfəri uşaqlardan ibarət olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirmişdir. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülmüşdür. Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir. Eyni zamanda, o dövrdə bir sıra xarici nəşrlərdə yer almış təkzibolunmaz faktlar da Xocalıda ermənilərin törətdikləri dəhşətləri bütün çılpaqlığı ilə gözlər önünə sərmişdir. Fransada nəşr olunan “Valer aktuel” jurnalının 14 mart 1992-ci il sayında, “Le Mond” qəzetinin 1992-ci il 14 mart tarixli sayında, İngiltərənin “The Sunday Times” qəzetinin 1992-ci il 1 mart tarixli sayında, 1992-ci il fevralın 28-də “Washington Post” (ABŞ), martın 8-də “The Sunday Times” (London) qəzetlərinin və martın 25-də “Krua l`Eveneman” (Paris) jurnalında, Rusiyanın  “İzvestiya” qəzetinin 1992-ci il 13 mart tarixli sayında və bir sıra xarici dövri nəşrlərin səhifələrində yer alan məlumatlarda şahidlərə istinadən bildirilmişdir ki, ermənilər Xocalıda yüzlərlə ailəni qətlə yetirib, qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış meyitlər aşkarlanmış, insanlar diri-diri yandırılmışdır. “Hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü”, – deyə bu nəşrlərdə qeyd ounmuşdur.

O dəhşətli gecədə tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, yerlə yeksan edilmiş, xarabalığa çevrilmişdir. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində şəhərdə 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi tamamilə dağıdılmış, XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunmuş, qəbiristanlıq vandallara xas üsullarla dağıdılmış, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinmişdir.

Bu faktlar bir daha ermənilərin tarix boyu azərbaycanlılara qarşı yürütdüyü mənfur siyasətin, Xocalıda baş verənlərin soyqırımı siyasətinin mühüm tərkib hissəsi olduğunu təsdiqləyir. Ona görə də həm bu, həm də sadalanan digər faktlar sübut edir ki, erməni qəsbkarları tərəfindən törədilən və qəddarlığı, amansızlığı ilə xüsusi fərqlənən bu kütləvi insan qırğını genosid faktıdır və insanlığa qarşı ən ağır cinayətlərdəndir. Belə ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir. Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilib. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onu genosid aktı kimi qiymətləndirməyə tam əsas verir. Azərbaycana qarşı təcavüz zamanı bu Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub.

Təəssüf ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımı faktına həmin dövrdə ölkəmizə rəhbərlik edən siyasi qüvvələr layiqli qiymət verməyib, bu faciənin dünya ictimaiyyətinə dolğun və obyektiv çatdırılması üçün iş görülməyib. Yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli soyqırımının əsl mahiyyətini açıqlayıb, 1994-cü ilin fevralında Ulu öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 2002-ci il fevralın 25-də Ulu öndər Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərərək bildirib ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Ulu öndər Heydər Əliyev Xocalı soyqırımı haqqında danışarkən deyib ki, bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.

 

Aygün İsmayılova

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın