22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir

Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir

Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir

Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi çağdaş dünyada çox əhəmiyyətli güc mərkəzinin formalaşmasından xəbər verir. Azərbaycan və Türkiyə bu güc mərkəzinin bazasını təşkil edərək prosesə öz töhfələrini verirlər. Məhz belə məqamda Prezident cənab İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi təbii haldır. Bu iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisi olmaqla yanaşı, həmçinin dostluq, qardaşlıq münasibətlərinin strateji mahiyyət kəsb etdiyinin göstəricisidir. Həmin görüşlər zamanı Azərbaycan və Türkiyə Prezidentlərinin verdiyi mesajlar türk dövlətlərinin Türk Dövlətləri Təşkilatı çərçivısində sıx birliyinin möhkəmlənəcəyindən, bu təşkilatın önəminin, miqyasının və rolunun dünyada yüksələcəyindən xəbər verir.

Ötən əsrin 70-80-ci illərində türkdilli ölkələrin nə zamansa müstəqil olacaqlarını heç kim ağlına gətirmirdi. Hətta müstəqillik ideyasını kimsə ciddi qəbul edə bilməzdi. Tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proses yaşanır. Bu gün isə geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib. Hətta Türk Dövlətlər Təşkilatının hədəfləri böyük bir coğrafiya üçün strateji əhəmiyyət kəsb edir.Türk coğrafiyasının genişlənməsi millət olaraq bizim strateji maraqlarımıza uyğundur. Biz bu proseslərə ən azından hazırlıqlı olmalıyıq. Dünyanın belə qaynar çağında yeni güc mərkəzi formalaşır. Çox müsbət haldır ki, bu güç mərkəzi heç bir topluma, ölkəyə qarşı çevrilmiş ittifaq deyil. Türkiyənin və Azərbaycanın böyük dəstəyi ilə formalaşan bu birlik inkişafa, sabitliyə, təhlükəsizliyə, iqtisadi əməkdaşlığın dərinləşməsinə hədəflənir. Digər tərəfdən bu gün bir çox dövlətlərin ərazisində yaşayan etnik türklər var. Böyük ehtimalla onların da gələcəkdə bu qlobal güc mərkəzindən faydalanması realdır. Türk coğrafiyasının genişlənməsi regionda və dünyada sabitliyə, inkişafa töhfə verməklə bərabər qeyri türk dövlətləri üçün də əhəmiyyətli olacaq.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Qardaşlıq əlaqələrinin təzahürü

Azərbaycan Respublikasının Prezidenti, Qalib Lider, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütöv, suveren ölkəmizdə keçirilən seçkilərdə tarixi zəfərə imza atdıqdan sonra ilk rəsmi səfərini dost Türkiyəyə etməsi yeni dövrün başlağıcında artıq iki qardaş dövlətin bundan sonrakı münasibətində yeni üfüqlərin açıldığının təzahürüdür. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilib. Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirdiyi kimi, “Prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.”

Hər zaman olduğu kimi, bu səfər çərçivəsində də müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması, eləcə də aparılan müzakirələr mövcud münasibətlərin daha da dərinləşməsinə əsasdır.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub

Prezident cənab İlham Əliyevin cari ilin 19 fevral tarixində Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı keçirilən görüşlər çərçivəsində ticarət, enerji və müdafiə sənayesi sahələrindəki əlaqələr müzakirə edilib. Cənab Prezident bildirib ki, “Bu gün təkbətək görüş əsnasında bir çox məsələləri müzakirə etdik, bu il üçün və gələcək illər üçün “Yol xəritəsi”ni bir daha gözdən keçirdik. Müdafiə sənayesi sahəsində çox gözəl irəliləyişlər var və prezident seçkilərindən iki gün sonra mənim iştirak etdiyim ilk tədbir “Bayraktar Akıncı” PUA-sının təqdimatı idi. Artıq PUA-lar da Azərbaycan səmasında uçur və bu, bizim üçün həm əlavə imkanlar yaradır, eyni zamanda, texnoloji inkişafımız üçün önəmli şərtdir”.

Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər bu sahədə həyata keçirilən davamlı islahatların və məqsədyönlü tədbirlərin  nəticəsində Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır. Ümumiyyətlə, Azərbaycanda müasir ordu quruculuğu işləri davam edir və yeni mərhələdə silahlı qüvvələrimiz Türkiyə modelinə uyğunlaşdırılır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı qüvvələrimiz Türkiyə modelinə keçir və ordu quruculuğu istiqamətində qardaş Türkiyənin modeli əsas götürülür. Bu istiqamətdə xeyli işlər görülüb. Xüsusi olaraq dağ komanda birlikləri, hərbi hissələr yaradılıb ki, müasir döyüşlərdə və yeni müharibələrdə  onun çox böyük önəmi var. Eyni zamanda, xüsusi təyinatlılarımızın sayının artırılması istiqamətində də xeyli addımlar atılıb. Azərbaycan Silahlı Qüvvələri ştat-zabit strukturuna uyğun olaraq, Türkiyə modelinə keçib və bu keçiddə qardaş Türkiyənin xüsusi rolu var. Eləcə də, antiterror əməliyyatlarının keçirilməsi, dağda və ərazilərdə əməliyyatların keçirilməsi və sair istiqamətlərdə birgə təlimlər keçirilib. Bu təlimlərin əhəmiyyəti odur ki, Azərbaycan ordusu istənilən situasiyaya hazır vəziyyətdədir. Bundan başqa, Azərbaycan ordusunun tərkibində “Komando” birliklərinin yaradılması da Türkiyə təcrübəsinin nümunəsidir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil

Qardaş Türkiyə uğurlu inkişaf modelinə malik olan ölkədir. Yaxşı haldır ki, Azərbaycan da tarixi ənənələr, milli-mənəvi dəyərlər və ortaq maraqlar baxımından dərindən bağlı olduğu, Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətləri qurduğu Türkiyə ilə sıx əməkdaşlıq edir və ayrı-ayrı sahələrdə qardaş ölkənin təcrübəsindən bəhrələnir. Bu günlərdə Prezident cənab İlham Əliyevin Türkiyəyə baş tutan uğurlu səfəri çərçivəsində keçirilən tədbirlərdə tərəflər o mövqedən çıxış ediblər ki, artıq təhsil sahəsində də səyləri əlaqələndirmək zamanı çatıb. Belə ki, fevralın 19-da Ankarada Prezident cənab İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Çox doğru olaraq vurğulanır ki, bu sənəd iki ölkə arasında təhsil sahəsində inteqrasiyanın genişlənməsinə yeni imkanlar yaradacaq. Mətbuata verdiyi Bəyanatında bəhs olunan sənədin böyük önəm daşıdığını diqqətə çatdıran Prezident cənab İlham Əliyev “Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür”, – deyə vurğulayıb.

Azərbaycanla Türkiyənin təhsil sahəsində əməkdaşlığının dərinləşdirilməsinin zəruriliyini müxtəlif amillər şərtləndirir. İnternet bütün dünyanı, necə deyərlər, bir ovuc içinə sığışdırıb. Əlbəttə, innovasiyalar inkişafdır, bunsuz həyatımızı heç təsəvvür etmək belə mümkün deyil. Ancaq internet üzərindən xalqların həyatına, ənənələrinə, milli dəyərlərinə nüfuz edilməsi cəhdlərini də yaddan çıxartmamalıyıq. Müəyyən qüvvələr qloballaşma adı altında gənclərlə əlaqələr quraraq onları milli köklərdən uzaqlaşdırmağa çalışırlar. Milli ideyası olmayan cəmiyyətin və ölkənin gələcəyi isə məhvə məhkumdur. Azərbaycan və Türk xalqları eyni bir ağacın qol-budaqlarıdırlar, mənşəyimiz birdir və çoxlu ortaq dəyərlərimiz var. Azərbaycan və Türkiyə cəmiyyətləri üçün isə tarix, ənənələr xalqlarımızın qürur mənbəyidir. Biz ənənəvi, müəyyən mənada mühafizəkar cəmiyyətlərdə yaşayırıq və bunu özümüzün üstünlüyümüz sanırıq. Qərbin ayrı-ayrı ölkələrində gənclərin həyatında nələrin yaşandığının fərqindəyik. Müşahidə edilən mənəvi deqeradasiya ürək ağrıdır. Baş verənlər milli dövlətlər və xalqlar üçün mühüm çağırışlar yaradır.  Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsi bu sahədə ötən dövrdə əsası qoyulan ənənələrə və təcrübəyə əsaslanır. İndiyədək Türkiyənin respublikamızda bir sıra təhsil müəssisələri qurulub və uğurla fəaliyyət göstərir. Ötən illərdə əsası qoyulan ənənələr, yaradılan baza, həmçinin imzalanan sənədlər Azərbaycanla Türkiyənin təhsil sahəsində perspektiv əməkdaşlığının əsasını təşkil edir. Yaradılacaq birgə universitetin gələcəkdə aparıcı təhsil müəssisəsinə çevriləcəyinə əminliyini bildirən Prezident cənab İlham Əliyev “Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir”, – deyə vurğulayıb.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcəkdir

XXI əsrin Türk əsri olacağı barədə verilən proqnozlar özünü doğruldur. Son illərdə dünyadakı təxminən 200 milyon Türk soylu insanı sevindirən  əlamətdar hadisələr baş verir. Biz qərinələrə şahidlik etmiş Türk soyundan gələn xoşbəxt nəsilik ki, bir vaxtlar xəyal kimi hər birimizin qəlbində, düşüncəsində özünə yer edən Türk dövlətlərinin birliyi ideyasının reallığa çevrilməsinə şahidlik edirik. Əlamətdar haldır ki, bütün Türkdilli və Türkdilli olmayan ayrı-ayrı ölkələr – Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan dövlətləri böyük Türk birliyinin vahid platformada birləşməsinə qətiyyətli siyasi iradə ortaya qoyurlar. Artıq bu siyahıya Şimali Kipr Türk Cümhuriyyəti də qoşulub. Eyni zamanda, qeyd olunan ölkələrin cəmiyyətlərində də Türkdilli dövlətlərin birləşməsinə böyük istək var. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu günlərdə qardaş Türkiyəyə baş tutan uğurlu səfəri çərçivəsində dövlətimizin başçısı və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata verdikləri bəyanatlarında Türk Dövlətləri Təşkilatını  vahid ailə kimi səciyyələndiriblər.

Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşünün ünvanı uca dağlar qoynunda qərar tutan Şuşa şəhəri olacaq. Mətbuata verdikləri bəyanatlarda Prezidentlər cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cari ilin yayında Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-formal Zirvə görüşünün keçiriləcəyindən böyük məmnunluqlarını ifadə ediblər. Cari ildə Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirlməsi barədə qərar 2023-cü il noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Həmin toplantıda qəbul olunmuş Bəyannamədə Şuşada təşkil olunacaq Zirvə görüşü ilə bağlı ayrıca müddəa yer alıb. Ənənəyə görə, qeyr-formal görüşlər hər cür rəsmiyyədən uzaq daha səmimi aurada keçir. Belə görüşlərdə iştirakçıların hər biri öz mövqeyini ifadə etməkdə tam sərbəstdir. Bu isə qeyri-formal tədbirlərin rəngarəngliyini artırır. Həmçinin səmimi ortamda səsləndirlən cəlbedici ideyalar gələcək əməkdaşlığın yeni perspektivli istiqamətlərinin müəyyənləşməsində nəzərə alınır. Şuşanın Türk dünyası üçün önəmi yalnız mədəniyyət paytaxtı olması ilə məhdudlaşmır. Burada həmçinin Azərbaycanın və Türkiyənin dövlət başçıları tarixi Şuşa Bəyannaməsini imzalayıblar. Beləliklə, Şuşa  həm də Türk dünyasının kollektiv təhlükəsizliyinin əsası qoyulan şəhərdir.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın