Regional əhəmiyyətə malik olan əməkdaşlıq
Hər bir dövlətin dünya düzənindəki yeri və rolu ilk növbədə onun xarici siyasətini səciyyələndirən amillər, beynəlxalq və regional qurumlardakı fəaliyyəti, habelə demokratik dəyərlərə münasibəti ilə bağlıdır. Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında aparıcı dövlət kimi çıxış edən ölkəmiz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir. Məhz bunun nəticəsidir ki, dövlətimizin xarici siyasət kursunun nəticələri beynəlxalq miqyasda təqdir olunur. Belə ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə regional miqyaslı və böyük strateji layihələrin reallaşdırılıması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi məhz həyata keçirilən praqmatik xarici siyasətin pozitiv göstəricisidir. Bu gün Azərbaycan qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Buna zəmin yaradan əsas siyasi-strateji faktorlardan biri Azərbaycanın qlobal tribuna rolunu oynayan beynəlxalq qurumlarda uğurla təmsil olunmasıdır.
Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə paralel olaraq bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa və təhlükəsizliyə mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. “Əsrin müqaviləsi”nin imzalandığı dövrdən etibarən dünyada əsasən neft ölkəsi kimi tanınan Azərbaycan yaxın tarixdə atdığı addımlarla beynəlxalq aləmdə enerji təhlükəsizliyinin sanballı təminatçılarından biri kimi özünü təsdiq etdi.
Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq siyasi nüfuzunun güclənməsi region dövlətlərini respublikamızla əməkdaşlığa cəlb olunmasını şərtləndirir. Bu gün Qərb ölkələrinin müsbət beynəlxalq imicə malik Azərbaycanla əməkdaşlığa olan meyli, eləcə də, ölkəmizin milli, siyasi və iqtisadi maraqları zəminində respublikamızın Avropa məkanına inteqrasiyası daha sürətlə inkişaf etməkdədir. Paralel olaraq, Azərbaycanla Şərq ölkələri arasındakı əlaqələr də dinamik inkişaf tempinə malikdir. Bu, bütün sahələri – iqtisadi, siyasi, mədəni, humanitar və s. istiqamətləri əhatə edir. Belə ki, Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur, eyni zamanda, digər Şərq ölkələri ilə də ikitərəfli və çoxtərəfli formatda mövcud olan qarşılıqlı-faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Qısası, Azərbaycanın praqmatik mövqeyinin fonunda Şərq ölkələri ölkəmizi etibarlı tərəfdaş və sıx münasibətlərə malik müttəfiq kimi qiymətləndirirlər.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Bu gün Azərbaycan öz gücünə arxayın olan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda təcrübəli bir regional amildir. Bir sözlə, müstəqil xarici siyasət kursu, mötəbər beynəlxalq qurumlarda uğurlu təmsilçilik Azərbaycanın regional güc mərkəzi kimi nüfuzunu gücləndirmiş və sarsılmaz mövqeyini təmin etmişdir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva