22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü

44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü

Azərbaycan xalqı 30 ilə yaxın işğal olunmuş torpaqlarımızın həsrəti ilə yaşadı. Dövlətimiz bu illər ərzində hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıraraq məsələnin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh və danışıqlar yolu ilə həllinə səy göstərsə də, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti hər hansı bir müsbət nəticənin əldə olunmasına imkan vermədi. Ermənistanın növbəti hərbi təxribatları ilə başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi isə problemi kökündən həll edərək 30 ilin ədalətsizliyinə son qoydu, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edildi. Şübhə yoxdur ki, İkinci Qarabağ müharibəsi böyük Zəfərimiz kimi tarixdə əbədi qalacaq. Azərbaycanın şanlı Qələbəsi, Ermənistanın biabırçı kapitulyasiyası nəticəsində Kəlbəcər, Laçın və Ağdam rayonlarının hərbi əməliyyatlar aparılmadan işğalçılardan azad edilməsi isə müharibələr tarixində çox az təsadüf olunan unikal hadisələrdən biri kimi dünya tarixində yer alacaq.

Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan rəşadətli Azərbaycan Ordusunun uğurları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, xalqına və torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. Döyüş əməliyyatlarında ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması Qələbənin başlıca amilləri olmaqla Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilsə də, icra mexanizmi “unudulan” qətnamələrin yerinə yetirilməsini reallaşdırdı. Prezident İlham Əliyev məlum nitqində bu məqamlara xüsusi diqqət yönəldir.

Müstəqilliyimizin ilk illəri çağdaş tariximizə faciələrlə dolu dövr, qara səhifə kimi yazılsa da, 1993-cü ildən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan dövr Azərbaycana tarixi Zəfəri yaşatdı. Bu gün bu Qələbəmiz yeni reallıqlar yaratmaqla ölkəmizin qarşısında geniş imkanlar açır.

Artıq dərsliklərdə torpaqlarımızın işğaldan azad olunması tarixləridə öyrədiləcək. Lakin qan yaddaşımızı da unutmaq olmaz. Torpaqlarımızın işğal tarixi də qələbə tarixi də gələcək nəsillərə öyrədilməli, bu zəfərin neçə neçə oğuların qanı ilə yazıldığı aşılanmalıdır. Çünki tarixi unutmamalıyıq, əgər tarixi unutmuş olsaydıq zəfər də çala bilməzdik. Torpaq – uğrunda ölən varsa Vətəndir. Acı da olsa gerçək budur ki, heç bir qələbə qansız tarixə yazılmır. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, “biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. 44 gündə əldə edilmiş qələbə hərbçilərimizin peşəkarlığı və qəhrəmanlığı hesabına qazanılıb.”

44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirmişdir. Necə deyərlər “el bir olsa dağ oynadar yerindən”. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir Yumruq” əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

  Zərdab rayon Çallı   kənd tam orta məktəbin müəllimi- Vahidli Aydan

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın