22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

25 oktyabr – Qubadlı şəhəri günü

25 oktyabr – Qubadlı şəhəri günü

25 oktyabr – Qubadlı şəhəri günü

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayonun sahəsi 802 kvadrat kilometrdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. 1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. 1993-cü ilin avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır.

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr – Qubadlı şəhəri günü kimi müəyyən olub.

Hikmət Novruzov – Zərdab rayonu Alıcanlı kənd ümumi orta məktəbin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın