Bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar
Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri hazırda Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın müxtəlif bölgələrində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayır. Artıq Böyük Qayıdış proqramı başlayıb. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksəriyyət insanların bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi qürurvericidir. Bu Azərbaycan cəmiyyətində xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası hisslərini formalaşdırır ki, bunlar ölçüyəgəlməz hisslərdir. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə işlənib hazırlanmış Böyük Qayıdış Proqramının icra tempi göstərir ki, keçmiş məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaqlar. Azərbaycan dövlətinin siyasətinin əsas məqsədi işğaldan azad olunmuş əraziləri tezliklə bərpa edib, yurd həsrəti ilə yaşayan soydaşlarımızı bu yerlərə qaytarmaqdır. Bunun üçün bütün layihələr beynəlxalq standartlara uyğun hazırlanır. Xalqımızın qəhrəman övladlarının qanı bahasına işğaldan azad edilmiş torpaqlara qayıtmaq, bu müqəddəs torpaqları dirçəltmək, canlandırmaq, o yerlərdə yeni evlər tikərək, təsərrüfat yaradaraq daimi məskunlaşmaq məcburi köçkün həmvətənlərimizin mənəvi borcu, vətənə və ümumxalq dəyərlərinə sadiqliyinin təcəssümü kimi dəyərləndirilməlidir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov