08.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Zəfərimiz qürurumuzdur”

“Zəfərimiz qürurumuzdur”

Uğurlu əks-həmlə əməliyyatının ilk saatlarından düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusu günortadan sonra Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etdi.

“Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad etdi. Bu xoş müjdəni tvitter hesabından xalqımıza çatdıran dövlətimizin başçısı kəndin tarixi adını da bərpa edərək onu Suqovuşan adlandırdı.

Ordumuz oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut qəsəbəsini düşməndən təmizlədi. Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini əməliyyatların ilk günlərindəcə darmadağın edən rəşadətli ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı. Oktyabrın 18-də – Müstəqillik Günündə Azərbaycanın üçrəngli bayrağı qədim Xudafərin körpüsünün üzərində dalğalanmağa başladı. Bundan iki gün sonra – oktyabrın 20-də isə Zəngilan şəhəri işğaldan azad olundu. Oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycanın İran ilə dövlət sərhədi tam nəzarətə götürüldü. Ordumuz oktyabrın 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini azad etdi. Oktyabrın 28-dən noyabrın 7-dək olan müddətdə 53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan Ordusunun növbəti hədəfi qədim Şuşa şəhəri idi.

Qəhrəman ordumuz Azərbaycanın və dünya hərb tarixinin şanlı səhifələrindən birini təşkil edən çətin Şuşa əməliyyatını uğurla başa çatdıraraq 8 noyabr bu şəhəri işğaldan azad etdi. Qəhrəman əsgər və zabitlərimiz Şuşaya Qarabağın sıx meşələrində onlarla kilometr uzunluğunda yeni yol açdı. Sonradan Müzəffər Ali Baş Komandanımız tərəfindən Zəfər yolu adlandırılacaq bu yolla hərəkət edən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırım qayalarına dırmaşaraq, yaralı döyüş yoldaşlarını çiyinlərində daşıyaraq bir neçə istiqamətdən şəhərə daxil oldular. İşğaldan azad edilmiş Daşaltı kəndindəki hərbi bölmələrin atəş dəstəyi ilə Azərbaycan Ordusunun dağ piyadaları qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın otuz ilə yaxın həsrətlə gözlədiyi bu şad xəbəri Azərbaycan vətəndaşlarına noyabrın 8-də sübh tezdən Şəhidlər xiyabanından çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq… Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Şuşanın azad edilməsi Ermənistan ordusunun müqavimət gücünü tamamilə sarsıtdı. Nəticədə bu əməliyyatdan bir gün sonra – noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın