22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Qazilərin psixoloji pasportları hazırlanmalıdır” – Psixoloq Rövşən Nəcəfov

“Qazilərin psixoloji pasportları hazırlanmalıdır” – Psixoloq Rövşən Nəcəfov

Psixoloq Rövşən Nəcəfov: “Postmüharibə dövrü psixoloji sindromdur. Müharibənin dəhşətləri insanlarda psixoloji gərginliklər yaradır və uzun müddət adamları müşahidə edir. Müharibə iştirakçısı olmuş şəxslər öz cəsarətlərinin ən yüksək zirvəsini görürlər. Daha sonra gördükləri zirvənin nə qədər qorxunc olduğunu düşünürlər”.

Qalib Ordunun qaziləri niyə intihar edir?

Bütün hallarda – səbəbindən asılı olmayaraq postmüharibə dövründə 36 qazinin intihar etməsi dəhşətli hadisədir. Sanki bu, ABŞ-da “Vyetnam sindromu”, Rusiyada “Əfqan sindromu” adı ilə tanış olan psixoloji problemdir, indi Azərbaycanda onun analoqu yaşanır. Bu cür problemlər isə peşəkar psixoloqların yardımı ilə həll edilir.

Psixoloq Rövşən Nəcəfov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O deyib ki, intihar fərdin ictimaiyyətə münasibətidir:”İntihar qərarı vermiş şəxsin psixologiyasında çoxlu cavabsız suallar formalaşır. Şəxs düşünür ki, intihar etmək onun çıxış yoludur və yaranmış mənzərə dəyişəcək. İnsanların problemə yanaşması fərqli olduğu üçün hər kəs çıxış yolunu da fərqli görür. Bəzən intiharın acizlik olduğu ifadə olunur, amma intihar etmək insan psixikasının acizliyi deyil, onun fikirlərinin əlacsızlığıdır. Əlacsızlıqla acizliyi eyni fikir kimi ifadə etmək uyğun deyil. İnsan intihar etməmişdən əvvəl intihar haqqında düşünür. İntihar insan beyninə fikir toxumu kimi əkilir və fikir olaraq cücərməyə başlayır. Şəxsin intihar edəcəyini bilmək və ya hiss etmək çətindir. Suisidal fikirləri olan insanın ancaq davranışlarını müşahidə edərək müəyyən etmək olar. İntihar halı şəxsin travmalarına bağlıdır. Psixoloji və fiziki travmalar keçirmiş şəxsdə PTSP (Post Travmatik Stress Pozuntusu) müşahidə edirik. Post Travmatik Stress Pozuntusu (PTSP) şəxsin mənəvi böhranına bağlıdır.

Postmüharibə dövrü psixoloji sindromdur. Müharibənin dəhşətləri insanlarda psixoloji gərginliklər yaradır və uzun müddət adamları müşahidə edir. Müharibə iştirakçısı olmuş şəxslər öz cəsarətlərinin ən yüksək zirvəsini görürlər. Daha sonra gördükləri zirvənin nə qədər qorxunc olduğunu düşünürlər. Faciələrin şahidi olmuş müharibə iştirakçılarının postmüharibə dövründə psixoloji seanslar almaqları vacibdir. Travma almış şəxslər hekayələrini başqaları ilə bölüşməkdən qorxurlar və zamanla keçəcəyini düşünürlər. Psixologiyada isə zaman onu travmasını gündəlik, yəni patoloji hala gətirir”.

R.Nəcəfovun fikrincə, post müharibə dövründə insanların mənəvi böhranlardan xilas olmağa ehtiyacı var: “Müharibə iştirakçısı olmuş şəxslərlə psixoloji keyslər hazırlanmalıdır. Müntəzəm olaraq qazilərə psixoloji dəstək göstərilməlidir. Qazilərin psixoloji pasportları hazırlanmalıdır və psixoloji ”Check-up” proqramları müəyyənləşdirilməlidir. Müharibə iştirakçısı olmuş şəxsin psixikasını “norma” olaraq qəbul etməməliyik. Psixikasının güclü olduğunu ifadə edən şəxsi də psixodiaqnostik testlərlə yoxladıqdan sonra “norma” dediyimizi müəyyən edə bilərik.

Cəmiyyət olaraq postmüharibə dövründə müharibə iştirakçıları ilə münasibətlərdə empatiya qurmalıyıq. Onların aqressiv davranışlarına həssaslıqla yanaşılmalıdır. Bəzən mülki insanların fikirləri müharibə iştirakçısı olmuş şəxsləri mənfi emosiyalara təhrik etmiş olur. Sosial şəbəkə platformalarında həssas mövzularda fikirlər ifadə edərkən ekranın digər tərəfində oturmuş insanların psixologiyasını pozmamaq lazımdır”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın