23.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İqtisadi müstəqilliyin təmin olunması strategiyası

İqtisadi müstəqilliyin təmin olunması strategiyası

İqtisadi müstəqilliyin təmin olunması strategiyası

İqtisadiyyat bütün dövlətlərin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz. Onda demək olar ki, dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Azərbaycanda iqtisadi inkişaf özünəməxsus inkişaf metodu ilə fərqlənir. Tarix boyu müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü təhdid altında olan Azərbaycan dövlətinin sistemli iqtisadi inkişaf strategiyası olmadığına görə ölkə iqtisadiyyatı dəfələrlə böhranlarla üzləşmiş, Azərbaycan xalqı layiq olduğu həyat səviyyəsinə nail ola bilməmişdir. Zəngin təbii resurslara malik olmasına baxmayaraq, güclü siyasi liderin olmaması səbəbindən ölkədə iqtisadi münasibətlər düzgün tənzimlənməmiş, mövcud potensialdan səmərəli şəkildə istifadə edilməmiş, nəticədə Azərbaycan xalqı zaman-zaman böhran və fəlakətlərlə üzləşmişdir. XX əsrin 60-cı illərində Azərbaycanın yenidən dərin iqtisadi böhran mərhələsinə qədəm qoyduğu bir tarixi şəraitdə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev ölkədə nəinki yeni dövlətçilik ənənələrinin, həmçinin zamanında uğurla icra edilən və gələcək nəsillərə ötürülən sosial-iqtisadi inkişaf strategiyasının əsasını qoymuşdur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrünün – 1969-1982-ci və 1993-2003-cü illərin sosial-iqtisadi vəziyyətinin statistik təhlili bir daha göstərir ki, O, ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atmış, uzaqgörənliklə, əsaslandırılmış şəkildə hazırlanan, respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramlarının müəllifi olmaqla onların icrasına tam nail olmuşdur.Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyin birinci dövründə iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

Ölkənin dayanaqlı iqtisadi inkişafını və beynəlxalq əhəmiyyətini müəyyən etmiş “Əsrin müqaviləsi

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Ümummilli Lider Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. “Əsrin müqaviləsi” adı ilə tarixə yazılmış Azərbaycanın ən böyük transmilli neft müqaviləsini dəyərləndirərkən bir neçə aspektdən yanaşmaq lazımdır: Siyasi, geosiyasi və iqtisadi aspektdən. Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqımız bu təhlükədən onu xilas edəcək lideri – Ulu Öndər Heydər Əliyevi təkidli tələblərlə Naxçıvandan Bakıya dəvət etmiş və demokratik yolla hakimiyyətə gətirmişdi. Həmin dönəmlərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi yeni-yeni möhkəmlənməyə başlayırdı. Transmilli korporasiyaların Azərbaycan neftinə marağının güclü olmasına baxmayaraq, ölkə qanunverciliyində sərmayə qoyuluşu üçün hüquqi təminatlar yetərli deyildi. Şübhəsiz, bu məsələlərdə Ulu Öndər Heydər Əliyevin fenomenal şəxsiyyəti mühüm rol oynadı. Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinə qarşı inam və etimad “Əsrin müqaviləsi”nin bağlanmasında həlledici amilə çevrildi. Belə ki, sovetlər birliyinin idarə edilməsində iştirakı zamanı şəxsi keyfiyyətləri ilə seçilməsi, qətiyyəti, işgüzarlığı, Onu ən vacib keyfiyyəti kimi başqalarından fərqləndirmiş və dünya liderləri arasında yüksək nüfuz sahibi olmasına zəmin yaratmışdır. Dünya liderləri arasında yüksək etimada layiq bir şəxsiyyətin Azərbaycanda hakimiyyətə gəlməsi yeni epoxanın əsasını qoydu. Yeni dövr dünyanın super güclərinin təmsil olunduğu sözügedən transmilli neft müqaviləsinin bağlanması ilə özünün pik səviyyəsinə çatmışdı. 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında uzunmüddətli atəşkəs razılaşması əldə edilmişdi. Bundan 4 ay sonra isə artıq “Əsrin müqaviləsi”nin reallaşması baş vermişdir. 20 sentyabr 1994-cü ildə gerçəkləşmiş “Əsrin müqaviləsi”də Azərbaycan Respublikası ilə ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanının 13 ən məşhur neft şirkəti Amoco, BP, McDermott, UNOCAL, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinasının əsası qoyuldu. Müstəqil Azərbaycan Respublikasının yeni tarixinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr 1994-cü il bugünkü və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaq. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini-Əvəz Soltanov

 

 

Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü lider kimi təsdiq etmişdir

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli dövlət adamları çox olub. Onlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalıb və unudulmayıblar, hər birinin Azərbaycan tarixində öz yeri və izi olub. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xüsusi rolu vardır. Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə də özünü məhz lider kimi təsdiq edib. Bu dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Ulu Öndər Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitri istedaddır, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Ulu Öndər Heydər Əliyev məhz ikincilərdəndir. Ümummilli lider Heydər Əliyev təkcə güclü dövlət başçısı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti həmkarlarına nisbətən daha güclü idi. Ulu Öndər öncədən bilirdi ki, zamanında itirilmiş torpaqlarımız geri qayıdacaq. Sadəcə zamana və güclü Azərbaycan xalqının formalaşmasına ehtiyac vardı. Nəhayət, bu zaman yetişdi. Ümummilli Lider Heydər Əliyevin davamçısı Prezident cənab İlham Əliyev Ulu Öndərin getdiyi yol ilə gedərək 2020-ci ildə Azərbaycan torpaqlarını geri aldı. Bu gün Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib. Təməli Ulu Öndər tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğunun Azərbaycan modeli və siyasi kursu, həmçinin ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar Prezident cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

 

Yalnız Ulu Öndər hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır

Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Ümummilli Lider Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu Öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir. Ümummilli Liderimizin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Ümummilli lider Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəni parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın