Zəfər seçkisi
Zəfər seçkisi
Prezident cənab İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə verdiyi sərəncam yeni reallıqlardan irəli gəlir. Belə ki, 2020-ci ilin sentyabr ayında başlanan və cəmi 44 gündən sonra 30 illik işğala son qoyan Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdir. Bu müddət ərzində Azərbaycan çox böyük uğurlara imza atıb. Həm müharibəni, həm də yenidənqurma işlərini təkbaşına aparır. Bütün bu uğurların altında Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin imzası var. Deməli, indiki növbədənkənar prezident seçkilərini həm də Zəfər seçkiləri də adlandırmaq olar və xalqımız bu seçkilərə də inamla gedir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ən qüdrətli dövrünü yaşayır. Reallıq budur ki, seçkilərin nə vaxt keçirilməsindən asılı olmayaraq nəticə xalqın istəyinə uyğun olacaq. Bu seçim 2024-cü ildə də, 2025-ci ildə də dəyişməz qalacaqsa, ölkəmizdə dinamik olaraq genişlənən inkişafı, Qarabağımızda aparılan quruculuq işlərini, xarici siyasətimizdə əldə etdiyimiz misilsiz uğurları seçkilərlə gedilib. Bütün gerçəkliklər nəzərə alınıb və seçkilərin sadəcə vaxtı irəli çəkilib. Kimsə 2025-ci ilədək xalqın seçiminə hansısa siyasi zümrənin təsir edə biləcəyini düşünürsə yanılır, bunlar boş və xam xəyallardır. Əminliklə deyə bilərik ki, xalqımız bu dəfə də cənab Prezidentimizin yanında olacaq, Ulu Öndərimizin təməlini qoyduğu siyasəti dəstəkləyəcəkdir.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri
Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək
Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ciddi siyasi hadisə olacaq. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda seçki məntəqələri qurulacaq və səsvermə hüququ olan hər kəs bu prosesdə iştirak edə biləcək. Regionda baş verən siyasi proseslər fonunda ölkəmizdə keçirilməsi nəzərdə tutulan seçkilərin nəticələri Azərbaycanın gələcək inkişafına, təhlükəsizliyimizə ciddi təsir göstərəcək. 2018-ci ildə Prezident seçildikdən sonra Prezident cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problemin – ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Bu gün ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Bu, həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Əminliklə söyləmək olar ki, xalqımız bu seçkilərdə çox fəal iştirak edəcək.
Budəfəki seçkilər əvvəlkilərdən müəyyən qədər fərqli olacaq. İlk dəfə olaraq biz qalib ölkə üçün prezident seçəcəyik. Vətən müharibəsində qazandığımız Qələbə seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək. Azərbaycan vətəndaşlarının seçkilərə münasibətində Qarabağ, ərazi bütövlüyü amili hər zaman önəmli rol oynayıb. Xatırlayırıq, əvvəlki seçkilərdə vətəndaşlar bir qayda olaraq “bizi qələbəyə aparacaq, torpaqlarımızı işğaldan azad edəcək namizədə səs verəcəyik”,- deyə bildirirdilər. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda sosial problemlər heç zaman ərazi bütövlüyü məsələsindən öndə olmayıb. Azərbaycan xalqı hər zaman inkişafa, sabitliyə, tərəqqiyə səs verib. Prezident olmaq istəyən namizədlərin də çıxışlarında Qarabağ, suverenlik, ərazi bütövlüyünün təmin olunması mövzuları prioritet təşkil edirdi. Regionda baş verən proseslər, siyasi dəyişikliklər seçkilərin vaxtının irəli çəkilməsini zəruri etdi. Əminliklə demək olar ki, sağlam rəqabət şəraitində keçiriləcək seçkilərin nəticələri heç bir tərəfdə, hətta beynəlxalq təşkilatlarda belə şübhə doğurmayacaq.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal
Özünə inam və xalqın dəstəyinə əminlik
Azərbaycan Respublikasının Konstitusiyasının 101-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Prezident seçkilərini elan edə bilər. Bu mənada, 2024-cü il fevralın 7-nə növbədənkənar Prezident seçkilərinin müəyyən edilməsi Prezidentin konstitusion formada təsbit olunmuş müstəsna səlahiyyəti olmaqla hüquqi əsası mübahisə doğurmayan prosedurdur. Növbədənkənar seçkilərin zərurətinə gəlincə, aydındır ki, Azərbaycanın Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında işğal və təcavüzə, habelə separatizmə son qoyması ilə nəinki Azərbaycanda, bütövlükdə regionda yeni reallıq yaranıb.
Üç il əvvələ qədər “yeni müharibə və yeni torpaqlar” iddiaları ilə lərzəyə gələn bir region bu gün, nəhayət ki, xoş niyyət təzahürlərinə, humanizm dəyərlərini rəhbər tutan etimad quruculuğu istiqamətində razılığa şahidlik edir. Qafqaz kimi mürəkkəb regionda, nə qədər gözlənilməz olsa da, artıq sülhün addım səsləri eşidilir. Daha doğrusu, qətiyyəti ilə işğala, təcavüzə, separatizmə son qoyub Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirən siyasi iradə, indi də regionda sülhü bərqərar etməkdədir. Beləliklə, illər ərzində Azərbaycanı rəngli inqilablar və ərəb baharının dağıdıcı təsirindən müdafiə etməyi bacaran Prezident cənab İlham Əliyev indi də regionu yad ünsürlərin təşviqi ilə qütblərarası toqquşma nöqtəsi olmaqdan qorudu. Aydındır ki, Zəfərimizdən doğan yeni reallığın tələbləri ilə ötən dövrün tələbləri heç də bütün hallarda üst-üstə düşmür, hədəflərimiz də 3 il əvvəlki hədəflərdən fərqlənir. Yeni dövr üçün start verilən və bizi böyük qələbələrə aparan islahatların yeni mərhələsində olduğu kimi, Prezident cənab İlham Əliyev bu dəfə də reformları zirvədən başlayır. Bu isə əslində siyasi mədəniyyətin zirvəsi deməkdir.
Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru
Qalib xalqın Qalib Prezidenti
Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ciddi siyasi hadisə olacaq. Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq bizim altı ali konstitusion niyyətimizdən biridir. Biz real müstəqilliyimizin 30-cu ilində, nəhayət ki, bu ali niyyətlərimizə nail ola və bəyan edə bilirik ki, Azərbaycan bütün aspektlərdə müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü təmin etmiş dövlətdir və tariximizdə ilk dəfə beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüz çərçivəsində seçki keçirməyə hazırlaşırıq. Bu mənada, fevralın 7-nə müəyyənləşən növbədənkənar Prezident seçkiləri əslində bizim qürur tariximizin mühüm bir həlqəsi olacaq.
Bu gün Qafqaz mürəkkəb tarixi inkişaf yolu keçib, amma etiraf edək ki, tarixinin heç bir dövründə Azərbaycan bu regionun lokomotivi ola bilməyib. Amma bu gün Ulu öndər Heydər Əliyev siyasi kursu regionda yeni dövr başladır. Necə ki, Ulu öndər Heydər Əliyev yalnız xalqa – ona canı-qanı ilə dəstək olmağa hazır olan milyonlara güvənərək müasir Azərbaycan dövlətini qurdu, Prezident cənab İlham Əliyev də tam yeni Azərbaycanın quruculuğunda heç bir amilə yox, məhz xalqın etimadına güvənərək erkən seçkilərə gedir. Bu, Liderin xalqına inamı, xalqın isə Prezidentinə olan etimadının ən ali göstəricisidir. Bu, eyni zamanda, xalq üçün bir fürsətdir ki, 20 ildir bizi qələbədən-qələbəyə aparan, Azərbaycanı qalib dövlətə çevirən müzəffər Liderinə özünün minnətdarlığını çatdırsın. Çünki bu ölkəmizin elə bir dövrü olub ki, idarə etmədə səriştəsi olmayanlar da, acizi də, məğlubu, fərarisi də rəhbərlik edib, amma biz ilk dəfədir ki, bütün suveren ərazilərimizi əhatələyəcək seçkilərdə qalib sərkərdəyə səs verəcəyik. Bu, bir zamanlar çevrilişlə hakimiyyəti zəbt etmiş dairələrin, yaxud siyasi nihilistlərin, antimilli ünsürlərin qiymət verə biləcəyi məsələ deyil. Xalq yaxşı anlayır ki, bu siyasətin alternativi yoxdur və fevralın 7-də bunu bir daha dünyaya nümayiş etdirəcəkdir.
Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc
Siyasi acizliyin və məğlubiyyətin etirafı
Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu böyük tarixi hadisədir. Xalqımızın bu dəfə də doğru seçim edəcəkdir. Belə ki, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident cənab İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər.
Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir.
Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazıçılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olmuşdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Bu isə yalnız və yalnız siyasi acizliyin və məğlubiyyətin etirafıdır.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc