22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanın coğrafi mövqeyi və infrastruktur potensialı ölkənin Avrasiya bölgəsində əsas tranzit və logistika mərkəzinə çevrilməsinə ideal şərait yaradır

Azərbaycanın coğrafi mövqeyi və infrastruktur potensialı ölkənin  Avrasiya bölgəsində əsas tranzit və logistika mərkəzinə çevrilməsinə ideal şərait yaradır

Azərbaycanın coğrafi mövqeyi və infrastruktur potensialı ölkənin Avrasiya bölgəsində əsas tranzit və logistika mərkəzinə çevrilməsinə ideal şərait yaradır.

Azərbaycanın Respublikası müstəqilliyini yenidən qazandıqdan sonra beynəlxalq arenada sabitlik, əməkdaşlıq, çoxtərəflilik prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirməyə başlamışdır. Ölkəmiz beynəlxalq sammitlərdə fəal iştirak edərək regional sülhün qorunması və iqtisadi tərəqqinin təmin edilməsi istiqamətində önəmli işlərə imza atır. Respublikamızın 2019 – 2023 – cü illərdə Qoşulmama Hərəkatında uğurlu sədrliyi və digər qlobal forumlarda aktiv iştirakı, onun beynəlxalq arenada etibarlı tərəfdaş və sülhsevər dövlət kimi tanınmasına səbəb olub. Azərbaycan enerji təhlükəsizliyi, multikulturalizm və humanitar əməkdaşlıq sahələrində də dünya ölkələri ilə genişmiqyaslı əlaqələr quraraq nüfuzunu gücləndirir.

24 oktyabr 2024-cü ildə Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti qlobal səviyyədə əhəmiyyətli hadisə olaraq diqqət mərkəzindədir. BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) qrupunun “Outreach” və “BRICS+” formatları vasitəsilə genişlənməsi, inkişaf etməkdə olan və iqtisadi baxımdan böyük potensiala malik ölkələr arasında yeni əməkdaşlıq imkanlarını təmin edir. Azərbaycanın bu mötəbər tədbirdə iştirak etməsi və Prezident İlham Əliyevin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı ölkəmizin beynəlxalq aləmdəki fəallığını və yeni iqtisadi tərəfdaşlıq imkanlarını önə çıxarır.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın BRICS ölkələri ilə iqtisadi və strateji əməkdaşlığını inkişaf etdirmək səylərini, qlobal problemlərin həllində daha aktiv rol oynamağa hazır olduğunu nümayiş etdirdi.

Dövlət başçısı çıxışına, Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipini əsas tutaraq siyasət yeritdiyini iştirakçılara xatırladaraq başlayıb.

2019-2023-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxtərəflilik xüsusilə ön plana çıxmış və bu prinsip ölkəmizin xarici siyasətində aydın şəkildə təcəssüm olunmuşdur. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ölkənin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, təşkilatın institusional inkişafına da ciddi töhfələr vermişdir. Hərəkatın fəaliyyətindəki yeniliklər və müasir tələblərə uyğunlaşması Azərbaycanın dördillik sədrliyi dövründə daha da inkişaf etmişdir. Eyni zamanda, regional problemlərin həlli üçün təsirli mexanizmlərin hazırlanmasında Azərbaycanın rolu böyük olmuşdur. Bütün bu uğurlu təcrübə bu gün ölkəmizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində fəaliyyətinə kömək edir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın qlobal nəqliyyat marşrutlarında oynadığı rolu da vurğuladı. Azərbaycanın coğrafi mövqeyi və infrastruktur potensialı ölkənin Avrasiya bölgəsində əsas tranzit və logistika mərkəzinə çevrilməsinə ideal şərait yaradır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ölkəni beynəlxalq ticarət yollarının kəsişmə nöqtəsinə çevirib. Bu nəqliyyat dəhlizləri ölkəmizin strateji əhəmiyyətini daha da artırır. 2014 – cü ildə yaradılan Şərq-Qərb nəqliyyat dəhlizi Avropa və Asiya arasında ticarət əlaqələrinin inkişafını təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirir. Şimal-Cənub dəhlizi isə Azərbaycanın Rusiya və İranla nəqliyyat və iqtisadi əlaqələrini daha da möhkəmləndirir, bu da regionda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor

 

 

BRICS: Azərbaycan üçün yeni perspektivlər

Dövlət başçısı çıxışında gələn ay Azərbaycanda keçirilməsi planlaşdırılan COP29 Beynəlxalq İqlim Dəyişikliyi Konfransından da bəhs etmişdir. 200- ə yaxın ölkənin COP29 – un Azərbaycandan keçiriməsinə dair yekdil qərarı ölkəmizin qlobal problemlərin həllində apardığı uğurlu siyasətinin və beynəlxalq aləmdə ekoloji mövzularda aktiv iştirakının məntiqi nəticəsidir.

Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verən Azərbaycan eyni zamanda beynəlxalq hüququn qorunması, bir – birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət kimi önəmli prinsipləri yüksək səviyyədə dəstəkləyir. Ölkəmizin bu mövqeyi, Azərbaycanı dünyada daha sülhsevər bir mühitin qurulmasında önəmli bir tərəfdaş kimi tanıdır.

Oktyabrın 24-də 22 dövlət başçısının iştirak etdiyi XVI BRICS sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş də baş tutmuşdu. Görüş zamanı sülh gündəliyi, sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlər müzakirə olunmuş, ikitərəfli danışıqların davam etdirilməsi üçün hər iki ölkənin xarici işlər nazirlərinə göstərişlər verilmişdir.

Prezident İlham Əliyevin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında çıxışı, Azərbaycanın beynəlxalq səviyyədə öz mövqeyini daha da gücləndirmək və inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığını genişləndirmək istiqamətində əhəmiyyətli addım oldu. Cənab İlham Əliyevin bu mühüm tədbirdə iştirakı, Azərbaycanın BRICS+ formatında fəaliyyətinin regional və qlobal sabitlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığının göstəricisidir. Belə mühüm tədbirlərdə Azərbaycanın ən yüksək səviyyədə təmsil olunması, ölkəmizin xarici siyasətində yeni bir istiqamətin başlanğıcını ifadə edir və daha geniş əməkdaşlıq perspektivləri yaradır.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

BRICS+ formatı: siyasi dialoqu və beynəlxalq əməkdaşlığı gücləndirən platformadır

Prezident İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı onun illərlə apardığı dövlət siyasətinin növbəti dəfə bəyanı kimi əlamətdar və dəyərlidir. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu plenar iclasda da korrekt və dəqiqdir. Dövləti maraq və hədəflərinin istiqamətini açıq şəkildə sərgiləyir. Bunu həm də qürur və əzmlə bəyan edir ki, zənnimcə, bu mövqe və güc kontekstindən dayanıb danışmağa möhtərəm Prezidentin haqqı çatır. İlham Əliyev Azərbaycanın bütün dünyada söz sahibi olmasını vurğulayarkən və dövlətə qazandırdığı etimaddan bəhs edərkən konkret faktlardan çıxış edir. Bunu ilk növbədə, beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipi ilə əsaslandırır: “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib”. Ölkə başçısı uğurlu təcrübə kimi Qoşulmama Hərəkatındakı stabil mövqeni nümunə gətirir. “Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.

Əlbəttə, Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi uğurlu əməkdaşlığın faktları kimi böyük əhəmiyyət kəsb edir. Bura növbəti ayda reallaşacaq ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi də əlavə etsək, dövlətimizə olan etimadın səviyyəsi ancaq qürur doğura bilər. Prezidentin qeyd etdiyi kimi, “Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur”.

Əslində, BRICS+ platformasının prinsipləri elə ölkəmizin maraqlarına və ölkə başçısı İlham Əliyevin illərlə yürütdüyü siyasətin istiqamətinə tam uyğundur. İlham Əliyev dünyadakı sülhün bərqərar olması, kosmik nizamın yaradılması, bölgələrdəki münaqişələrin həlli üçün daim konstruktiv yanaşmalar sərgiləyən liderdir. Elə COP29-un keçirilməsi, yaşıl enerji ilə bağlı təşəbbüsləri onun ölkələr arasında dostluq münasibətlərinin qurulmasında, işbirliklərinin güclənməsində nə qədər maraqlı olduğunun sübutudur.

Artıq bu böyük tədbirə sayılı günlər qalıb. Bütün bəşəriyyətin iqlim təhlükəsizliyi üçün düşünülmüş bu konfrans həm də Azərbaycanın hekayəsidir. Bunu sülh hekayəsi də adlandırmaq mümkündür. Ona görə yox ki, keçirilmə qərarı 2023-cü ildə oktyabrın 15-də ölkə başçısının Xankəndidə ucaltdığı bayraq təntənəsindən az sonra reallaşıb. Həm də ona görə ki, bu, sülhsevər bir dövlətin və dövlət başçısının illərlə apardığı harmoniya işinin, xaosu kosmosa çevirmək missiyasının gəlib çatdığı mənəvi-siyasi gerçəklikdir: “Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək”.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Yeni reallıqlar mövqelərimizi daha da gücləndirir

Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. İkitərəfli və beynəlxalq təşkilatlarda əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə xüsusi önəm verən ölkəmizin qazandığı uğurlar göz qabağındadır. Tarixi Zəfərimizdən və suverenliyimizin bərpasından sonra Azərbaycanın beynəlxalq münasibətlərdə yeri və rolu daha da möhkəmlənib.

Prezident İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında ölkəmizin bu uğurlarını əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Azərbaycanın Qoşulmama Hərəkatı, eyni zamanda üzv dövlətlər ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin quruma sədrliyi dövründə gördüyü işlər, Hərəkatın bu gününə və gələcəyinə xidmət edən addımları təqdir edilir. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan üzv dövlətlərin dəstəyinim şahididir. Cənab İlham Əliyev quruma sədrliyimizin ilk günündən bu çağırışı etdi ki, Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, 44 günlük İkinci Qarabağ mühsribəsinin baş verdiyi və postmünaqişə dövrünə təsadüf etdi. Bütün dünya, Qoşulmama Hərəkatının üzvləri bir daha ölkəmizin ədalətin və beynəlxalq hüququn yanında olduğunun və atdığı addımları ilə təsdiqlədiyinin şahidinə çevrildi. Azərbaycan tarixi Zəfəri ilə ədaləti bərpa etdi, dünya güclərinin 30 ildə edə bilmədiyini edərək işğala son qoydu. Yeni reallıqlar qalib ölkə kimi Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirdi.

Cənab İlham Əliyev sözügedən Sammitdə Azərbaycanın beynəlxalq nüfuzunu artıran, çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu təsdiqləyən mühüm reallıqlardan biri kimi logistika mərkəzlərindən birinə çevrilməsindən bəhs etdi. Vurğuladı ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

 

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın