22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

8 noyabrda Üçtərəfli Bəyanatın qəbul edilməsi bizim böyük siyasi uğurumuzdur

8 noyabrda Üçtərəfli Bəyanatın qəbul edilməsi bizim böyük siyasi uğurumuzdur

8 noyabrda Üçtərəfli Bəyanatın qəbul edilməsi bizim böyük siyasi uğurumuzdur.

 

“8 noyabr tarixində 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinə və Azərbaycan ərazilərinin işğalına son qoyan, öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş yüzminlərlə azərbaycanlının fundamental hüquqlarının bərpa olunduğu, bölgədə sülh və əməkdaşlıq üçün imkan yaradan 44 günlük Vətən müharibəsi nəticəsində minlərlə azərbaycanlının canı və qanı bahasına qazanılmış Zəfər Günü qeyd olunur. Müstəqilliyinin ilk illərindən qonşu ölkə Ermənistanın hərbi təcavüzü, işğalı, etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan, bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan sülh prosesinə sadiq olmaqla yanaşı, işğal faktı ilə barışmayacağını daim bəyan edib. Ermənistanın uzun illər ərzində status-kvonun saxlanılmasına hesablanmış imitasiya naminə danışıqlar aparması, bu destruktiv fəaliyyətə beynəlxalq vasitəçilərin göz yumması və adekvat tədbirlər görməməsi nəticəsində Ermənistanın təcavüzkar siyasətini, “yeni ərazilər uğrunda yeni müharibələr” konsepsiyasını irəli sürərək hərbi-siyasi təxribatlarını intensivləşdirməsi 44 günlük Vətən müharibəsini şərtləndirən amillərdən idi. Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən öz ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını təmin etdi, bununla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail oldu. 44 gün ərzində Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı, cəbhə xəttindən çox uzaqda yerləşən ərazilərdə yaşayan azərbaycanlılara qarşı Ermənistan tərəfindən müharibə cinayətlərinin törədilməsinə baxmayaraq, xalqımızın birliyi və həmrəyliyi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. 8 noyabr 2020-ci il tarixində Azərbaycan tarixinin və mədəniyyətinin incisi Şuşa şəhərinin işğaldan azad olunmasından sonra 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Üçtərəfli Bəyanata uyğun olaraq isə Ermənistanın Kəlbəcər, Ağdam və Laçın rayonlarından silahlı qüvvələrini çıxarması ilə ərazi bütövlüyümüz təmin edildi.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov

 

 

 

Əsas güc mənbəyi.

Xalqın birliyi, özünəinamı və ölkə rəhbərliyinin siyasi kursuna verdiyi dəstək qarşısında həll olunmayacaq ümummilli bir məsələ yoxdur. Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədyönlü strateji siyasətin məntiqi nəticəsi kimi qəbul olunur. Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaşın qəlbini fərəh hissi ilə doldurur. Azərbaycan torpaqlarının işğaldan azad olunması tarixi hadisə və yeni inkişaf dövrünün başlanğıcıdır. Şübhəsiz ki, qazanılan qələbə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir. Azad olunan ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı yenidən dalğalanır. Hazırda həmin torpaqlarda misilsiz quruculuq işləri həyata keçirilir. Sevindirici haldır ki, əldə etdiyimiz zəfər nəticəsində keçmiş məcburi köçkün vətəndaşlar tezliklə öz doğma yurd-yuvalarına qayıdacaq. Xalqımız və dövlətimiz bu uğurlara siyasi və hərbi bacarığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, həmrəyliyi sayəsində, həmçinin ordumuzun əzmi və qəhrəmanlığı ilə imza ata bilib. Azərbaycan Ordusu xalqımızın və dövlətimizin qürur mənbəyidir. Azərbaycan bu zəfəri ilə sübut etdi ki, onun ərazi bütövlüyü uğrunda qəhrəmanlıq, fədakarlıq göstərməyə, düşməni məhv etməyə qadir olan övladları var. Düşmən üzərində mütləq qalibiyyət qazanan rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgərləri döyüşlərdə böyük şücaət göstərib. Hər bir əsgərimiz öz qanı-canı bahasına şəhidlərimizin qisasını alıb, torpaqlarımızın işğaldan azad edilməsinə nail olub. Vətən üçün döyüşlərdə şəhidlik zirvəsinə ucalan və sağlamlığını itirən oğullarımız var. Dərslərində Qarabağ tarixini şagirdlərinə öyrədən, vətənpərvərlik tərbiyəsi verən müəllimlər də 30 ildən sonra Vətən müharibəsində öz keçmiş şagirdləri ilə çiyin-çiyinə döyüşərək şanlı zəfərin qazanılmasında iştirak edib, vətənpərvərlik nümunəsi göstəriblər. Azərbaycan xalqı hər bir əsgərin, hər bir qazinin, Milli qəhrəmanların və Vətən müharibəsi qəhrəmanlarının əməyini yüksək dəyərləndirir, şəhidlərin xatirəsini hər zaman uca tutur, onları hörmətlə anır. Dövlətimiz tərəfindən qazilər və şəhid ailələri hərtərəfli qayğı ilə əhatə olunur. Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifahının daha da yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşadı. İndi bütün dünya güclü Azərbaycan Ordusunun qüdrətindən, yenilməz Azərbaycan əsgərindən, şanlı tarix yazan igidlərimizin qəhrəmanlığından danışır. Hər birimiz Vətənin bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəlmiş igid övladların müqəddəs xatirəsini ehtiramla anırıq. Uca Tanrıdan şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Həyatını Vətən naminə qurban verən hər bir övladımız Azərbaycan tarixində qəhrəman kimi yaşayacaq. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, tariximizin yeni dövrü bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də qarşımıza yeni vəzifələr qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər sahədə parlaq zəfərlərə imza atmaqda davam edəcək, bölgənin və dünyanın nüfuzlu dövləti olaraq bundan sonra da sabitlik və inkişaf nümunəsi kimi qəbul olunacaq.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov

 

 

Yaşıl enerjini ixrac etməklə bizim önəmimiz daha da artacaq.

 

Azərbaycan dünyada yeganə ölkədir ki, ağır müharibədən dərhal sonra işğaldan azad edilən torpaqlarda bərpa və yenidənqurma işlərinə başlayıb.  Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı yeni iqtisadi rayonların yaradılması haqqında Fərman Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlərin yerinə yetirilməsi üçün hüquqi baza yaratdı. İşğaldan azad edilmiş ərazilərin bərpası,  gələcək inkişafının təmin olunması,  zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində bölgədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Gələcək illərdə qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından,  təbii sərvətlərindən yararlanmaq mümkün olacaq.  Ötən əsrin 90-cı illərində xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün artıq dörd ölkəyə elektrik enerjisi  ixrac edir.  Qarabağ və Şərqi Zəngəzurun enerji potensialı isə  ölkəmizdə enerji istehsalını bir neçə dəfə artıracaq.  Bərpaolunan enerji növlərinin inkişafı  da   həmin məqsədə yönəldilib.  Bu  istiqamətdə  böyük planlar tərtib olunub və genişmiqyaslı işlər görülür.  Belə ki, Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi  nəzərdə tutulur.  Xudafərin və Qız qalası su elektrik stansiyalarından yaxın zamanlarda 140 meqavat elektrik enerjisi əldə ediləcək.  Mütəxəssislərin fikrincə,  Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın külək və enerji gücləri potensialı var. Ehtimal edilir ki,  Qarabağ və Şərqi Zəngəzurda külək,  günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur.  Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi,  ekoloji təmiz,  səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək deyib ki,  azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov 

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın