21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir

Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir

Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir.

Müstəqil Azərbaycan, müstəqil Qazaxstan ulu əcdadlarımızın arzusu, bugünkü nəsillər üçün qürur qaynağı, gələcək nəsillər üçün müqəddəs əmanətdir. Tariximizə nəzər salsaq, Qazaxstan-Azərbaycan münasibətləri əslində çox böyük dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Mehriban qonşuluq münasibətlərinin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu ənənə bu gün də uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbəri kimi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşü 1994-cü il oktyabrın 19-da türk dövlətləri başçılarının ikinci Zirvə görüşündə baş tutub. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirmək barədə qərar qəbul edilib.

Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır. Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Beynəlxalq müstəvidə qarşılıqlı dəstək

Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Səfər çərçivəsində Azərbaycan üçün mühüm əhəmiyyətə malik olan Orta Dəhlizlə bağlı da vacib qərarlar qəbul edildi. Belə ki, Şərq-Qərb istiqamətində vahid nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması və Orta Dəhliz vasitəsilə bütün infrastrukturların birləşdirilməsi haqqında razılıq əldə olundu.

Cənab Prezidentin Qazaxstan Respublikasına səfəri və səfər çərçivəsində qəbul olunan qərarlar türk dünyasının, türk dövlətlərinin hərtərəfli inteqrasiyasına, milli və mədəni bağlarının daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycan Prezidentinin dünyadakı nüfuzu onu göstərir ki, Azərbaycan türkdilli ölkələrlə, xüsusilə qardaş ölkələrlə münasibətlərə çox böyük önəm verir. Bu gün də biz Qazaxstanla olan münasibətlərimizdə müsbət tendensiyanın şahidi oluruq. Biz inanırıq ki, bu münasibətlər gələcəkdə də ən yüksək səviyyədə inkişaf edəcək. Xalqlarımızın, ölkələrimizin rifahı üçün çox böyük addımlar atılacaqdır. Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdiririk

2023-cü ilin Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir. Vaxtı ilə Türk Dünyası deyəndə ancaq Türkiyə Cümhuriyyəti göz önünə gəlirdisə, 1990-cı illərdə SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan bi birliyi daha da fəallaşmasına səbəb oldu. Uzun müddət inkişaf yolu keçən bu ölkələr dünyanın həm siyasi xəritəsində, həm də iqtisadi münasibətlər sistemində özünə yer edə bildi. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda yeni geosiyasi vəziyyətin yaranmasına gətirib çıxardı. İldən – ilə bu ölkələr arasında ikitərəfli və həmçinin çoxtərəfli əlaqələr inkişaf edərək bu gün özünün ən yüksək səviyyəsinə çatmışdır. Əlbəttə ki, bu dövlətləri ümumi tarix və mədəni köklər birləşdirməklə yanaşı, eyni zamanda, sıx iqtisadi və siyasi maraqlar da çox önəmli maraq kəsb edir. Qeyd etmək lazımdır ki, Azərbaycan strateji baxımdan Mərkəzi Asiya üçün Avropa bazarlarına gedən yolu təmin edir. Son illər dünyada baş verən siyasi proseslər və Rusiya-Ukrayna müharibəsi Mərkəzi Asiya ölkələrinin önəmini daha da artırmışdır. Hazırda bir sıra güclər, yeni aktorlar Mərkəzi Asiyaya diqqət göstərir. Bu mənada Türk Dövlətləri Təşkilatı aktiv fəaliyyəti ilə diqqət çəkir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. Ölkə başçısının bir-birinin ardınca Tacikistan və Qazaxıstan səfərləri bunu bir daha təsdiq edir. Dövlət rəhbərlərinin birgə səyləri nəticəsində son illərdə Qazaxıstanla Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb etmiş, siyasi, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıqlar daha da aktivləşmişdir. Prezident cənab İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı qeyd etdi ki,”Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik. Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir”.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Əmtəə dövriyyəsi milyard dollara çatmalıdır

Azərbaycan-Qazaxıstan münasibətlərin əsasını xalqlarımız arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Lakin, eyni zamanda, bu günün tələbidir. Cənab İlham Əliyevin vurğuladığı kimi, ”Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”. Hazırda dünyada, o cümlədən, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər regional təhlükəsizliklə bağlı məsələlər, həmçinin, nəqliyyat, logistika, energetika, ekologiya, humanitar əməkdaşlıq və digər sahələr üzrə əlaqələri daha da möhkəmləndirmək zərurətini yaradır. Son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha da dərinləşmişdir. Səkkiz ay bundan əvvəl iki ölkə strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzalamışdı. Bugünkü görüş zaman İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət edən Ali Dövlətlərarası Şuranın təsis edilməsi mühüm qərar oldu. Bu gün imzalanmış bir sıra yeni sazişlər bizim çoxşaxəli tərəfdaşlıq üçün əlavə imkanlar yaradacaqdır.

Qazaxıstan və Azərbaycan ticarət-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir. Belə ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxındır, lakin, əlbəttə ki, ticarət-iqtisadi tərəfdaşlığın potensialının artırılması nəzərdə tutulur. Həmçinin, Azərbaycan və Qazaxıstanın müvafiq strukturlarının əlaqələndirilmiş şəkildə fəaliyyəti iqtisadi kooperasiyanı keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcəkdir. Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, belə adlandırılan “Orta Dəhliz”in potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. 2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir. Ölkələr arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə olunan məsələlər sırasındadır. Hazırda Qazaxıstan üçün enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi prioritetdir. Artıq Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilmişdir.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

Dostluq rəmzi

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkürünü bildirən ölkə başçısı cənab İlham Əliyev bildirdi ki,” Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”. Azərbaycan bütün platformalarda sülhün və təhlükəsizliyin təmin olunması, münasibətlərin normallaşması üçün fəal iş apardığını bəyan edir və bunu real addımlarla göstərir. Bütövlükdə qeyd etmək lazımdır ki, ölkə başçısının Qazaxıstana rəsmi səfəri iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töfhədir.

Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib .Prezident cənab İlham Əliyevin Qazaxstana rəsmi səfəri çərçivəsində Astananın mərkəzində Ulu öndər Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim

 

 

Ulu Öndər ən mürəkkəb dövrdə Azərbaycana rəhbərlik etdi

Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Məlum olduğu kimi, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. Eyni zamanda, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi. Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin Sədri seçilməsinədək olan mərhələdə daha da kəskinləşdi. Ali Sovetin Sədri seçilən Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi və muxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Beləliklə, ilk növbədə milli dövlətçilik ənənələri bərpa edildi: Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Bununla yanaşı, “1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi. Beləliklə, siyasi fəaliyyətinin Naxçıvan dövründə Ümummilli Lider Heydər Əliyev gördüyü işlər, atdığı səmərəli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Eyni zamanda, ölkədə gərgin və böhranlı vəziyyətdə xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi ulu öndər Heydər Əliyevə bağlamışdır. Ölkədə 1993-cü ilin iyun hadisələri zamanı hətta ozamankı hakimiyyət də ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuş, xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ulu Öndər Heydər Əliyev Bakıya qayıtmışdı. Beləliklə, 1993-cü il iyunun 9-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıtdı, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi tarixi missiyasını həyata keçirməyə başladı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşdü.

1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi.  Beləliklə, Azərbaycan demokratik inkişaf yolunda uğurla irəlilədi, mühüm nailiyyətlər qazanıldı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Bunlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı. Ölkəmiz beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələr quruldu. Bütövlükdə, milli maraqlara əsaslanan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, Azərbaycan etibarlı tərəfdaş kimi tanınmasını təmin etdi.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın