22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ölkəmizdə turizmin güclü potensialı var-Deputat Elnur Allahverdiyev

Ölkəmizdə turizmin güclü potensialı var-Deputat Elnur Allahverdiyev

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların ana xəttini qeyri-neft və qaz sektorunun inkişaf etdirilməsi təşkil edir. Hədəf dövlət büdcəsinin enerji daşıyıcılarının ixracından əldə edilən vəsaitdən asılılığını azaltmaq və ixracatda qeyri-neft məhsullarının çəkisini artırmaqdır. Bu istiqamətdə perspektivli sahələrdən biri turizmdir.
Ölkəmizdə turizmin güclü potensialı var. Proqnozlara görə, bu ildən etibarən göstəricilərdə artım olacaq. Ancaq turist axınını daha da artırmaq üçün nə etmək lazımdır?
Bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyətinə dair hesabatı çərçivəsində turizmin daha da cəlbedici olması məqsədilə təkliflə çıxış etdim:
– Pandemiyadan öncə ölkəmizə gələn turistlərin sayında ciddi göstəricilər qeydə alındı. Hazırda da açıqlanan proqnozlara görə, bu ildən etibarən çox böyük artım gözlənilir. Hesabatdan görürük ki, ölkəyə turistlərin cəlb olunması, ölkəmizin turizm cəlbedicliyinin xaricdə təbliği, bazanın yenilənməsi və s. istiqamətində işlər görülür. Bu kontekstdə bir məqama diqqətinizi yönəltmək istəyirəm. Ölkəmiz qədim memarlıq nümunələri, maddi mədəniyyət abidələri, tarixi tikililərlə zəngindir. Təssüf ki, onların heç də hamısı turist üzünə çıxarılası, əcnəbilərə nümayiş etdiriləsi halda deyil. Ciddi təmir-bərpa işlərinə ehtiyac var. Vətənimizin ucqar bölgələrində tarixi abidələrimiz var ki, yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalıb. Biz son 30 illik tariximizdə tarixi abidələrin əhəmiyyətini bir növ yenidən dərk etməyə başlamışıq. Düşmənin mənimsəmə cəhdləri ilə mübarizə aparırıq. Razılaşmalıyıq ki, bir çox hallarda Qarabağda, Şərqi Zəngəzurdakı qədim tarixi abidələrimizin düşmən tərəfindən özününküləşdirilməsinin bir səbəbi də bizim vaxtilə abidələrimizə etinasız yanaşmamız olub. Dövlətimizin üzərində böyük yükü nəzərə alsaq, xüsusilə də işğaldan azad olunmuş ərazilərimizdə miqyaslı təmir-bərpa işlərinin həyata keçirilməsi səbəbindən mümkündürmü ki, həmin abidələrin bərpasına könüllü şəkildə özəl sektor cəlb olunsun, yaxud dəvət edilsin? Məncə, bu, tarix qarşısında borcumuzu yerinə yetirmək baxımından əlamətdar olar, eyni zamanda, turizm potensialımıza töhfə verər.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın