30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi. Müharibədəki ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi. Beləliklə, Azərbaycan olduqca mürəkkəb beynəlxalq münasibətlər sistemi şəraitində öz gücü – qüdrəti ilə münaqişəni həll etdi, işğal faktını aradan qaldırdı, separatizmin məhvinə nail oldu. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı”.
Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə nail olmaqla tarix yazdı, dünyada yeni nümunə yaratdı. Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı diqqətə çatdırdığı kimi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etməsi, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır. Regionda yeni reallıqlar yaradan Azərbaycanın qarşısında mühüm strateji vəzifələr durur. Bu kontekstdə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə postkonflikt mərhələsində bərpa-quruculuq işlərinin həyata keçirilməsi, bölgədə yeni nəqliyyat dəhlizinin yaradılması – kommunikasiya xətlərinin bərpası, sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin gücləndirilməsi istiqamətində mühüm təşəbbüslər çıxış edir, yüksək fəallıq nümayiş etdirir. Ən əsası, dövlətimizin gücünün, xalqımızın həmrəyliyinin ifadəsi olan “Dəmir yumruq” öz yerindədir.
Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Jalə Kərimli